November 6, 2018, 2:26 am
Üç dəfə həbs olundu, sürgünə göndərildi...
Mirmehdi Ağaoğlu
Proloq
Əməkdar rəssam Ələkbər Rzaquliyevi repressiya dalğasının ilk qurbanlarından saymaq olar. Sovetlərin ən alovlu müdafiəçilərindən və ilk komsomollardan olsa da, “qırmızı imperiyanın” edam kötüyünə də ilk yatırılanlardan oldu.
Ələkbər uşaq olanda belə “edam” səhnələrini çox görmüşdü. Tez-tez atasının qəssab işlədiyi ət dükanına baş çəkərdi. Ancaq balaca uşaq nə bilsin ki, bir zaman gələcək, tarixin ən qəddar imperiyalarından biri olan bolşevik hakimiyyəti doğulub boya-başa çatdığı vətən torpaqlarını təkcə idelogiyanın deyil, qanın da qırmızısına bürüyəcək. İmperiyanın zəli kimi sümürdüyü insan talelərindən biri də Rzaquliyevin olacaq. Ömrünün ən gözəl 25 ilini həbs və sürgünlərdə keçirəcək.
Ət dükanındakı rəssam
Ələkbər Rzaquluzadə 1903-cü ildə İçərişəhərdə doğulmuşdu. Atası qəssab işləyirdi. Balaca Ələkbər tez-tez atasının ət dükanında çalışar, bekar qalan kimi “Molla Nəsrəddin” jurnalında gördüyü rəsmlərin təsiri ilə bükmə kağızlara İçərişəhərin küçələrini – qoçuları, müxtəlif sənət adamlarını, çarşablı qadınları, çərkəzi paltardakı bəyləri, şapkalı-kostyumlu intellegentləri - köçürərdi. Ət bükülən bu kağızlarda dərin sənət axtarışları aparmaq yersiz idi, Ələkbər özü də bu rəsm nümunələrinə adi əyləncə kimi baxırdı. Ancaq illər ötəndən sonra Ələkbərin Bakı küçələrində gördüyü mənzərələr onun yaddaşından silkinib çıxacaq, “Köhnə Bakı” silsiləsini əmələ gətirərək rəssamı şöhrətləndirəcəkdi.
...1920-ci ildə Azərbaycanın XI Qırmızı Ordu tərəfindən işğalı Ələkbərin də həyatına təsirsiz ötüşmür. Bolşeviklərin dilinə aldanan Ələkbər (başqa yolmu vardı!) inqilabi hərəkatın qatı tərəfdarına çevrilir və 1920-ci ildə birincilər sırasında Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv olur. Çalışqanlığı, bacarığı sayəsində isə 1922-ci ildə Kommunist Partiyasının üzvü seçilir. Bir müddət sonra isə onu Ali Bədii-Texniki Emalatxanalarda (VXUTEMAS) təhsilini davam etdirmək üçün Moskvaya göndərirlər.
Moskvadakı xoşbəxt rəsam
Moskvananın yaradıcı mühiti gənc Ələkbər üçün yeni dünya açır. Özünü möcüzələr diyarında hiss edən gənc rəngkar avanqard rəssamların yeni bədii dil axtarışlarının şahidi olur, bu axtarışların iştirakçısına çevrilir. Yüksək sənət və istehsal incəsənətini birləşdirmək cəhdləri VXUTEMAS-ı nəhəng eksperimentlər məkanına çevrilmişdi. Orada hər bir insan bitib-tükənmək bilməyən novatorluq istəyi, yaradıcılıq axtarışları ilə dolu idi. Ələkbər də bu gənclərdən biri idi.
O, səhərdən-axşama qədər emalatxanada çalışır, dövrün tanınmış rəssamlarının dəsti-xəttini öyrənir, onlardan dərs alır, realizmdən tutmuş kubizmə qədər özünü müxtəlif janrlarda sınayır. Bu zəhməti və çalışqanlığı sayəsində Ələkbər əsərləri Moskvada sərgilənən ilk rəssam olur.
Ə.Rzaquliyev Moskvada olduğu dövrdə böyük sənətkarlardan dərs alır, Mayakovskinin çıxışlarını dinləyir, Nazim Hikmətlə münasibət qurur.
Nə xoşbəxt imişəm, bir zaman Allah
Xəbərim olmayıb bu səadətdən.
Əli Kərimin misraları ilə desək, Moskva həyatı Rzaquliyev ömrünün ən xoşbəxt illəri idi. Rəssam bu həqiqəti çox sonralar biləcəkdi. İndisə öyrəndiklərini tətbiq etmək üçün qayıtmaq zamanıdır.
Ancaq onu doğma vətəndə nə gözlədiyindən xəbərsizdir.
Rəsulzadənin portretinə görə güllələnmə
1928-ci ildə Bakıda gənc Azərbyacan rəssamlarının ilk sərgisi açılır. Sərgidə Rzauliyevin rəngkarlıq və qrafika nümunələri nümayiş edilir. Həmin sərgidən yalnız iki əsər “Azərbaycan qadını” və “Pəhləvanlar” gümünüzə qədər gəlib çatıb.
Sərginin ertəsi günü, 30 iyul tarixində Ə.Rzaquliyev həbs edilir. Üç ay davam edən istintaq müddətindən sonra haqqında ölüm hökmü çıxarılır. Daha sonra ittiham dəyişdirilir, əvvəl səkkiz il azadlıqdan məhrum edilir, sonra həbs müddəti beş ilə endirilir. Bu, Rzaquliyevin birinci həbsi idi.
Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Ə.Rzaquliyev haqqındakı məqaləsində onun şəxsi işindən bir hissəni paylaşır. Şəxsi işin materiallarında belə yazılıb:
“Rzaquliyev aktiv müsavatçılar İsrafilov Nəsrulla və Əliyev Ağakərimin ideyalarının təsiri altında hələ 1920-ci ildə birincinin xahişi ilə Müsavat Partiyasının sabiq lideri Məmməd Əmin Rəsulzadənin portretini çəkməkdə və onu İsrafilova ötürməkdə təqsirli bilinir. Bunda əlavə, İsrafilov həbs edildikdən və sürgün olunduqdan sonra onunla yazılı əlaqə saxlayıb və maddi köməklik göstərmişdir. 1927-ci ilin yayında Əliyev Ağakərimdən Rəsulzadənin kitabını və Müsavat Partyasınının qeyri-leqal bəyannaməsini əldə edərək onları başqa işə görə ittiham olunmuş məhkum Quliyev İbrahim ilə birlikdə oxumuşdur. Nəhayət, Əliyev Ağakərimin tapşırığı və İ.Quliyevin iştirakı ilə sink üzərində Müsavat Partiyasının qeyri-leqal “İstiqlal” jurnalı üçün başlıq hazırlamışdır”.
Ə. Rzaquliyev Sovet hökümətinin qorxusunu təpədən-dırnağa qədər canında hiss edənlərdən idi. Onun üçün “yerin də qulağı var” ifadəsi həqiqi məna daşıyırdı. Bu səbəbdən də həbsi barədə heç zaman danışmazdı.
İttiham mətnindən belə çıxır ki, Rzaquliyev hələ yeniyetməlik vaxtında, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqına üzv olduğu illərdə Rəsulzadənin portretini çəkib. Bəlkə də bunu bir gənclik səhvi, düşüncəsiz hərəkət kimi qəbul etmək olardı. Ancaq Rzaquliyevin dostu İsrafilovla həbs olunub sürgünə göndərildikdən sonra da əlaqəsini kəsməməsi, onunla yazışması, maddi köməklik göstərməsi və 1927-ci ildə Moskvadan qayıtdıqdan sonra da Rəsulzadənin kitabını əldə edib oxuması, “İstiqlal” jurnalının başlığını hazırlaması göstərir ki, rəssam bu işləri şüurlu şəkildə, bilərəkdən edibmiş. Əslində isə kommunizm sıralarına qoşulması sadəcə gözdən pərdə asmaq üçünmüş, heç VXUTEMAS-dakı təhsil zamanı da bolşeviklər “beynini yuya bilməyiblər”, Rzaquliyev içində ADR məhəbbətini həmişə saxlayıb. Əks halda, Moskavadan qayıtdıqdan sonra niyə Rəsulzadənin kitabını əldə edib oxusun, müsavatçıların sifarişlərini yerinə yetirsin?!
Təbii ki, bunlar fərziyyədir. Rzaquliyev özü bu fikirləri heç vaxt dilə gətirməyib. Kommunizm ideyalarına sadiq olduğunu hər zaman nümayiş etdirib. Axı, necə dilə gətirəydi? Uşaqları xatirələrində danışırlar ki, evdə qazan düşən kimi səksənib, tez kreslonun üstünə sıçrayarmış. Onun həbs və sürgündə yaşadıqları sağalmaz xəstəlik kimi heç zaman canından çıxmadı.
Qara, tünd qara boyalar
Haqqında çıxarılan ölüm hökmü həbslə əvəzləndikdən sonra Ələkbər Rzaquliyev Rusiyanın şimalına – ruhanilərin, ağqvardiyaçıların, ziyalıların sürgün oldunduğu Xüsusi Təyinatlı Solovki Düşərgəsinə (SLON) göndərilir. O, ömrünün beş ilini burda, Solovki adalarında keçirir.
Aclıq və zalalət dolu günlər bir-birini əvəz edir. Ələkbər yeməyə bir şey tapmayanda isə qayalıqlarda yuva qurmuş quşların yumurtaları ilə qidalanır. Bunu görən ruhanilərdən kimsə ona monastrda sığınacaq verir. Ə.Rzaquliyev sonralar Solovki adalarından bəhs edən linoqravüralarındakı monastr, kilsə təsvirləri ilə sanki öz minnətdarlığını ifadə edəcəkdi.
Qəribədir ki, Ə.Rzaquliyevin nə SLON-dakı həbs müddəti, nə də sonrakı sürgün illərinin ağrı-acıları, məhbusların dözülməz iş şəraiti, məhrumiyyətlər əsərlərində əks olunub. Əvəzində onun sonradan bu illərdən bəhs edən əsərlərində monastrlar və meşə təsərrüfatçılığı sahəsinə adi səhnələr təsvir yer alıb. Ağır sürgün illərinin əzabını yalnız o linoqravürlərin qətran kimi tünd qara boyalarında duya bilərik. Bu, özü də rəssamın o dövrü “xoşbəxt” əks etdirməməkdən qorxduğunu göstərir.
İkinci həbs, ikinci sürgün
Ələkbərin həbs müddəti 1933-cü ildə bitir. Üç il Arxangelsdə qalıb orada rəssam kimi çalışır. Bu müddətdə evlənir və 1936-cı ildə Azərbaycana qayıdıb Gəncədə məskunlaşır. Onu doğma şəhərinə buraxmırlar. Rzaquliyevin dərdi təkcə bu olsa, nə vardı ki. Nəhs illər hələ bitməmişdi. 37-ci illərin repressiya qatarı artıq tam sürətlə işə düşmüşdü. Bu qatar Rzaquliyevi də sərnişin edəcəkdi.
Vətənə qayıdandan sonra Gəncə Dövlət Dram Teatrında işə düzəlsə də, teatrın rejissorunun donoslarına görə 1937-ci ildə təkrar həbs edilir. Bu dəfə on il müddətinə QULAQ (İslah Əmək Düşərgələri Baş İdarəsi) sisteminin ən böyük islah-əmək düşərgələrindən olan Vorkuta-Peçoraya göndərilir.
Berta ilə evlilik, don vurmuş barmaqlar
1947-ci ildə vətənə qayıdan rəssam ailəsini də özü ilə aparıb Şəkidə yaşayır. Lakin əsərlərindəki qara zolağın ömrünə də sirayət elədiyi rəssam sürgün bəlasından yenə də qurtula bilmir. Onun 1937-ci ildə açılmış işi yenidən qaldırılır və Rzaquliyev 1949-cu ildə bu dəfə Krasnoyarsk diyarına sürgün edilir.
Burada o, meşə təsərrüfatında çalışır. Aclıqdan və səfalətdən ölməmək üçün alman qızı Berta ilə evlənir. Soyuqdan iki barmağını don vurur.
1953-cü ildə Stalin ölür. Bir il ərzində həbs düşərgəsindən bir milyon insan azad edilir. Rzaquliyev də 1956-cı ildə vətənə qayıdır.
Ömrün 53-cü ilindəki xoşbəxtlik
O, Bakıda məskunlaşır. Yenidən Rəssamlar İttifaqına üzv olur, mənzil və emalatxana ilə təmin edilir.
Ömrünün 25 ili həbs və sürgünlərdə keçən 53 yaşlı rəssam yalnız indi dinclik tapmışdı. Ancaq həqiqətən belə idimi, bəlkə bu gördükləri illüziya idi, bir anın içində yenidən dağıla bilərdi. Axı kim təminat verə bilər ki, onu dördüncü dəfə sürgün etməyəcəklər?! Bəlkə buna görədir ki, repressiya illəri bitdikdən sonra belə Ə.Rzaquliyev yaradıcılığında sürgün mövzusuna, qaranlıq tərəflərinə müraciət eləmədi, onun ağ-qara boyalarında yalnız sovet əməkçi insanın xoşbəxt və məsud tərəfləri əks olundu.
Yerdə qalan ömrünü doğma vətəni olan isti cənub şəhərində keçirsə də şimalın buzu-şaxtası heç vaxt canını tərk etmədi. Son gününə qədər Rzaquliyevi gülən görmədilər, hər zaman səksəkəli bir həyat yaşadı.
