Quantcast
Channel: Şəxsiyyətlər - Karabakhmedia.Az
Viewing all articles
Browse latest Browse all 135

Hacı Zeynalabdin Əliyev – 160

$
0
0
Hacı Zeynalabdin Əliyev – 160

Hacı Zeynalabdin İsmayıl oğlu Əliyev 1858-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017) adlı monoqrafiyam əsasında hazırlanmışdır. O, soy-kök etibarilə Seyidli kəndinin Kərbəlayi Miralılar nəslindəndir. Kərbəlayi Miralılar nəsli Seyidli kəndinin sayılıb-seçilən nəsillərindən biridir. Din xadimləri, tacirləri ilə tanınmış nəsil öz adını Kərbəlayi Mirəlinin adından almışdır. Kərbəlayı Mirəli XVIII əsrin ortalarında anadan olmuş, mükəmməl dini təhsil almış, zəmanəsinin savadlı, müdrik din xadimlərindən sayılmışdır. Kərbəlanı ziyarət etdiyi üçün Seyidli kəndində Kərbəlayi Mirəlı adı ilə tanınmışdır. Kərbəlayi Mirəlı 1826-cı ildə vəfat etmişdir.

Hacı Zeynalabdin Əliyevin atası İsmayıl (1818-...) Kərbəlayi Mirəlinin oğludur. İsmayıl da atası kimi dövrünün oxumuş, savadlı insanlarından sayılmışdır.

Hacı Zeynalabdin Əliyevin həyatı və fəaliyyətinə aid təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. Onun adını ilk dəfə uşaq ikən ana babam Məmməd Məmmədovun (1917-1990) söhbətlərindən eşitmişəm. Tanınmış maarif xadimi, müdrik el ağsaqqalı ana babam Məmməd Məmmədov Hacı Zeynalabdinin əmisi Ağamalının (1808-1848) kötücəsidir. Babam Hacı Zeynalabdini rəhmətlə xatırlardı. Məmməd babamın söhbətlərindən bilirdim ki, Seyidli kənd sakinləri ona hörmət əlaməti olaraq “Hacı əmi” deyə müraciət edərdi.

Hacı Zeynalabdin Əliyev mükəmməl dini təhsil almış, ərəb, fars dillərini, şəriət elmlərini öyrənmişdir. Məşhəd və həcc ziyarətində olmuşdur.
Hacı Zeynalabdin Əliyevin Qarabağda qoşa dəyirmanı, dükanları, karvansaraları, geniş torpaq sahələri, meyvə bağları olmuş, tacir kimi tez-tez şərq ölkələrinə səfərlər etmişdir. Varlı insan olduğu üçün şərq ölkələrində onun böyük nüfuzu var idi. 1920-ci ildə Hacı Zeynalabdin Əliyevin şəxsi kapitalı 7 milyon yarım manata çatırdı.

Hacı Zeynalabdin Əliyev sələflərindən xələflərindən ötürülən məlumatda alicənab, ağayana, xeyirxah, səxavətli şəxs kimi xatırlanır. O, kasıbların, kimsəsizlərin himayadarı sayılmış, evi hər zaman ümüdini itirmiş insanların üzünə açıq olmuşdur. Xeyriyyəçilik fəaliyyətinə görə, o, Qarabağın mesenatlarından sayılmışdır. Onun məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının Həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevlə şəxsi tanışlığı, səmimi münasibəti olmuşdur.

Hacı Zeynalabdin Əliyev Çar Rusiyası dövründə ölkənin ictimai həyatında yaxından iştirak etmiş, Bakı şəhər dumasına üzv seçilmişdir. O, Azərbaycanın mütərəqqi fikirli ziyalıları ilə dostluq etmişdir. Görkəmli yazıçı, dramaturq, ictimai xadim Əbdürrəhim bəy Haqverdiyev də onun dostları sırasında idi.

Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan müstəqilliyini itirdikdən sonra ölkədə kütləvi repressiyalar aparıldı, neçə-neçə dəyərli insanlar incidildi, təqib edildi. Hər zaman tutulmaq təhlükəsi ilə yaşayan dəyərli insanlar sırasında Hacı Zeynalabdin Əliyev də var idi. Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Əliyevin bütün var-dövləti əlindən alınmış, özü isə həyatının sonuna kimi yeni hökumətin yerli nökərlərinin təzyiqləri ilə yaşamalı olmuşdur. O, 1936-cı ildə vəfat etmiş, Seyidli kəndinin “Qaraağacı” qəbirstanlığında torpağa tapşırılmışdır.
Hacı Zeynalabdin Əliyev Zəhra xanımla ailə həyatı qurmuş, Ələsgər, Ələkbər, İsmayıl adlı oğlanları, Bənil, Durna adlı qızları dünyaya gəlmişdir.

Bu il Hacı Zeynalabdin Əliyevin anadan olmasının 160 illik yubileyi tamam olur. Bakı şəhər dumasının üzvü, Qarabağın mesenatı Hacı Zeynalabdin Əliyevin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.

Orxan Zakiroğlu (Baharlı)


Viewing all articles
Browse latest Browse all 135

Trending Articles


Bürclərdən Acıqlı Ayrılıq Sözləri


Nootroplar nədir?


Ali hisslər


Cadu və nəzəri yumurta ilə necə çıxartmaq olar?


Açıq testlər


Yalnız mənimsən


Üslub və üslubiyyat


Bürclərin Ənləri


İnsan olmaq sadecə vicdan işidir - Yazılı Şəkillər


Unutma Yazılı Şəkillər (106)