Bununla belə öz iradəsindən dönmədi. 25 il ərzində yaxın düşə bilmədiyi doğma sənətinə yenidən qayıtdı. Rəssamlıq vərdişlərini bərpa etmək üçün qarşıda neçə baharı, neçə ili qalmışdı bilmirdi. Buna görə də rəssam gününün çox hissəsini emalatxanada keçirir, bəzən emalatxanadaca nahar edirdi. Sürgündə iki barmağını don vurduğuna görə fırçaya alışmaq rəssam üçün çox çətin idi. O, gənc avanqard rəssam, “Abşeron məktəbi”nin ən bariz nümayəndələrindən biri Rasim Babayevin də məsləhəti ilə linoqravüralara üstünlük verir. Beləliklə rəssam lünoqravüra üsulu ilə 200-dən çox əsər ərsəyə gətirir.
Gecikmiş şöhrət
Yuxarıda bəhs etdiyimiz kimi “Köhnə Bakı” silsiləsi bu illərdə yaranır. Rəssam inqilaba qədərki Bakının mənzərəsini, onun küçələrini, müxtəlif peşə sahiblərini, sənətkarlarını, sadə insanları əsərlərində canlandırır. Bu estamplarda “Molla Nəsrəddin” mətkəbindən gəlmə üslub hiss olunur. Ə.Rzaquliyev bir müsahibəsində miniatür sənəti ilə Əzim Əzimzadə üslubunu və müasir texnikanı birləşdirdiyini deyirdi.
Rəssam 60-cı illlərdə olduqca məhsuldar çalışır. Bölgələrə səfər edərək əməkçi insanların təsvirlərini köçürür. Beləliklə onun “Azərbaycan balıqçıları” silsiləsi yaranır.
Rəssam Ələkbər Rzaquliyevin çoxsaylı yaradıcılıq nümunələri əsasında mənim üçün ən təqdirəlayiq “Azərbaycan balıqçıları” silsiləsi, o cümlədən, kolxozçuların – tütünçülərin, pambığa gedən tələbələrin həyatını əks etdirən linoqravüralardır. Bu, linoqravüralar təkcə bədii-estetik baxımdan deyil, həm də məzmunca dəyərlidirlər. Bu əsərlərin hər biri özlüyündə əməkçi sovet insanının güzəranını, iş və məişət həyatını əks etdiri. Bu baxımdan Rzaquliyevin “Tələbələr pambığa gedir” 1966, “Neftayırma zavodu” 1964, “Çəlləklərin qeydi” 1962, “Çəlləklərin yüklənməsi və boşaldılması” 1965, “Balıqçı qadınlar çəlləklərlə” 1963 estampları xüsusilə vurğulanmalıdır.
Rzaquliyevin əsərləi bədii-estetik cəhəti ilə yanaşı sovet insanının həyatını əks etdirmək baxımından da maraqlıdır. Bu linoqravüraların hər biri sovet həyatı barədə böyük informasiya daşıyıcıdır.
Rəssam Cəfər Cabbarlının, Sabirin, Səməd Vurğunun və başqalarının portretlərini də yaradıb. Bu portretlər arasında xüsusilə Cəfər Cabbarlıya həsr olunmuş silsilə əsərlər hər biri bədii xüsuyyətləri ilə fərqlənirlər.
Rəssam Ələkbər Rzaquliyev ömrünün qalan hissəsini böyük zəhmət və iradə ilə çalışaraq itirilmiş 25 illinin yerini doldurmağa çalışır. İlk sərgisi açılır, “Azərbaycan balışçıları” və “Köhnə Bakı” silsiləsi 1967-ci ildə M.F.Axundov adına Respublika Dövlət mükafatına təqdim olunur.
Azərbaycan qrafika sənətinin banisi və klassiki hesab olunan rəssam 1974-cü ildə Bakıda vəfat edir.
Söz ardı
Xalqbank “Xalq əmanəti” layihəsini 2010-cu ildən həyata keçirir. Layihə çərçivəsində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunub və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı və üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” işıq üzü görüb.
Bu günlərdə “Xalqbank”ın təqdirəlayiq işləri arasına isə yeni bir əsər də daxil olub. Bu, Əməkdar rəssam Ələkbər Rzaquliyevin həyat və yaradıcılığını əks etdirən “Rəngkarlıq və qrafika” adlı bədii albomdur. Bu albomda rəssamın çox saylı sənət nümunələri əks olunub, həyatı haqqında geniş məlumat verilib. Bundan başqa sənətsevərlər Ələkbər Rzaquliyevin yaradıcılığına həsr olumuş sərgini ziyarət edə onun əsərləri ilə canlı-canlı tanış ola bilərlər.
Rəssamın əsərlərinin ekspozisiyası Xalq Bankın Əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar prospekti, 22L) fəaliyyət göstərilir. Sərgini iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.
Bu sərgini qaçırmayın. Məndən demək.
Karabkhmedia.az
Mənbə: aznews.az
↧
November 8, 2018, 12:46 pm
Görkəmli maarif xadimi Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyov 1893-cü ildə Şuşa qəzasının I Baharlı (indiki Ağdam rayonunun I Baharlı kəndi) kəndində anadan olmuşdur. Ata babam Cabbar bəy Vəlibəyov tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, dövlət, elm, mədəniyyət xadimləri ilə tanınan Baharlı tayfasının layiqli nümayəndəsidir. Qaraqoyunlu, Qütbşahlar dövlətlərinin qurucuları baharlılardır. Məqalə görkəmli maarif xadiminin anadan olmasının 125 illik yubileyi münasibətilə işıq üzü görmüş “Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbinin tarixi” (Bakı, 2018) adlı monoqrafiyam əsasında hazırlanmışdır.
Cabbar bəy Vəlibəyov ilk təhsilini ruhani məktəbində alaraq ərəb və fars dillərini, şəriət elmlərini öyrənmiş, sonralar Şuşa realnı məktəbini bitirmişdir. I Baharlı kəndindəki evində məktəb açaraq, 1913-cü ildə yeni tipli məktəbin əsasını qoymuşdur. Burada o, şagirdlərə şəriət elmlərini, ərəb və rus dillərini, tarixi, riyaziyyati, Azərbaycan ədəbiyyatını tədris etmiş, ehtiyacı olan yoxsulları dərs ləvazimatı ilə təmin etmişdir. Onun gözəl əl qabiliyyəti olduğu üçün istedadlı rəssam kimi də tanınmışdır.
Cabbar bəy Vəlibəyov Azərbaycan Xalq Cümhuriyyəti dövründə də müəllimlik fəaliyyətini I Baharlı kəndində açdığı məktəbdə davam etdirmişdir.
Cabbar bəy Vəlibəyov Sovet hakimiyyətinin ilk illərində bəy, ziyalı, dindar olduğu üçün yeni hökumətin yerli nökərləri tərəfindən təqib olunmuşdur. Kollektivləşmə adı altında torpaqları, mal-qarası müsadirə olunmuş Cabbar bəy Vəlibəyov haqqında o dövrün mətbuat səhifələrində böhtan dolu yazılar dərc edil¬mişdir. O, Sovet hakimiyyəti illərində Xalq Maarif Komissarlığının qərarı ilə I Baharlı kənd məktəbinin müdiri işləməklə yanaşı, pedaqoji fəaliyyətini I Baharlı kəndindən başqa Ağdam rayonunun Qiyaslı, Güllücə və başqa kəndlərində də davam etdirmişdir.
I Baharlı kəndi 1930-cu ildə yaranmış Ağdam rayonunun tərkibinə verildikdən sonra da Cabbar bəy Vəlibəyov yaratdığı ibtidai təhsil ocağının müdiri vəzifəsində çalışmışdır. O, 1937-ci ilə kimi Ağdam rayonunun I Baharlı kənd məktəbinin müdiri işləmişdir.
1935-ci ildən başlayaraq Cabbar bəy Vəlibəyova hücumların sayı artmaqda idi. Yerli mətbuat səhifələrində görkəmli pedaqoqun əleyhinə dərc edilmiş yazılar, ədalətsiz ittihamlar onun tutulmasının başlanğıcı oldu. Ən böyük “günahı” isə bəy, ziyalı, dindar olması idi. Cəmiyyətdə tutduğu mövqeyinə, prinsipiallığına görə Cabbar bəy Vəlibəyov Azərbaycan tarixinin qara səhifələrindən sayılan 1937-ci il repressiyasından xilas ola bilməmişdir. İmperiyanın yerli nökərləri Cabbar bəy Vəlibəyovu həyatından artıq sevdiyi Vətəninə xəyanətdə ittiham edərək onun həbsinə nail ola bilmişdilər. 11 oktyabr 1937-ci ildə evində axtarış aparıldığı zaman bütün yazıları, kitabları müsadirə olunmuş, özü isə 44 yaşında “xalq düşməni” kimi Sibirə sürgünə göndərilmişdir. 19 noyabr 1941-ci ildə, 48 yaşında orada dünyasını dəyişmişdir.
Cabbar bəy Vəlibəyov 29 noyabr 1957-ci ildə Azərbaycan SSR Ali məhkəməsinin qərarı ilə bəraət almışdır.
Azərbaycan xalq təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərmiş Cabbar bəy İsmayıl bəy oğlu Vəlibəyovun 1993-cü ildə anadan olmasının 100, yaratdığı məktəbin 80 illik yubileyi münasibəti ilə həyatı və pedaqoji fəaliyyətini əks etdirən məqalələr çap olunmuş, radioda veriliş səslənmişdir. 1913-cü ildə əsasını qoyduğu Ağdam rayonunun I Baharlı kənd tam orta məktəbinə Cabbar bəy Vəlibəyovun adı verilmiş, Ağdamda 25 may 1993-cü ildə tədbir keçirilmişdir. Hazırda doğu I Baharlı kənd tam orta məktəbi Cabbar bəy Vəlibəyovun adını daşıyır.
Atam - milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Məmmədovun (Baharlı) "Qırmızı taxtapuşlu bina" adlı ata-baba yurdu haqqında xatirələri 1993-cü ildə "Dalğa" qəzetində çap olunmuşdur. O, atasına həsr etdiyi "Atama ithaf!" şeirində yazmışdır:
Cabbar bəy, keçsə də ömrüm sürgündə
Müəllim şöhrətin durur bu gün də
İyirmi yaşında açdığın məktəb
Adını daşıyır yüzilliyində.
(21.II.1993-cü il)
Cabbar bəy Vəlibəyovun anadan olmasının 110 illik yubileyi münasibətilə bu sətrlərin müəllifinin 2003-cü ildə "Azərbaycan müəllimi" qəzetində məqaləsi çap edilmişdir. O, görkəmli pedaqoqun anadan olmasının 120, əsasını qoyduğu I Baharlı kənd tam orta məktəbin 100 illik yubileyi münasibətilə yazılmış "Cabbar bəy Vəlibəyov və davamçıları" (Bakı, 2014), "Cabbar bəy Vəlibəyov adına I Baharlı kənd tam orta məktəbi" (Bakı, 2015) adlı monoqrafiyanın, kitabçanın müəllifidir.
Bu il Cabbar bəy Vəlibəyovun anadan olmasının 125 illik yubileyi tamam olur. Azərbaycan xalq təhsilinin inkişafına ömrünü şam kimi əritmiş görkəmli maarif xadiminin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.
Orxan Zakiroğlu (Baharlı)
↧
↧
November 8, 2018, 1:14 pm
Mirzə Əbdürrəhim Talıbzadə yazır ki, müsəlman xalqları xaçpərəstlərə qarşı cihad etsələr belə, elm və sənayedə çox geri qaldıqları üçün məğlub olacaqlar. Ona görə də müsəlman xalqlarının tək çıxış yolu zəmanəyə uyğun olaraq hərəkət etmələridir: “Bəs, hər bir şüurlu və münsif müsəlman bu barədə azacıq düşünsə, başa düşər ki, hər əsrin tələbləri əvvəlki və sonrakı əsrlərin tələblərindən tamamilə fərqlidir. Əgər bunları anlamasaq, bilməsək, həyata keçirməsək, min il bundan qabaqkı halda qalsaq, bu cəhaləti bir az da davam etdirsək, onda nə islamiyyətimiz qalacaqdır, nə də onun ehkam və ənənələri. Əcnəbi millətlər bu qəflətimizdən istifadə edəcək və bizə qalib gələcəkdir».
Əvvəli burada
Əsərin sonunda Mirzə Möhsün ağa yatıb yuxusunda görür ki, Qacarlar dövlətinin şahı Müzəffərəddin şah Qacar xalqın qarşısına çıxaraq onlara azadlıq və hürriyyət müjdəsi verir. Şah xalqı tam azadlıq və hürriyyət Kəbəsinin ziyarətinə dəvət edir və deyir ki, tərəqqinin müqəddiməsi, istiqaliyyəti mühafizə etmək səngəri olan «Müzəffər qanunu»nın qorunmasında ona kömək etsinlər: “Bilin ki, sizi tam azadlıq və hürriyyət Kəbəsinin ziyarətinə dəvət edirəm. Siz vətənə məhəbbət və hökumətə pərəstiş məclisinin iştirakçılarısınız. Sizi islamın qanunlarına və tək Allaha and veririrəm, tərəqqinin müqəddiməsi və “Müzəffər qanunu”nun çıxarılmasında öz sevimili oğlanlarınızın müalicəsinə çalışdığınız kimi səy edin. Allahdan və imamlardan köməklik istəyin, məndən isə cəza və mükafat gözləyin. Hər kim hər nə bilirsə, azad surətdə desin, qorxmasın, xacətaşanlıq etməsin, şəxsi qərəzliyi olmasın... Öz fərmayişlərimin sonunda xatəmül-ənbiyaya istinad edərək deyirəm: “Əlyövmə əkməltü ləküm dinəküm və ətməmtü ələyküm niməti və rəzzəytü ləküm əlislamə dinən..”. Ondan sonra gülər üzlə, şahlara məxsus iti baxışla ətrafı və oradakı adamları mərhəmət nəzri ilə süzdü. Qadağan olunmasına baxmayaraq, bütün iştirakçılar, hətta firənglər də «Yaşa! Uzun ömür sür!» sözlərini elə qışqırdılar ki, bu böyüklükdə otaq titrədi. Bu sevindirici səsdən yuxudan ayıldım”.
“Səfineyi-Talibi, ya Kitabi-Əhməd”in üçüncü cildi hesab olunan “Məsailül-həyat” (Həyat məsələləri) kitabında isə o, yeni və azad cəmiyyətdən bəhs edir. Talıbzadə ümid edir ki, nə zamansa bütün dünayada müharibələrə son qoyularaq vahid dünya dövləti-federasiyası və dünya parlamenti qurulacaq, həmin dövlətdə də bütün xalqlar azad və bərabər yaşayacaqlar. Şübhəsiz, belə bir vahid dünya dövlətinin arzulanması onun ictimai-siyasi görüşlərinin yekunu idi. Ancaq bu vahid dünya dövləti məsələsinin gerçəkləşməsi mümkün olmadığı kimi, onun bərabər şərtlər altında reallaşması da mümkün deyildir.
Qeyd edək ki, Talıbzadənin “Xeyirxahların məsləki” kitabında da əsas məsələ müsəlman dövlətlərinin, o cümlədən Qacarların geriliyi, bunun əskinə olaraq, Qərb – Avropa dövlələtlərinin inkişaf yolu tutması məsələlərinə həsr olunmuşdur. O bu əsərində Avropada təhsil görmüş Mirzə Mahmudun dilindən yazırdı ki, Qacarlara dövlət xadimi olmaq üçün rasional, bilikli kadrlar deyil, savadsız qulambeçələr, yəni sözə baxan cahil məmurlar lazımdır: “Bəzən fikirləşirəm ki, millətin cəhalət kasası dolmuşdur. Daha bir damcı da boş yer qalmamışdır. Əlbəttə, bundan sonra bizim üzümüzə bir rəhmət qapısı açılar. Zaman öz hökmünü verər. Məzlum millətin taleyinə bacarıqları ilə zamin olan dövlət rəhbərləri öz məsuliyyətlərini başa düşərlər. O vaxt elm əmtəəsinə müştəri tapılar”.
Talıbzadə hesab edirdi ki, Avropa dövlətlərindən fərqli olaraq burada təsadüfi və bacarıqsız adamların nazir olması sıradan bir haldır. Halbuki Avropada bir şəxs nazir olmaq üçün 20-30 il təcrübə əldə etmiş olur. Digər tərəfdən, dövlətə nazir olmaq istəyən şəxs ona görə təhsil almır ki, sonradan buna görə dövlətə minnət qoyur, əksinə, hər bir məmur dövlət və xalq üçün çalışmağı özünü borclu hesab etməlidir. Talıbzadə Mirzə Mahmudun dilindən yenə yazırdı: “Amma xidmətlərin tərəqqi dərəcələri, təcrübə qazanmaq mərhələləri və onun nəticələri biabırçı hərəkətlər, yalançılıq, yaltaqlıq, çirkinliklər yaymaq və loğvalıqlar olan bir millət arasında şərəfli şəxs necə müəllim, yaxud tərbiyəçi ola bilər? Nə buyrursunuz?! Məgər biz istəyirdik ki, gələn kimi bizi nazir eləsinlər?! Yox, haman insanlıq şərəfinə and olsun, istəmirdik. Biz haman tədrici tərəqqini, təcrübə qazanmağı, tərəqqiyə layiq olmağı istəyirdik və istəyirik. Amma yəqin edin, bir halda ki, millət cahildir, idarələr vəhşilər yığıncağıdır, rəislər xain və özlərini öyəndirlər, dəyanət yoxdur, sədaqət möfhumdur, heç bir peyğəmbər belə bir azğın tayfaya yol göstərməyi qəbul etməz və onların arasından baş götürüb qaçar, harada qalmışdır ki, mənim kimi naqis və başa düşməzlər”.
Beləliklə, Mirzə Mahmudun sözlərindən məlum olur ki, o, Avropada təhsil aldıqdan sonra Tehrana dönüb millətinə xidmət etmək istəsə də, burada riyakar ruhanilər və despotik məmurlar tərəfindən ciddi problemlərlə qarşılaşır. O da bu problemlərlə mübarizə aparmağı mənasız hesab edərək ucqar bir yerdə yaşamağa başlayır. Ancaq bura gələrək onu ziyarət edən Talıbzadənin “Xeyirxahlar məsləki” əsərinin qəhramanı Sərkar bəy Mirzə Mahmudun bu fikirləri ilə əsasən razılaşsa da, ancaq Tehranı tərk etməsinə görə heç cür haqq qazandırmır: “Mənim sözüm bundadır ki, vətənini sevən “patriotlar” gərək öz vətənlərinə xidmət etsinlər; əgər qarşıda maneələr varsa, aradan qaldırsınlar, çətinliklərə dözsünlər; yolunu azmışları düzgün yola dəvət etsinlər; gözəl işlər və düzgün sözlərlə cahillərin nəzərində elmə məhəbbəti artırsınlar: xudpəsənd olmasınlar; alimlik xərcə verməsinlər; savadsızlar elmsizlikləri üçün təhqir edərək xəcalətləndirməsinlər. Əks halda, iyirmi yaşlı cavan yetmiş yaşlı kişiyə “sən bilmirsən”, “sən anlamırsan” deməlidir. Bəşər qanı bu alçaqlığı qəbul etməz və bu, həqiqətən də, ədəbsizlikdir. Ağayi-mən! Cahillərin müxalifəti sizin sözlərinizə və elmlərinizə təsir etdiyi kimi, cahillərin xarakterində də bunun əksini bilir”.
Maraqlıdır ki, Mirzə Mahmudun Qacarlarda nazir olan atası isə hesab edir ki, bir millətin təhsilli, ziyalı şəxsi Avropa dəyərlərini, onların idarəçiliyini, texnologiyasını mənimsəsə də, təqlidçi olmamalı və milli dəyərlərə əsaslanmalıdır: “Sənə ona görə elm öyrətdim ki, milli idarəçiliyə bələd olasan, vətən məhəbbətini anlayasan, dövrünün hakiminə itaət edəsən, öz adət-ənənələrini müqəddəs sayasan, heç millətdən faydalı elm, sənət və məlumatdan başqa bir şey qəbul etməyəsən; təqlidçi olmayasan, yəni hər yerdə və həmişə iranlı olasan. Elmin bərəkətindən və xarici millətlərlə müaşirət nəticəsində anlayasan və başa düşəsən ki, Məşriq torpağı ilə Məğrib torpağı biri-birindən tamamilə fərqlənir. Günəş birində doğur, digərində isə batır. Elə bu sadə dəlil bizə əsas verir ki, özümüzü onlardan fərqləndirərək, öz istdedadımızın təfavütünü bilək və ölkəni idarə etmək qaydalarından başqa onlardan heç bir şey götürməyək. Heç bir zaman onların zahiri dəbdəbələri səni aldatmasın. Məbada onların süni mədəniyyətləri, ya həqiqi vəhşətləri sənin xoşuna gəlsin”.
Deməli, Talıbzadə də C.Əfqani kimi açıq şəkildə Qərb mədəniyyətinə münasibətdə ehtiyatlı mövqe tutmağın zərirliyini irəli sürmüşdür. O, haqlı olaraq hesab etmişdir ki, Qərb mədəniyyətinin bəzi cəhətlərini öyrənməklə kifayətlənib onları təqlid etməkdən yan qaçılmalı və milli adət-ənənələrdən heç bir halda imtina edilməməlidir. Sadəcə, bütün bunlarla yanaşı, Talıbzadə də həmin dövrdə “irançılıq” ideyasının müəyyən qədər təsiri altında olmuşdur. Belə ki, o bir tərəfdən Qərb mədəniyyətinin, əsasən, süni bir mədəniyyət olduğunu anlayaraq ondan uzaq durulmasını vacib hesab etdiyi halda, digər tərəfdən həmin Qərb mədəniyyəti tərəfindən ideallaşdırılmış və onun bir parçası hesab olunan əski “İran mədəniyyəti”nə müəyyən qədər meyil göstərmişdir.
Hər halda Mirzə Mahmudun atası Qərb mədəniyyətini doğru tənqid etməklə, eyni zamanda Qacarların dövlətçilik idarəsində də Avropanı təqlid etməsini düzgün saymamaqla yanaşı, bunun “təbii, qədim və Kəyan dövrünün” yadigarı “İran ənənələri”nə də zidd olduğunu bildirmişdir: “İndi görək, bütün nazirliklər İran üçün təbii, qədim və Kəyan dövrünün yadigarıdırmı, yaxud süni, yeni və Avropa təqlididirmi? Aydındır, İran tarixində padşahın bir baş naziri, neçə sərkərdəsi, süvari piyada qoşun başçılarından başqa dövlətdən maaş alan və heç bir iş görməyən qulluqçusu olmamışdır. Bunu da bilməliyik ki, bu nazirliyi təşkil etmək İran üçün lazım idi, ya yox? Bu təqlidi dövlət öz ixtiyarı ilə edir, ya icbari və çıxılmaz vəziyyət üzündənmi? Yox, dünya vəziyyətinin dəyişməsi, aləmin siyasət meydanının genişlənməsi bu nazirliklərin yaradılmasını və İran üçün nazirlər təyin olunmasını vacib etdi. Əgər bunu etməsə, yaşamaq imkanı yoxdur. Yoxsa, bizi öz halımıza qoysalar idilər, haman ata-baba qaydalarımızı davam etdirərdik. Nə şal və papağı Avropa epliti və munduri ilə (mundir, yəni rəsmi geyim), nə də Qarapapaq və Şahsevən süvarilərini tiryəki və nəşəxor kazak dəstələri ilə əvəz etməzdik. Deməli, məcburi surətdə başqa millətlərlə həmrəng olmalıyıq. Buna görə bu əlli il təqlid dövründə İranda elə bir büsat açıldı və elə bir layihə çəkildi ki, dünya mütəfəkkirləri ondan baş çıxarmaqdan aciz olduqlarını etiraf etdirir. Bunları müşahidə edən hər bir adam öz-özünə sual verir: “Əgər bu nazirlikləri təşkil etmək firənglərin təqlididirsə, bəs hanı, Avropa dövlətinin savadsız naziri vardırmı? Harada nazirin adı var, lakin idarəsi yoxdur? İsmi-bimüsəmma nədən ötəridir və haranın adətidir?”.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
↧
November 20, 2018, 12:42 pm
Azərbaycanda fəlsəfi fikir, xüsusən marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisində Əməkdar Elm Xadimi, Fəlsəfə elmləri doktoru, professor Midhət Mir Musa oğlu Ağamirovun xidmətlərini unutmaq, bizcə, insafsızlıq olardı. Çünki o, təkcə Azərbaycanda deyil, Sovet İttifaqının bir çox elm mərkəzlərində tanınmış filosof idi.
Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur.
Midhət müəllim öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Mir Möhsün Nəvvab isə alim, şair, yazıçı, tarixçi, müsiqişünas, nəqqaş-xəttat, mahir rəssam, astroloq-münəccim kimi tarixə düşmüşdür.
Azərbaycan türklərinə qarşı ermənilərin tarix boyu tərətdikləri cinayətlərin, vəhşiliklərin canlı şahidi olmuş, “Erməni məsələsi” adlı kitabında bütün bunları olduğu kimi əks etdirmişdir. Başqa millətlərdən fərqli olaraq, Mir Möhsün Nəvvab heç bir mənbə, məlumat və deyilənlərdən istifadə etməmişdir. Yalnız şahidi olduğu hadisələri, gördüyü faciələri, erməni vandalizminin dəhşətlərini, insanlığa sığmayan hərəkətlərini qələmə almışdır.
Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaşlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur.
Bir sentyabr 1940–cı ildən bir iyul 1941-ci ilə kimi V.İ Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda–Sov.İKP MK yanında Marksizm-leninizm Universitetinin Azərbaycan filialında elmi əməkdaş kimi işləmişdir.
16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin institutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin, bu illərdə ali məktəblərdə də dərs demişdir. 1947-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki BDU) “M.Ə.Sabirin ictimai-siyasi baxışları” mövzusunds namizədlik dissertasiyasını müdafiə etmişdir. 27 iyul 1957-ci ildən 18 aprel 1977-ci ilə kimi Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda “Marksizm-leninizm fəlsəfəsinin tarixi” şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1972-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Bundan başqa, 1945-1947-ci illərdə Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutunda elmi əməkdaş, 1948-1949-cu illərdə V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda marksizm-leninizm fəlsəfəsi kafedrasının assistenti, 1949-1951-ci illərdə həmin institutda marksizm-leninizm fəlsəfəsi kafedrasında baş müəllim, 1952-ci ildən 1982-ci ilə kimi həmin institutda fəlsəfə kafedrasının dosenti, 1983-1985-ci illərdə S.M. Kirov adına ADU-da tarixi materializm kafedrasında mühazirə kursları aparmış, Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda fəlsəfə kafedrasının professoru kimi də fəaliyyət göstərmişdir.
Midhət Ağamirov XX əsrin əvvəllərində Azərbaycanda fəlsəfi və ictimai-siyasi fikrin, marksist-leninçi fəlsəfənin aparıcı tədqiqatçılarından biri olmuşdur. İnstitutda işlədiyi müddətdə on monoqrafiya çap etdirmişdir: “Mirzə Ələkbər Sabirin dünyagörüşü” (1962), “Azərbaycan ictimai fikrində milli məsələ”( 1963), “Azərbaycanda marksist-leninçi ideologiya uğrunda mübarizə tarixindən” (1965), “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən” (1971), “İrtica illərində Azərbaycanda marksist-leninçi fikir” (1980), “Abdulla Şaiqin dünyagörüşü” (1983), “Məhəmməd Hadinin fəlsəfəsi” (1987), “Azərbaycanda marksist-leninçi təlimin yayılması”(1988), “Azərbaycan romantiklərinin dünyagörüşü” (1989), “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi” (1989) və s.
Bu illərdə Midhət Ağamirovun Azərbaycanda marksist-leninçi təlimin yayılması tarixinə, elmi kommunizmin problemləri və marksist-leninçi fəlsəfənin tarixinə dair 100-dən çox elmi məqaləsi çap edilmişdir. M.Ağamirov “Azərbaycanda fəlsəfə və ictimai-siyasi fikir tarixi” çoxcildliyinin baş redaktorunun müavini, 4-cü cildin məsul katibi olmuşdur.
M.Ağamirov əsərlərində külli miqdarda arxiv materiallarını, müxtəlif dillərdə olan çoxlu sayda bolşevik mətbuatını, müxtəlif burjua və digər cərəyanları öyrənib ümumiləşdirmək əsasında Azərbaycanda müxtəlif dövrlərdə marksist-leninçi təlimin yayılması tarixini, əsrin əvvəllərində idealist və materialist fəlsəfə arasında gedən gərgin mübarizəni açıqlamışdır. Habelə, fəlsəfi materializmin, tarixi materialistcəsinə anlamanın, sinif, sinfi mübarizə, dövlət, inqilab, millət və milli münasibətlər kimi problemlər ətrafında gedən mübarizənin təbliği və müdafiəsində V.İ. Leninin “Materializm və empiriokritisizm” əsərinin böyük əhəmiyyət daşıdığını qeyd etmişdir.
Midhət müəllimin Azərbaycanda marksist-leninçi fəlsəfənin tarixinə aid əsərləri mərkəzi elmi-nəzəri və respublikanın partiya mətbuatında çox yüksək qiymətləndirilmişdir.
Alimin 1971-ci ildə rus dilində nəşr olunmuş “Azərbaycanda marksist-leninçi təlim uğrunda mabarizə tarixindən” adlı kitabı haqqında “Fəlsəfə məsələləri” jurnalının 12-ci sayında müsbət rəy dərc olunmuşdu. 1972-ci ildə isə “ Moskva Universitetinin Xəbərləri”ndə(№ 12) də belə bir rəy çap edilmişdi:” Midhət Ağamirovun “Azərbaycanda marksist-leninçi təlim uğrunda mübarizə tarixindən “(1906-1907) adlı kitabı çox ciddi və orijinal elmi-tədqiqat əsəridir. Marksist-leninçi fəlsəfə elminin öyrənilməsinə vacib və qiymətli hədiyyədir”.
1980-ci ildə rus dilində nəşr olunmuş “İrtica illərində Azərbaycanda marksist-leninçi fəlsəfi fikir” adlı monoqrafiyası haqqında “Moskva Universitetinin Xəbərləri”ndə (1980, № 3) dərc edilmiş rəydə deyilirdi: “ Midhət Ağamirovun “İrtica illərində Azərbaycanda marksist-leninçi fikir” monoqrafiyası bütövlükdə özünün elmi ləyaqətinə, dərinliyinə, aydın ifadəsinə, irəli sürülən məsələlərin məntiqi dəlillərə əsaslanmasına, partiya yönümünə, üzə çıxarılmış faktlara elmi yanaşmasına görə, sözsüz, bizim son illərdə fəlsəfi fikir sahəsində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir. Marksist-leninçi fəlsəfə tarixinə qiymətli bir hədiyyə olduğu üçün onu cəsarətlə Sovet filosoflarının ən yaxşı tədqiqatları ilə bir sırada qoymaq olar”.
Midhət Ağamirovun məqalələrinin əsas hissəsi marksizm-leninizm klassikıərinin aşağıdakı görkəmli əsərlərinə həsr edilmişdir: K.Marks və F.Engelsin “Kommunist partiyasının manifesti”, K.Marks və F. Engelsin 3 cildlik seçilmiş əsərlərinin 1-ci cildi, F.Engelsin “Anti-Dürinq”, V.İ. Leninin “Materializm və empiriokritisizm”, “Fəlsəfə dəftərləri”, “Mübariz materializmin mahiyyəti haqqında” və s.
Professorun məqalələri, yazıları əsasən marksizm-leninizm klassiklərinin əsərlərinə həsr olunduğu üçün, şübhəsiz, elmi maraq doğurur. Bu əsərlər ilk dəfə olaraq M.Ağamirov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Bir sıra məqalələri isə elmi kommunizm problemlərinə həsr edilmişşdir.
Müəllifin “Mirzə Ələkbər Sabirin dünyagörüşü”, “Abdulla Şaiqin dünyagörüşü”, “Məhəmməd Hadinin fəlsəfəsi” adlı monoqrafiyaları və XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi fikir tarixinə aid orijinal elmi tədqiqatları, habelə, tarixi-fəlsəfi mövzulara aid məqalələri xüsusilə çox dəyərlidir.
M.Ağamirov Azərbaycan SSR EA tərəfindən hazırlanan və 35 çap vərəqi həcmində olan ilk fundamental “İctimi-siyasi terminlər lüğəti”nin baş redaktoru olmuşdur. Bu lüğət fəlsəfəni, siyasi iqtisadı, elmi kommunizm nəzəriyyəsini, qismən də olsa, etikanı, estetikanı, elmi ateizm və hüququ əhatə edir.
Marksizm-leninizm klassiklərinə aid əsərlərin Azərbaycan dilinə tərcümə edilməsində M.Ağamirovun əməyi olduqca böyükdür. O, V.İ Leninin 55 cildlik əsərlərinin hamısının tərcüməsində iştirak etmişdir. 1970-ci ildə M.Ağamirova “V.İ. Leninin əsərlərinin 4-cü nəşrinin Azərbaycan dilinə tərcüməsi sahəsindəki yüksək fəaliyyətinə görə” Respublikanın Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilmişdir. 1982-ci ildə ona “Elmin inkişafında və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə” “Azərbaycan SSR-nin Əməkdar Elm Xadimi” kimi fəxri ad verilmişdir.
1985-ci ildə M.Ağamirova V.İ. Leninin 55 cildlik külliyyatının Azərbaycan dilinə tərcüməsində iştirakına görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən “Fəxri fərman”la təltif edilmişdir.
Midhət Ağamirov beynəlxalq elmi konqreslərdə respublikanı təmsil etmiş, dəfələrlə ümumittifaq elmi forumlarda nəzəri məruzələrlə çıxış etmişdir. O, eyni zamanda, böyük ictimai iş aparmaqla da məşğul olmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin redaksiya komissiyası sədrinin müavini, Azərbaycan Sovet Ensiklopediyasının fəlsəfə üzrə elmi məsləhətçisi, Azərbaycan SSR EA Terminologiya Komitəsinin üzvü, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutu Elmi Şurasının üzvü, Sov.İKP MK yanında Marksizm-leninizm Universitetinin Azərbaycan KP MK-nın nəzdindəki filialı olan Partiya Tarixi İnstitutu Elmi Şurasının üzvü, Azərbaycan SSR EA Fəlsəfə və Hüquq İnstitutnun nəzdindəki doktorluq dərəcəsi verən İxtisaslaşdırılmış Şuranın üzvü olmuşdur.
1944-cü ilin may ayında “Qafqazın müdafiəsinə görə, 1945-ci ildə “Böyük Vətən müharibəsi illərində fədakar əməyinə görə”, 1946-cı ildə ”Əmək fədakarlığına görə”, 1985-ci ildə “Böyük Vətən müharibəsində (1941-1945) qələbənin 40 illiyinə görə” medalları ilə təltif edilmişdir.
Midhət Ağamirov hələ orta məktəbdə oxuyarkən özünün çevikliyi, maraq dairəsinin genişliyi, elmə böyük həvəs göstərməsi, möhkəm yaddaşa malik olması və hazırcavablığı ilə seçilirmiş. Hər hansı bir mətni bircə dəfə oxumaqla yaddaşında möhkəm saxlarmnış. Orta məktəbi əla qiymətlərlə bitirərək, o zamankı V.İ. Lenin adına Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuş (1940) , birinci kursun sonunda (1941) qalan kurslara davam etmədən 4 illik kursun materialları əsasında Dövlət imtahanı verib, tam kursu bitirmək haqqında fərqlənmə diplomu almışdır.
İnstitutu bitirdikdən sonra (1942) Azərbaycan KP MK nəzdindəki Partiya Tarixi İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. Çox ciddi və tələbkar olan M.Ağamirovun fəlsəfə, xüsusən marksizm-leninizm fəlsəfəsi sahəsində əldə etdiyi uğurlar onu təkcə respublikada deyikl, onun hüdudlarından çox-çox kənarlarda da tanıtmışdı.
1980-ci ildə Azərbaycan SSR EA-nın həqiqi və müxbir üzvlərin seçilməsi münasibətilə komissiya yaradılır. M.Ağamirovu müxbir üzvlüyə layiqli namizəd kimi irəli sürən və müdafiə edən çoxlu məktub Azərbaycan SSR EA-nın seçki komissiyasına daxil olmuşşdur. Seçki komissiyasına ünvanlanmış bu sənədlər M.Ağamirovun bilikli, bacarıqlı və çox məhsuldar bir alim olduğuna dəlalət edir.
Midhət Ağamirov qayğıkeş insan, qərəzsiz və vicdanlı alim, ciddi və prinsipial, özünün və sözünün yerini bilən, təvazökar, yeri gələndə kiməsə, nəyəsə yarayan, alicənab bir şəxsiyyət idi. Tatarıstandan, Başqırdıstandan, Qırğızıstandan və s. respublikalardan olan və marksizm-leninizm fəlsəfəsi tarixinə aid doktorluq dissertasiyası yazan filosof-alimlər Azərbaycan SSR EA-na gələndə mütləq, Ağamirovla görüşür, ondan məsləhətlər alır, onun təklif, qeyd və mülahizələrini məmnuniyyətlə dinləyir və səmimiyyətinə inanırdılar.
Fəlsəfə elmləri doktoru, professor Nurqələm Mikayılovun Midhət Ağamirov haqqında dediklərindən :”Midhət müəllim yaxşı yoldaş, səmimi dost idi. Dostluqda möhkəm və sədaqətli idi. Bəzən dostlar arasında da söz-söhbət olur. Vaxtilə Midhət müəllimlə aramızda narazılıq yaranmışdı. Düzdür, alimik, ancaq biz də insanıq. Belə hallar ancaq insanlara məxsusdur. Bir müddət bir-birimizdən incik düşdük. Amma Midhət müəllim öz “böyüklüyünü” göstərdi. Qabağa düşdü, heç bir şey olmamış kimi, salam verib əlini uzatdı. O vaxtdan bütün incikliklərimiz aradan qalxdı.
Midhət müəllimin ürəyi təmiz idi, kin-küdurət saxlamazdı. Zarafatı, xüsusən şit zarafatı sevməzdi, çox sadə insan idi. Elmi müzakirə və mübahisədə prinsipiallıq göstərərdi. Onda geri çəkilmək yox idi. Dediklərini, mütləq, sübuta yetirməyə çalışardı. Amma tələbələrə qarşı mərhəmətli idi. Azərbaycanda marksizm-leninizm fəlsəfəsi tarixinin tədqiqi, təbliği və tədrisində böyük əmək sərf etmişdir. Bunu etiraf etmək lazımdır.
Marksizm-leninizm klassiklərinin və fəlsəfəyə dair bir sıra dərsliklərin Azərbaycan dilinə tərcümə edilməsində Midhət Ağamirovun xidmətləri əvəzsizdir. O, gözəl insan idi, əsil şəxsiyyət idi. Midhət Müəllimin əziz xatirəsi həmişə dostlarının qəlbində yaşayacaqdır. Onun haqqında çox danışmaq olar, ancaq...?
Midhət Ağamirov öz yaradıcılığında əsasən Azərbaycanda marksist-leninçi təlimin, marksizm-leninizm fəlsəfəsinin tədqiqi, təbliği və müdafiəsinə geniş yer vermişdir. Ömrünün, demək olar ki, çox hissəsini bu sahəyə həsr etmişdir. Bütün yaradıcılıq boyu marksizm-leninizm təliminə istinad etmiş, hadisələrə bu mövqedən yanaşmış və onları dəyərləndirmişdir.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi
↧
November 30, 2018, 1:17 pm
Görkəmli xalq şairi Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair- vətəndaş ömrü yaşamışdır. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapmasını Məmməd Araz özü də şeirlərində dəfələrlə etiraf etmişdir. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: "Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir".
Məmməd Arazın şeirlərində ifadə olunan həyatı və taleyi rəsmi tərcümeyi-hal sənədlərindən də dəqiq, dərin və mənalıdır:
Məni şeirimdə gəz bir insan kimi,
Qəlbimdə nə varsa, onu demişəm.
Anadan-bacıdan gizlətdiyimi
Kağızdan, qələmdən qizlətməmişəm.
Xalq şairi Məmməd Arazın (1933-2004) uşaqlığı və ilk gənclik illəri qədim Naxçıvan diyarında keçmişdir. Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı Məmməd Arazın ruhuna hopmuşdur. O, "bütün aləmə" - Vətənə və dünyaya "yayda günəşi, qışda qarı bol olan", "ürəyinin bir parçası" adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının - həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin "dağ havası" ilə uğurla keçə bilmişdir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da.
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim.
Böyük rus yazıçısı Mixail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan - xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır.
Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan arvadın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə "çırpısı tətikdə, odunu dəmdə" olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:
Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?
Babamdan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.
İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, "axşam məktəbli, gündüz çoban"ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə "tapşırıq dəftəri" adlandırdığı "sal daşlar üstündə" yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir. Bəlkə də ilkin başlanğıcı daşla bağlı olan bu poeziyada daş motivinin sonralar əsas aparıcı mövzulardan birinə çevrilməsinin mühüm səbəblərindən biri də budur. Fikrimizcə, ədəbiyyatşünaslıq baxımından Məmməd Araz poeziyasında daş motivi bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsl vətəndaşlıq mənalarını ifadə edir. Şair hətta özünü də şeirlərindən birində milli şeirimizin "daş əsgəri" adlandırır. Xalq şairi Məmməd Arazın qələmindən çıxmış və məşhur zərb-məsələ çevrilmiş "vətən daşı olmayandan olmaz ölkə vətəndaşı" misrası daşla Vətən və vətəndaşlıq arasında bərabərlik işarəsi qoymağa gətirib çıxarmışdır. Sözün geniş mənasında Məmməd Araz özü də sənətinin milli-mənəvi dərinliyinə və əhəmiyyətinə görə əbədiyyət qazanmaq mənasında "daş ayaqlı-daş əlli" bir insan-qaya obrazı səviyyəsinə yüksəlmişdir. İlk şeir dəftəri sal daşlar olan Məmməd Araz Azərbaycan şeirinin möhtəşəm, uca və məğrur "Vətən daşıdır".
Burası da maraqlıdır ki, Məmməd Arazın yaradıcılığında daş obrazı və ya mövzusu digər şairlərlə müqayisədə daha çox rəngarəng mənalar daşıyır, çeşidli mətləbləri ifadə etməyə xidmət göstərir. Məmməd Arazın şeir dünyası sanki poeziyamızın "daş zəmisidir". Təsadüfi deyildir ki, şairin kitablarından biri də "Daş harayı" (1992) adlanır. Ədəbiyyatımızda "Vətən qayaları, Vətən daşları" şeirlər silsiləsini də Məmməd Araz yaratmışdır. Misralara nəzər salaq:
Tarix əlifbası daşdan başlanır,
Əl dəydi yumşalır, göyərir indi.
Başdı - daş olubdu, daşdı - baş olub -
Bunları seçmək də hünərdi indi.
və yaxud:
Gülüm, bir də görüşünə yubansam,
Adımı tut, harda dağlar dumansa.
Gözünü sıx, hansı daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
Qeyd etmək lazımdır ki, XX əsrin altmışıncı illərindən etibarən Məmməd Araz poeziyamızın xəritəsinin təzələşməsindən, "şeirimizə təzə-təzə yollar" gəlməsindən geniş söz açmışdır. Yəni, keçən əsrin 30-50-ci illərinin poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə, ritorika, zahiri təntənə, parıltı, tərənnüm, ideoloji xəttə meyil kimi qəlibləşmiş ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə sındırılmışdır. Əgər xalq şairləri Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim yaşadığı dövrün sərt qanunları çərçivəsində daha çox zəfər yürüşlərindən, ümumi quruculuq rəşadətlərindən yazmağa məcbur idilərsə, Məmməd Araz və onun təmsil etdiyi ədəbi nəsil yeni şəraitdə insan mənəviyyatının dərinliklərini, ana Vətənin dərd-sərini, məhəbbəti və kədəri qələmə almağa imkan tapmışdır. Bu mənada şairin "Urəyimsiz kəlmə kəsən deyiləm" misrası tərənnüm poeziyasından düşüncə lirikasına qəti keçidi dolğun ifadə edir. Bununla belə, müşahidələr göstərir ki, sərt zamanın diktə etdiyi ümumi təsvirlərdən və ideoloji yönlü tərənnümdən insan mənəviyyatının kəşfinə keçid senzor-naşir, müəllif-redaktor, oxucu-yazıçı münasibətlərini əhatə edən çətin mübarizələrdən sonra baş tutmuşdur:
Qaytardı redaktor lirik şeirimi,
Qaytardı: - Zavod yox, fəhlə yox,- deyə.
Zavoddan yazdığım kiçik şeirimi,
Oxudum bu axşam qonşum fəhləyə.
Fəhlə də qınağa tutdu ki məni,
Bəs hanı lirika, məhəbbət hanı?
Gəl indi inandır çap eləyəni,
Gəl indi sevindir sən oxuyanı.
Düşüncə lirikası, mənəviyyat ədəbiyyatı, lirik-psixoloji şeir və nəsr, o cümlədən xalq şairi Məmməd Arazın yaradıcılığı belə çətin labirintlərdən keçib gəlmiş, nəhayət, ədəbi mühitdə özünü təsdiq etmişdir. Bunun nəticəsində XX əsrin 60-90-cı illərində Azərbaycan şeirində düşüncə lirikasının, lirik-psixoloji və romantik şeirin bir sıra tanınmış nümayəndələri yetişib formalaşmışdır. Əli Kərim, Fikrət Qoca, Nəriman Həsənzadə, Cabir Novruz, Hüseyn Razi, Sabir Rüstəmxanlı, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Çingiz Əlioğlu, Ramiz Rövşən, Elman Həbib, Nüsrət Kəsəmənli, Vaqif Bəhmənli, Rüstəm Behrudi, Vaqif Məmmədov, Vaqif Bayatlı, Xanəli Kərimli mövzu və mətləbi ümumi tərənnüm yolu ilə deyil, orijinal poetik düşüncələrlə mənalandırmaq sahəsində maraqlı üsullar, düşünülmüş bədii vasitələr tapmışlar. Bununla belə, keçən yüzilliyin 70-80-ci illərində milli şeirdə düşüncə lirikası komandasının baş kapitanı Məmməd Araz olmuşdur. Şair insan mənəviyyatını kəşf etməyi böyük sənətin əsas qayəsi hesab etmişdir.
Poetik ənənə, yaradıcı şəkildə faydalanma baxımından xalq şairi Məmməd Arazın istinad etdiyi, öyrəndiyi daha iki böyük məktəb vardır: Məhəmməd Füzuli və Mirzə Ələkbər Sabir. Məmməd Araz böyük Füzulidən sözün məsuliyyətini dərindən dərk etməyi, bədii sənətin qüdrətini yaşatmağı bacarmağı bir estafet kimi qəbul etmişdir. Onun dahi Füzulinin "Nə yanar kimsə mənə atəşi-dildən özgə, Nə açar kimsə qapım badi-səbadan qeyri" beytinə yazdığı "Səba yeli" şeirindəki aşağıdakı səmimi etiraf söz mülkünün sultanına böyük ehtiramı və əbədiyyət qazanmağı ondan öyrənməyin zərurətini qabarıq şəkildə dilə gətirir:
Sözün sehrinə bax, qüdrətinə bax!
Bir heykələ döndüm öz yerimdə mən;
Beləcə bir misra yazaydım ancaq,
Yüz il yazacağım əsərimdə mən.
...Qəlbimdə bir nəğmə dil açdı yenə,
Ay ellər, bir sevda nəğməsidir o.
Açın qapıları səba yelinə,
Açın, Füzulinin nəfəsidir o...
Azərbaycan şeirinin Magellanı adlandırdığı Mirzə Ələkbər Sabirin zəngin və ötkəm şeirləri, ən böyük insan haqları şeirnaməsi olan həmişəyaşar satirası Məmməd Araz üçün sözün geniş mənasında əvəzsiz vətəndaşlıq məktəbidir. Beləliklə, ustad Məhəmməd Füzulinin müdriklik və məsuliyyəti, Sabir sənətinin vətəndaşlıq cəsarəti, Səməd Vurğun şeirinin yüksək ilhamı özünəməxsus şəkildə Məmməd Araz poeziyasında cəmləşmiş, yaradıcı yanaşmaların sayəsində yeni keyfiyyətlərlə zənginləşmişdir. Məmməd Araz adları çəkilən ustad sənətkarlardan yaradıcılıqla öyrənmiş, lakin onların heç birini təkrar etməmişdir. Nəticə etibarilə millilik və müasirlik, dərin lirizm, fəal vətəndaşlıq mövqeyi və bəşərilik Məmməd Araz şeirinin özünəməxsusluğunu müəyyən edir. Buna görə də Məmməd Araz sənəti XX əsrin birinci yarısındakı Səməd Vurğun məktəbi ilə sonrakı dövrün şeir üslubu və ənənələri arasında çox etibarlı və möhkəm varislik körpüsüdür. Poeziyamızın artıq bir neçə nəsli böyük sənət meydanına həmin poetik körpüdən keçərək gəlmişdir.
İkinci cahan müharibəsindən sonrakı Azərbaycan kəndi, davadan qayıtmış kəndli kişilər, onların əsgərdən də sədaqətli olan ömür-gün yoldaşları, ana torpaq kimi halal, bulaq suyu qədər saf olan kənd uşaqları, uzaq dağların arxasından geniş üfüqlərə, daha işıqlı sabahlara dikilən böyük ümidlər Məmməd Araz poeziyasının poetik yükündə üstünlük təşkil edir. Yetmişinci illərdə ölkəmizdə təzədən canlanan şəhər də, kənd də, Azərbaycanın əkinçisi də, neftçisi də, xalq şairinin əsərlərində özünəmünasib şəkildə poetik baxımdan obrazlı şəkildə mənalandırılmışdır. Tərəddüd etmədən demək olar ki, ötən əsrin səksəninci illərinin sonlarından başlanan milli azadlıq hərəkatını illərdən bəri hazırlayan, formalaşdıran şairlərin cərgəsində Məmməd Araz da ön sıralarda durur.
Millilik və müstəqillik, azadlıq düşüncəsinin, ayıq, fəal vətəndaşlıq mövqeyinin şeirdə bənzərsiz ifadəsi Məmməd Araz sənətinin mayasını, cövhərini təşkil edir. O, sözün həqiqi mənasında böyük İstiqlal şairidir. Yaxın və uzaq tariximizlə yanaşı, bu günümüzün və hətta sabahımızın da böyük, mühüm, ciddi həqiqətləri "Məmməd Araz karandaşından" göyərir:
Son atəş də, son zərbə də səninkidir,
Oğul əsgər, əsgər oğul - mərd igiddir.
Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;
Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür.
Geri dönmə sən qələbə xəttindəsən,
Son qələbə həddindəsən, səddindəsən!
Xalq şairi Məmməd Araz poeziyasında Vətən - ata ocağı, doğma yurd, el-oba, Kür-Araz deməkdir. İxtisasca coğrafiya müəllimi olan Məmməd Araz ədəbiyyatda bütöv Azərbaycanın ən kamil, bitkin, dolğun poetik coğrafiyasını yaratmağa nail olmuşdur. Ədəbiyyatımızda Əhməd Cavaddan və Səməd Vurğundan sonra müqəddəs Azərbaycan Vətənimiz haqqında ən sanballı, yadda qalan, ilhamlı və təsirli şeirləri Məmməd Araz yaratmışdır. Ölkəmizdə Azərbaycan haqqında ən çox və geniş yayılmış şeirlərdən biri - "Azərbaycan - dünyam mənim" şeiri Məmməd Araza məxsusdur:
Azərbaycan - mayası nur, qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
"Azərbaycan" deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
XX əsrin doxsanıncı illərində yenicə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan da sanki körpə uşaq kimi Məmməd Arazın şeirlərində boy atmışdır. Xalq şairi Azərbaycanı düçar edildiyi bəlalardan qorumaq, xilas etmək və yaşatmaq üçün hamıdan qabaq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırmışdır. Xalq şairi Məmməd Arazın "Ayağa dur, Azərbaycan" şeiri ölkəmizin müstəqillik uğrunda mübarizə marşı kimi səslənir:
Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!
...Hanı sənin tufan yıxan, gürşad boğan
Yurda oğul oğulların?!
Qara Çoban, Dəli Domrul oğulların!
Çək sinənə - qayaları yamaq elə,
Haqq yolunu ayağına dolaq elə,
Bayrağını Xəzər boyda bayraq elə,
Ayağa dur, Azərbaycan!
Milli birlik, mənəvi bütövlük və azadlıq Məmməd Araz şeirinin əsas ilham qaynağıdır. Şair hələ 1956-cı ildə yazdığı "Bizim gənclik" şeirində özünü və sənətini "xalqımızın müqəddəs, mübariz çağırışına" həsr edəcəyini bəyan etmişdir. Məmməd Araz sərt ideoloji çərçivələr dövründə Azərbaycan ədəbiyyatında hamıdan əvvəl "Məndən, səndən ötən zərbə, Vətən, Vətən - sənə dəydi" nidasını milli şeirin böyük enerjisi ilə, var gücü ilə səsləndirə bilmişdir. Vaxtilə Xəzərin ekologiyası barədə ən kəskin poetik həyəcan təbilini də Məmməd Araz səsləndirmişdir. Keçən əsrin əvvəllərində böyük Hop-hopun bağrından qopmuş "nişançı özümüz, hədəf özümüz" kəlamını ötən yüzilliyin sonunda bədii sənətin uzaqvuran top lüləsinə qoyub yeni hədəflərə məharətlə, sərrast atmağı bacaran da Məmməd Araz idi.
Müxtəlif dövrlərin Azərbaycan gerçəkliyini mənalı və münasib şəkildə əks etdirən "Vətən mənə oğul desə", "Yenə Arazı gördüm", "Dağlara çağırış", "Dünya düzəlmir", "Bu millətə nə verdik ki", "Əsgər oğul", "Ağlama", "Kəlbəcər qaçqınlarına", "Qalx ayağa, Azərbaycan" kimi ittiham və səfərbərlik ruhlu şeirlər Məmməd Arazın böyük ilhamından və istedadından doğulmuşdur. Məhz Məmməd Araz hələ XX əsrin yetmişinci illərində əsarətə və müstəmləkəçiliyə etiraz səsini ucaldaraq yaza bilmişdi ki:
Bir ölkənin caynağından ölkə saldırıb,
Neçə-neçə bölünənlə bölünməliyəm.
Bir ölkənin sağlığına badə qaldırıb,
Bir ölkənin göz yaşına bələnməliyəm.
Xalq şairi Məmməd Araz milli mücadilə savaşında lazım gələndə böyük cəsarətlə vətəndaş "qələmini - hərbi nazirə", "yazı masasını - paytaxta", "kağızını - bayrağa", sevgisini, nifrətini "ən nizamlı qoşuna" çevirməyi bacarmış qüdrətli sənətkardır. Məmməd Araz şeiri yarım əsrdən çox müqəddəs Vətən səngərində mübariz keşikdə dayanmışdır. Bu şeirin atəş sədaları mənəviyyatımızdan tutmuş, ictimai mühitimizə, hətta sərhəd xətləri və cəbhə bölgələrimizə qədər hər yerdə əks-səda tapmışdır. Bununla belə, Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Şairin insan haqqındakı düşüncələrində milli və bəşəri duyğular üz-üzədir. Bundan başqa, onun poetik rübabında dünya məsələlərinə, bəşəriyyəti düşündürən vacib problemlərə dair fikir və qayğılar da sıx-sıx öz əksini tapır. Lakin bütün məqamlarda Məmməd Araz özünün elan etdiyi kimi, "Azərbaycan dünyasından baxır dünyaya". Şairin sırf, xalis bəşəri-fəlsəfi səpkidə qələmə alıb, yüksək bədii səviyyədə təqdim etdiyi dünya mövzusu isə ilk növbədə Vətən övladlarını "gəlimli-gedimli" dünyanın bənzərsiz "ömür-gün naxışı"nın mahiyyəti ətrafında düşündürməyə yön alır:
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkir əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
Məmməd Araz - tale şairidir. Onun yaradıcılığı ilk növbədə özünüifadənin ümumiləşmiş poetik tərcümanıdır. Məmməd Araz ürək şairidir. Ürək - şairin "söz süfrəsi"dir. Onu "ayaqlara palaz kimi" atmaq olmaz. Ürəklə yaşamaq, səmimi, kövrək, həssas və mərd olmaq insan və şair kimi Məmməd Arazın taleyidir. Buna görədir ki, şairin "qəlbinin yükü" bir qatarın yükündən ağırdır. Xalq şairi Məmməd Arazın poeziyası bütövlükdə "ürək imtahanından" keçib uğurla sınaqdan çıxmış, necə deyərlər, yüksək "keyfiyyət nişanı"na layiq görülmüş kamil sənət nümunəsidir.
Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz bənzərsizdir. Azərbaycan ədəbiyyatında poema janrı Məmməd Arazın poemaları ilə yeni mərhələyə çatmışdır. İnsan mənəviyyatının dərin qatlarının poetik kəşfi, fəal vətəndaşlıq mövqeyi və müasirlik, milli taleyimizin əhatəli təqdimi bu poemaların ana xəttini səciyyələndirir.
Məmməd Arazın "Üç oğul anası" (1957) poeması xalq yazıçısı İsa Hüseynovun psixoloji nəsrinin milli poeziyadakı yol yoldaşıdır. Əsərdə İkinci cahan hərbində üç oğlunu itirmiş Azərbaycan qadınının - Ananın mərdanə bədii obrazı uğurla canlandırılmışdır. "Araz axır" (1960) poemasında tarixi və milli taleyimizlə bağlı zamanın sözü Məmməd Arazın təqdimatı əsasında zamanı qabaqlayaraq özünün yüksək bədii-fəlsəfi əksini tapmışdır. "Araz axır" poemasından təxminən əlli ildən çox bundan əvvəl müharibə əleyhinə yazılmış poetik çağırış bu gün də bütün dünya üçün aktual səslənir.
Əridib silahları
Biz marten sobasında,
Körpü yarada bildik
Yerlə Mars arasında, -
Müharibə olmasa!
"Paslı qılınc" (1964) poeması sanki yazıldığı dövrün yeni tipli "Aygün"üdür. Bu əsərlə, poema Azərbaycan ədəbiyyatında bir janr kimi ümumi pafoslu mövzulardan sadə, bir qədər də mürəkkəb həyati mətləblərin ifadəsinə yön almışdır. Məmməd Arazın "Atamın kitabı" poeması isə Azərbaycan ədəbiyyatında böyük Mirzə Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərindən sonra milli birlik, Vətən təəssübkeşliyi və mənəvi ucalıq haqqında yazılmış ən kamil poetik dastandır.
Böyük Mirzə Ələkbər Sabirə həsr olunmuş "Mən də insan oldum" (1962) poemasında Məmməd Araz o zamankı sərt rejimə baxmayaraq, örtülü vasitələrlə mənsub olduğu xalqın azadlığı və müstəqilliyi haqqındakı arzularını da ifadə etmişdir. Adından göründüyü kimi, "Əsgər qəbri haqqında ballada" poemasında isə lirik başlanğıc aparıcıdır. Əslində, bu əsər poema-monoloqdur. "Qayalara yazılan səs" isə tam halda lirik-romantik poema formasında düşünülmüşdür. "Qayalara yazılan səs" poemasında orijinal təbiət mənzərələri canlandırılmış, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələri yaradılmışdır. Belə məqamlarda Məmməd Araz mahir bir şair-rəssam kimi çıxış edir.
Məmməd Arazın çoxcəhətli yaradıcılığında publisistikanın da özünəməxsus yeri var. Məmməd Arazın publisistikası şair qələmindən çıxmış bədii publisistikadır. Şeirin ölçülərinə sığmayan ciddi həyati mətləbləri, aktual məsələləri Məmməd Araz publisistika nümunələrində əks etdirmişdir. Bu publisist yazılarda XX əsrin 60-80-ci illərinin Azərbaycanın əsas qayğıları, inkişafı və problemləri ilə birlikdə öz əksini tapmışdır. Məmməd Araz publisistika janrlarının hüdudları daxilində canlı, dinamik, inkişaf edən həyatın əsas, ana rənglərini, təbii, həyati obrazlarını, xarakterlərini sadəcə qəzet dünyasına deyil, geniş mənada ədəbiyyata gətirmişdir. "Naxçıvan albomu", "Yer üzünün Qarabağ düzü", "Kür qovuşur Salyana", "Torpaqdan göyərən ucalıq", "Arpaçayın aşıb-daşan nəğməsi", "İyirmi üç ildən sonra yazılmış cavab" və s. bu kimi publisist yazılar aradan illər keçsə də, əhəmiyyətini və dəyərini itirməyən sənət nümunələridir. Qədim Naxçıvanın nadir təbiət abidəsi Narbənd ağacı haqqındakı təsvirlər ixtisasca coğrafiya müəllimi olan xalq şairi Məmməd Arazın lirik ovqata malik obrazlı baxışlarının publisistikadakı təqdimatıdır: "Narbənd ağacına uzaqdan baxanda hündür, yaşıl göbələyə oxşayır. Onun köksündə bir sürü yata bilər. Sıx yarpaqları arasından günəş şüaları keçə bilmir. Onun altında şıdırğı yağışdan da qorunmaq olur. Ancaq qəribə taleyi var bu ağacın... Yer üzündən nəsli kəsilib. Onu babalarımız Naxçıvanda əkib yaşadıblar. Naxçıvanın isti yayında çox münasib kölgəsi var. Narbənd ağaclarına baxdıqda ağıllı, zəhmətkeş babalar yadıma düşür".
Bədii tərcümə sahəsində də Məmməd Araz uğurla fəaliyyət göstərmişdir. Vaxtilə Abbas Abdullanın yazdığı kimi o, "ürəyindən keçənləri başqa millətdən olan sənət dostlarının şeirlərində görəndə sevinən, onları ana dilimizdə oxuculara çatdırmağı özünə borc bilən şairdir". Buna görədir ki, onun tərcümələrinin böyük əksəriyyəti Məmməd Arazın şair ürəyindən qopan öz şeirləri kimi səmimi və poetikdir. Xüsusən, şairin Mixail Lermontov, Taras Şevçenko, Qaysın Quliyev, Mustay Kərim, Oljas Süleymenov, Mixail Svetlov, Sergey Vasilyev, Oleq Şeştinski və başqalarından etdiyi tərcümələr kamil sənət nümunələridir.
Göründüyü kimi, xalq şairi Məmməd Araz məsuliyyətli ömür yolu ilə, yarım əsrə yaxın davam edən böyük sənəti ilə həmişə Vətən səngərində mübariz keşikdə dayanmışdır. XX əsr boyu fərqli, ideoloji sistemlərdə yaşayıb-yaratmasına baxmayaraq, xalq şairi Məmməd Araz ədəbiyyatda və ictimai həyatda həmişə azərbaycançılıq mövqeyinin böyük müdafiəçisi olmuşdur. Məmməd Arazın vətəndaşlıq poeziyası indiki müstəqillik mərhələsində də millət və milli dövlət yolunda döyüş səngərindədir. Şeirimizin "Daş əsgəri" kimi ədəbiyyata gələn sənətkarın "qaya-sərkərdə" səviyyəsində əbədi yaşamaq səlahiyyəti qazanması ömrün də, sənətin də çoxillik və çətin imtahanlarından alınan yekun qiymətidir. Yarım əsrlik çoxcəhətli və mənalı yaradıcılığı ilə Məmməd Araz bütövlükdə mənsub olduğu xalqın ürəyində, düşüncəsində məskən saldığını, əbədi yaşamaq haqqı qazandığını təsdiq etmişdir:
...Bütün keçilməzliyi, Vətən,
adınla keçdim...
Haqqın var Məmməd Araz,
Haqqın var yaşamağa!
Məmməd Araz rəsmi təltiflərini - xalq şairi fəxri adını, "İstiqlal" ordenini, əməkdar incəsənət xadimliyini, Dövlət mükafatını Vətənə və xalqa məsuliyyətlə xidmət edərək böyük halallıq və qürurla qazanmışdır.
Böyük sənətkar müstəqil dövlətimizin yüksək diqqət və qayğısı ilə də əhatə olunmuşdur. Xalqımızın və ədəbiyyatımızın böyük qayğıkeşi, görkəmli dövlət xadimi Heydər Əliyev xalq şairi Məmməd Arazın sənətinə və şəxsiyyətinə böyük ehtiram bəsləmişdir. Məmməd Arazın anadan olmasının 60 illik yubileyinin ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunması, şairin yüksək "İstiqlal" ordeni ilə təltif edilməsi, Almaniyaya müalicəyə göndərilməsi tədbirləri Məmməd Arazın bədii yaradıcılığının inkişafına böyük təkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqındakı 27 sentyabr 2013-cü tarixli sərəncamı görkəmli sənətkarın böyük sənətinə dövlət səviyyəsində göstərilən yüksək diqqəti və qayğını dolğun şəkildə ifadə edir. Sərəncamda öz əksini tapmış aşağıdakı fikirlərdə Məmməd Arazın ölməz sənətinin ana xətləri ümumiləşdirilmiş şəkildə diqqət mərkəzinə çəkilmişdir: "Vətənpərvərlik duyğuları ilə zəngin Məmməd Araz yaradıcılığı Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Şairin yüksək bədii-fəlsəfi ümumiləşdirmələrlə səciyyələnən, lakonik deyim tərzinə malik dərin ictimai məzmunlu lirikası gücünü vətən təbiətinin gözəlliklərindən, böyük tarixi keçmişimizin və milli ədəbi fikrin tükənməz xəzinəsindən almışdır. Ana dilinin bütün incəliklərini özündə toplamış bu poetik irs gəncliyin milli-mənəvi dəyərlərə ehtiram ruhunda formalaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir".
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun xalq şairi Məmməd Arazın 80 illiyinin qeyd olunması və böyük söz ustadının dünyaya gəldiyi Şahbuz rayonunun Nursu kəndində ev muzeyinin yaradılması haqqındakı sərəncamları, habelə həyata keçirilən əhəmiyyətli yubiley tədbirləri qədim diyarda görkəmli sənətkarın sənətinin ədəbiyaşarlığına verilən qiymətin əməli göstəricisidir.
Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurla xidmət edir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, akademik
↧
↧
December 3, 2018, 7:01 am
Azərbaycan fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisində böyük əməyi olan alimlərdən biri də Firidun Köçərlidir. Firidun Qasım oğlu Köçərli 1920-ci ildə Gədəbəy rayonunun İsalı kəndində müəllim ailəsində anadan olmuşdur. Yeddiillik kənd məktəbini nitirdikdən sonra Gəncə şəhərində pedaqoji texnikumda təhsilini davam etdirmişdir. 1939-1945-ci illər ərzində özünün təhsil aldığı İsalı kənd məktəbində müəllim işləmişdir. Firidun Köçərli 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi nəzdində açılmış fəlsəfə şöbəsinə daxil olur. Əlaçı olduğu üçün müəllim və tələbə kollektivinin hörmət və rəğbətini qazanır.
O, hələ oxuduğu illərdə, yəni , tələbə ikən geniş ictimai iş aparır, tezliklə fəal ictimaiyyətçi kimi tanınmağa başlayır.Köçərli Universitetin tələbə elmi cəmiyyətinə rəhbərlik edir, birləşmiş yerli komitənin sədri və partiya komitəsinin üzvü seşilir. 1949-cu ildə SSRİ Ali Məktəblər Həmkarlar İttifaqı Azərbaycan Dğvlət Universiteti Həmkarlar Komitəsinin işi haqqında məsələ müzakirə edir və Komitənin iş təcrübəsi nümunəvi hesab edildiyi üçün ölkənin bütün ali məktəblərinə xüsusi məktub göndərilir.
Firidun Köçərli hələ tələbə ikən Universitetin “ Lenin yolu” qəzetində (1949) özünün ilk elmi məqaləsini nəşr etdirir. Bu məqalə akademik Heydər Hüseynovun yenicə çapdan çıxmış “ Azərbaycanda X1X əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı fundamental kitabına rəy idi. Bəlkə də, öz müəlliminin həmin kitabı Firidun Köçərlidə xalqının mədəniyyət tarixini, fəlsəfəsini öyrənməyə böyük maraq oyatdı.
Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən Firidun Köçərli elə orada-Universitetdə müəllim saxlanılır. Bir neçə ay müəllim işlədikdən sonra SSRİ EA-nın müxbir üzvü, Azərbaycan SSR EA-nın akademiki A.O.Makovelskinin məsləhəti və zəmanəti ilə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti fəlsəfə fakültəsinin aspiranturasına göndərilir.
1954-cü ilin mart ayında Firidun Köçərli “ Azərbaycan xalqının sosialist mədəniyyətinin təşəkkülü” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. 1954-cü ilin mart ayından 1958-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrasında baş müəllim və dosent vəzifəsində işləyir, böyük hörmət və nüfuz qazanır. Azərbaycan Dövlət Universitetinin kollektivi onu yenidən yerli komitənin sədri, partiya komitəsinin üzvü seçir.
Əməyinə, bilik və bacarığına verilən qiymət Firidun Köçərlini daha da əzmlə işləməyə və çalışmağa sövq edir, nəzəri biliyini əməli fəaliyyətlə uzlaşdırmağa çalışır.O, müəllim işləyərkə də elmi fəaliyyətdən uzaqlaşmır, pedaqoji fəaliyyətlə yanaşı, sosializm və kommunizm quruculuğu problemlərinə , zəhmətkeşlərin əmək və mənəvi tərbiyə məsələlərinə dair tədqiqatlar aparır.
O vaxtlar Azərbaycan Dövlət Universitetinin rektoru işləyən Yusif Məmmədəliyev Firidun Köşərlinin elmi, pedaqoji və ictimai fəaliyyətini yüksək qiymətləndirirdi.Təsadüfi deyildi ki, Yusif Məmmədəliyev 1958-ci ildəAzərbaycan SSR EA-nın prezidenti seçilərkən, Firidun Köçərliyə akademiyada qalıb işləməyi məsləhət görür. Firidun Köçərli həmin vaxtdan respublika EA-nın fəlsəfə bölməsində əvvəlcə şöbə müdiri , sonra isə bölmənin rəhbəri vəzifəsində çalışır.
O vaxt respublikada fəlsəfə elmi güclü zərbələrə məruz qalmışdı. Azərbaycanda fəlsəfə elminin görkəmli rəhbəri Heydər Hüseynov 1950-ci ildə şəxsiyyətə pərəstiş dövrünün qurbanı olmuş, Azərbaycan SSR EA-nın Fəlsəfə İnstitutu bağlanmışdı.
Respublikada fəlsəfə elmi üzrə akademik A.O.Makovelski istisna olmaqla, bir nəfər də olsun elmlər doktoru yox idi. Belə bir şəraitdə respublika Elmlər Akademiyasında fəlsəfə elminə rəhbərlik etmək Firidun Köçərlinin öhdəsinə düşmüşdü. Ən başlıcası fəlsəfə üzrə yüksək ixtisaslı kadrlar-elmlər namizədləri, elmlər doktorları hazırlamaq vəzifəsi idi. Fəlsəfə bölməsinin rəhbərliyi bu məsələdə düzgün yol seçdi: istedadlı gənclər Moskva şəhərinə--SSRİ EA Fəlsəfə İnstitutna, Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinə aspiranturaya və ya staj artırmağa göndərilirdi.
İkinci əsas məsələ bölmədə elmi işləri düzgün planlaşdırmaq və əsil işgüzar elmi mühit yaratmaq idi. Bölmədə tədqiqat işləri əsasən Azərbaycan fəlsəfə tarixi, dialektik və tarixi materializm, etika, estetika və ateizm istiqamətlərində aparılmağa bqşlandı.
Qeyd etmək lazımdır ki, 60-cı illərdə elmlər namizədlərinin və elmlər doktorlarının sayı xeyli artdı və nəticə etibarilə 1968-ci ildə Fəlsəfə İnstitutunu bərpa etmək mümkün oldu. İnstitutun yenidən təşkilində, əlbəttə, Firidun Köçərlinin əməyi böyük olmuşdur. O, yenidən təşkil edilən Fəlsəfə İnstitutuna ilk direktor təyin edildi.
Firidun Köçərlinin təşəbbüsü, elmi rəhbərliyi və bilavasitə iştirakı ilə sosializm və kommunuzm quruculuğunun aktual məsələlərinə dair onlarca dəyərli kitablar hazırlanıb nəşr edilmişdir. Sovet fəlsəfə elminin inkişafındakı xidmətləri nəzərə alınaraq o, 1968-ci ildə Elmlər Akademiyasına müxbir üzv, 1976-cı ildə isə həqiqi üzv seçilmişşdir.
Firidun Köçərli 26 il müddətində (1958-1984) akademiyanın Fəlsəfə İnstitutuna başçılıq etmişdir. Bu illərdə o, həm bacarıqlı elm xadimi, həm də respublika filosoflarının ağsaqqalı kimi tanınmış, şəxsiyyətinin təmizliyi, bütövlüyü, qayğıkeşliyi və xeyirxahlığı ilə elmi ictimaiyyətin hörmət və rəğbətini qazanmışdır. Firidun Köçərlini bir alim və elm təşkilatçısı kimi fərqləndirən keyfiyyətlərdən biri təşəbbüskarlığıdır. Onun təşəbbüsü və elmi rəhbərliyi ilə onlarla qiymətli elmi monoqrafik tədqiqatlər, məcmuələr, kollektiv əsərlər hazırlanıb nəşr edilmişdir.
Firidun Köçərli Fəlsəfə və Hüquq İnstitytynun direktoru olmaqla yanaşı, 1973-cü ildən Azərbaycan Fəlsəfə Cəmiyyətinin ilk rəhbəri olmuşdur. O bu cəmiyyətin yaradılmasına və fəaliyyətinə on ildən artıq başçılıq etmişdir. Yeri gəlmişkən, demək lazımdır ki, SSRİ Fəlsəfə Cəmiyyəti Azərbaycan SSR Fəlsəfə Cəmiyyətinin müsbət iş təcrübəsini özünün rəyasət heyətinin iclasında müzakirə edərək bəyənmiş və xüsusi qərar çıxarmışdır.. Bunu da xüsusi qeyd edək ki, Firidun Köçərlinin təşəbbüsü ilə Zaqafqaziya respublikalarının fəlsəfə institutları 70-ci illərdə 6 böyük elmi sessiya keçirmış, 6 adda kitab nəşr etdirmişdir.
Firidun Köçərlinin elmi fəaliyyətində əsasən iki elmi istiqamət mühüm yer tutur. Bunlardan biri sosializm quruculuğunun aktual problemlərinin tədqiqidir.Bu istiqamətdə o, yeni insanın təşəkkülü, zəhmərkeşlərin ateizm, beynəlmiləlçilik tərbiyəsi problemlərinə dair bir sıra kitablar, çoxlu məqalələr yazmışdır. “ Lenin milli siyasətinin təntənəsi”adlı kitabında sovet adamlarında vahid ailə, ümummulli iftixar hissi, sovet xalqlarının sarsılmaz dostluğu məsələlərindən söhbət açır. Azərbaycan xalqının vahid ailədə sosializm quruculuğu illərindəki böyük nailiyyətlərinə, xalqın mədəniyyətinin, mənəvi həyatının, milli adət və ənənələrinin inkişafına nəzər salır.
İstər Bakıda, istərsə də respublikanın müxtəlif bölgələrində müxtəlif mövzularda çoxlu məruzələr etmişdir Məsələn, “ Leninizm və Azərbaycanda inqilabi demokratik fikrin inkişafı”, “ Azərbaycan SSR-də Leninin mədəni inqilab nəzəriyyəsinin həyata keçirilməsi”, “Sov.KP XX1V qurultayı və müasir dövrdə zəhmətkeşlərin ateist tərbiyəsinin vəzifələri”, “ Yetkin sosializm və zəhmətkeşlərdə elmi-materialist dünyagörüşünün formalaşması”, “Çoxmillətli sovet mədəniyyətinin çiçəklənməsi və burjua konsepsiyalarının tənqidi” və sair bu kimi onlarla mövzuda məruzələr etmişdir.
Firidun Köçərli sosializm quruculuğu illərində antikommunizmə və antisovetizmə qarşı mübarizəyə dair nəinki onlarca tutarlı məqalələr yazmış, eyni zamanda, bu sahənin respublikamızda elmi bir istiqamət kimi formalaşmasına rəhbərlik etmiş alimlərimizdəndir.
Firidun Köçərli sözün əsil mənasında böyük ictimaiyyətçi alim, gözəl mühazirəçi və təbliğatçı idi. Təbliğatçılıq isə alimin ən mühüm keyfiyyətidir. Firidun köçərli bir mühazirəçi, təbliğatçı kimi tanınmış, böyük hörmət və nüfuz qazanmışdır.
Ümumittifaq “Bilik cəmiyyəti” Azərbaycan SSR Ali Soveti onu dəfələrlə Fəxri fərmanlarla təltif etmişdir. Bunu da qeyd etmək vacibdər ki, Firidun Köçərli özünün məqalə və televiziya çıxışlarında ardıcıl olaraq vətənpərvərlik və beynəlmiləlçilik mövqeyindən çıxış edirdi. Görkəmli alimin televiziya çıxışları həmişə maraqla qarşılanmışdır O, zəhmətkeşlər arasında elmi bilikləri yaymaqda görkəmli xidmətlərinə və fədakarlığına görə “Ümumittifaq “Bilik cəmiyyəti”nin şöhrət kitabına daxil edilmişdir.
Akademik Firidun Köçərlinin həyat və fəaliyyətinin əsas hissəsi sosializm cəmiyyəti dövrünə düşür. Təbiidir ki, o, sosializm problemləri üzərində iş apararkən, şəxsiyyətə pərəstiş dövrünün ab-havası ilə nəfəs almışdır.
Firidun Köçərlinin elmi fəaliyyətində ikinci istiqamət Azərbaycan xalqının fılsəfə tarixinin tədqiqidir. Bu da təbiidir. Axı sosializm quruluşu cəmiyyətində yaşayasan, kommunist partiyasının üzvü olasan, bu partiyaya, onun ideyalarına sadiq qalacağına and içəsən, sonra isə əsas məqsəddən ayrilib milli məsələlərlə məşğul olmağı önə çəkəsən, əlbəttə, bu, o dövr üçün yoverilməz idi.
Bunu yaxşı dərk edən Firidun Köçərli sosializm quruculuğunun aktual problemlərinin tədqiqi ilə məşğul olmağı ön plana çəkir. Alim xalqımızın böyük oğlu , görkəmli partiya və dövlət xadimi Nəriman Nərimanovun nəzəri, publisist irsini araşdıraraq, onun dünyagörüşü haqqında ilk fundamental əsər yazmışdır. “Nəriman Nərimanov.Həyatı, fəaliyyəti, dünyagörüşü” (1965) adlanan həmin kitabda Nəriman Nərimanovun dünyagörüşünün formalaşması, onun maarifçilikdən inqilabi demokratiyaya və marksizm- leninizmə yüksələn yolu , dünyagörüşünün səciyyəvi xüsusiyyətləri ilk dəfə zəngin faktik material əsasında işıqlandırılır.
Firidun Köçərli Üzeyir Hacıbəyovun publisist irsi əsasında ictimai-siyasi görüşlərini öyrənən ilk tədqiqatçıdır. Onun 1965-ci ildə nəşr etdirdiyi “ Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” kitabı böyük bəstəkarımızın milli demokratik ictimai fikrin inkişafında xidmətlərinə həsr edilmişdir.Müəllif düzgün olaraq belə bir fikir söyləyir ki, Üzeyir Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycanın ən tanınmış publisisti olmaqla, milli mədəniyyətin, inqilabi demokratik ictimai fikrin inkişafında görkəmli rol oynamışdır. Firidun Köçərli Cəlil Məmmədquluzadənin ictimai fikri, fəlsəfi-ateist görüşləri haqqında da yazılanların müəlliflərindəndir.
Molla Nəsrəddinçilərin “Molla Nəsrəddin” jurnalının xalqımızın mədəniyyət tarixindəki rolunun düzgün qiymətləndirilməsində alimin tədqiqatları böyük əhəmiyyət kəsb edir. Onun 1976-cı ildə nəşr etdirdiyi “ Marksizm-leninizm və Azərbaycanda demokratik ictimai fikir” adlı kitabı çox mühüm nəzəri-metodoloji əhəmiyyəti olan problemə həsr olunmuşdur. Müəllif ümumsovet fəlsəfə ədəbiyyatında marksizm-leninizm nəzəriyyəsinin demokratik mədəniyyətə, həmçinin burjua fikrinə təsiri məsələsini ilk dəfə tədqiq edən alimlərdəndir. O, zəngin faktiki materiallara əsaslanaraq, belə bir fikir söyləyir ki, XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin inkişafında keyfiyyətcə yeni bir məırhələ başlanır, marksizm-leninizm ictimai fikir cərəyanına çevrilir və demokratik ictimai-siyasi fikrə hərtərəfli təsir göstərir.
Marksizm-leninizm ideyalarının təsiri altında inkişaf edən demokratik ictimai fikir xalqın ictimai azadlıq mübarizəsi işinə xidmət etmişdir. Firidun Köçərlinin XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi, fəlsəfi fikir tarixinə dair tədqiqatlarının elmi nəticələri Moskvada nəşr olunan “ SSRİ-də fəlsəfə tarixi” kitabının dördüncü cildinə daxil edilmişdir.
Firidun Köçərli M.F. Axundovun fəlsəfi-sosioloji görüşlərinə , həmçinin Azərbaycanda fəlsəfə elminin inkişafına, fəlsəfi mədəniyyətimizə dair bir sıra qiymətli məqalələr yazıb Moskvada və respublika mətbuatında çap etdirmişdir. Onun Moskvada çıxan “Voprosı filosofii”, “Filosofskiye nauki”jurnallarında və respublikanın müxtəlif mətbuat orqanlarında fəlsəfə elminin aktual problemlərinə dair çoxlu elmi məqalələri çap olunmuşdur.
Fəlsəfə və Hüquq İnstitutunda işləyərkən, həmişə bir-birinin ardınca keçiirilən və gözəl ənənə halını almış elmi-nəzəri, elmi-praktik konfransların, elmi diskusiyaların təçkilində də onun xidmətləri şəksizdir. O, sosialist ölkələri fəlsəfə tarixçilərinin 1974-cü ildə Riqa şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak və çıxış etmiş, 1983-cü ildə Kanadada fəlsəfə üzrə keçirilən XV11 Ümumdünya konqresinin əsərlərində “ Orta əsrlər müsəlman Şərqində fəlsəfə və ədəbiyyat”(elitar və kütləvi mədəniyyət) adlı məqalə ilə çıxış etmişdir.
Firidun Köçərli 1965-ci ildə “Mirzə Fətəli Axundovun dünyagörüşü” adlı kitabını nəşr etdirir. O, M.F.Axundovun yaşayıb-yaratdığı dövrün bütün səciyyəvi xüsusiyyətlərini incəliklərinə qədər təsvir edir və M.F.Axundovun zamanın, dövrün zəruri tələbindən meydana gəldiyini söyləyir.
Müəllif Axundovun dünyagörüşünün formalaşmasından danışarkən qeyd edir ki, Axundovun dünyagörüşü öz inkişafında bir-biri ilə sıx bağlı olan iki mərhələ keçirmişdir. Birinci mərhələ 30-50-ci illəri əhatə edir. Bu dövrdə o, görkəmli yazıçı, maarifçi-demokrat, böyük mədəniyyət xadimi kimi tanınır.
İkinci mərhələ 60-cı ildən sonrakı dövrü əhatə edir. Axundovun bu dövrdə bir filosof , xalqın azadlığı və tərəqqisi uğrunda yorulmaz mübariz, görkəmli ictimai-siyasi xadim kimi məşhurlaşır. Onun dünyagörüşü mötədil maarifşilikdən inqilabi demokratizmə qədər yüksəlir. Müəllif M.F.Axundovu daha çox bir maarifçi kimi xarakterizə edir və düzgün olaraq göstərir ki, Axundovun dünyagörüşü , birinci növbədə, Azərbaycanın o zamankı sosial-iqtisadi və mədəni şəraiti ilə üzvi vəhdətdə , müsəlman Şərqi xalqlarının ədbiyyat və mədəniyyətinin , sosial-fəlsəfi fikrinin mütərəqqi ənənələrinin zəminində formalaşıb inkişaf etmişdir. Sonra Firidun Köçərli Axundov haqqında fikirlərini davam etdirərək göstərir ki, o, bir yazışı, bir filosof kimi öz bədii, fəlsəfi yaradıcılığında ,birinci növbədə, doğma xalqını düşündürən problemləri qoymuşdur. Lakin görkəmli mədəniyyət xadimi heç də milli çərçivə ilə məhdud olub qalmamışdır. O, zəmanəsinin irəli sürdüyü sosial-mənəvi problemlərə , məsələlərə öz fəaliyyətində geniş yer vermişdir.
Firidun Köçərli Mirzə Fətəli Axundovun bədii yaradıcılıqda əldə etdiyi nailiyyətləri , ana dilinin saflığı uğrunda apardığı mübarizəni, əlfba sahəsindəki islahatçılıq fəaliyyətini yüksək qiymətləndirir və təkcə Azərbaycan xalqının deyil, bütün türkdilli xalqların bu cür şəxsiyyətlə fəxr etməyə layiq olduqlarını söyləyir. Firidun Köçərli ana dili məsələsinə toxunaraq yazır: “ Axundov dil məsələsini milli həyatın əsas problemlərindən biri kimi qoyur və belə hesab edirdi ki, ana dili hər bir xalqın , etnik qrupun mövcudluğu üçün əsas şərtdir. Dil millətin qəlbini, ruhunu ifadə edir. Xalq dilini itirdikdə, öz milli varlığını itirir, başqa xalqların içərisində “əriyib”, itib batır.
Axundov dildə böyük islahat apardı, ədəbi dili xalq danışıq dili ilə yaxınlaşdırdı, necə deyərlər, dilin özünü demokratikləşdirdi, hamı üçün anlaşıqlı etdi. Axundova görə, milli ədəbi dil şəxsiyyətin mənəvi-əxlaqi özünüdərkinin əsası kimi milli mədəniyyətin və ədəbiyyatın inkişafında böyük rol oynayır.
Milli ədəbi dil uğrunda mübarizə , daha geniş mənada milli müstəqillik uğrunda mübarizədir”. Müəllif Mirzə Fətəli Axundovun “ Kəmalüddövlə məktubları”əsərinin təhlili üzərində xüsusi dayanır, burada oxucunun sezdiyi və sezmədiyi mətləbləri , nüansları işıqlandırmağa , incələməyə çalışır və göstərir ki, M.F.Axundov despotik quruluşu azad cəmiyyətlə əvəz etmək ideyasını irəli sürür, azadlıq ideyalarının carçısı kimi çıxış edir, xalq içərisində olan nifaq və ədavətin birlik və səmimiyyətə çevrilməsini arzu edir. O,Azərbaycan mədəniyyətinin beşiyi başında dayanmmış yazıçı, filosof, mütəfəkkirdir. M.F.Axundov bütün yaradıcılığı boyu tərəqqi,azadlıq və sosial azadlıq ideyalarını hərarətlə müdafiə etmişdir.
Firidun Köçərliyə görə, M.F.Axundovun yazıçı, filosof, ictimai xadim kimi böyüklüyünün sirri onun yazıb-yaratmasında, öz taleyini xalqın taleyindən ayırmamasında idi.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl
Maarif Xadimi
↧
December 3, 2018, 12:40 pm
Axund Molla Mustafa Ağamalı oğlu Əliyev 1843-cü ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində anadan olmuşdur. Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017) adlı monoqrafiyam əsasında hazırlanmışdır. Onun soykökü Qarabağın qədim tarixi keçmişə malik Seyidli kəndinin Kərbəlayi Miralılar nəslindəndir. Din xadimləri, tacirləri ilə tanınmış nəsil öz adını Kərbəlayi Mirəlinin (...-1826) adından almışdır. Kərbəlayı Mirəli mükəmməl dini təhsil almış, dövrünün savadlı, nüfuzlu din xadimlərindən sayılmışdır. Kərbəlanı ziyarət etdiyi üçün Seyidli kəndində Kərbəlayi Mirəlı adı ilə tanınmışdır.
Axund Molla Mustafa Əliyevin atası Ağamalı (1808-1848) Kərbəlayi Mirəlinin oğludur. Ağamalı da atası kimi dövrünün savadlı şəxsiyyətlərindən sayılmışdır.
Axund Molla Mustafa Əliyevin həyatı və fəaliyyəti haqqında təəssüf ki, əlimizdə kifayət qədər məlumat yoxdur. O, Ağamalının böyük oğludur. Beş yaşında atası vəfat etmiş, anası Yetər xanımın himayəsində böyümüşdür. İlk təhsilini Seyidlidə almışdır. Sonralar Nəcəfdə ali dini təhsil almışdır. Mədrəsədə oxuduğu illərdə qeyri-adi istedadı, qabiliyyəti sayəsində ərəb, fars dillərini, şəriət elmlərini mükəmməl öyrənmiş, savadlı din xadimi kimi Qarabağa qayıtmışdır. Ağdam Cümə məscidinin axundu seçiləndə otuz yaşlarında olmuşdur. O, Axund Molla Mustafa Əliyev adı ilə Qarabağda savadlı din xadimi kimi tanınmış, müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Mükəmməl dini təhsili olduğu üçün ərəb, fars dillərini, şəriət elmlərini tədris etmiş, Qarabağda savadlı din xadimlərinin yetişməsində əhəmiyyətli rol oynamışdır.
Axund Molla Mustafa Əliyev gənc yaşlarından Qarabağın müdrik insanlarından sayılmış, yaşadığı bölgənin ictimai həyatında yaxından iştirak etmişdir.
Axund Molla Mustafa Əliyev iki dəfə ailə həyatı qurmuşdur. Birinci evlilik həyatında Şuşa qəzasının Çəmənli (indiki Ağdamın Çəmənli kəndi) kəndindən olan xanımla evlənmiş, İbrahim adlı oğlu dünyaya gəlmişdir. İkinci dəfə Məşədi Başxanımla evlənmiş, Zülfüqar, Yusif, Nəsir adlı övladları anadan olmuşdur.
Axund Molla Mustafanın övladları Axundov soyadını daşımışdır. Nəsil bu gün də Axundov soyadı ilə tanınır.
Müxtəlif vaxtlarda Ağdam Cümə məscidinin axundu seçilmiş Hacı İbrahim ağa Axundov, Axund Molla Zülfüqar Axundov, barama istehsalı ilə məşğul olmuş, Ağdamda ipək fabrikinin sahibkarlarından sayılmış Məşədi Yusif Axundov və Məşədi Nəsir Axundov Axund Molla Mustafa Əliyevin oğlanlarıdırlar.
Bu il Axund Molla Mustafa Əliyevin anadan olmasının 175 illik yubileyi tamam olur. Ağdam Cümə məscidinin ilk axundu Axund Molla Mustafa Əliyevin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.
Orxan Zakiroğlu (Baharlı)
________________________________________________________________________________________________
↧
December 7, 2018, 5:00 am
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri, Fətəli Xan Xoyskinin doğum günüdür.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökumətinin başçısı, AXC-nin daxili işlər naziri Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olub.
Atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.
1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdi. O, 22 dekabr 1806-cı il tarixdə[3] Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülüb.
Cəfərqulu xan 3 sentyabr 1814-cü il tarixdə[4] vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır.
Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirib.
Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləyib. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olub.
O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilib.
Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi.
O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı - müvəkkil vəzifəsini icra etmişdir.
Fətəli xan Xoyski 19 iyun 1920-ci ildə Tiflisdə erməni terrorçuları Aram Yergenyan və Misak Qriqoryan tərəfindən qətlə yetirilib.
Terror aktı nəticəsində Xəlil bəy Xasməmmədov (Cümhuriyyətin ədliyyə və daxili işlər naziri) ağır yaralanıb.
1917-ci ildə Rusiyada Fevral burjua inqilabı baş verdi. Fətəli xan Xoyski martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilib. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında iştirak edib.
F. Xoyski burjua inqilabından sonra heç bir partiyaya mənsub olmasa da, 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilən Türk Ədəmi - mərkəziyyət partiyası Musavatın birinci qurultayında çıxış və iştirak edib və həmin qurultayda irəli sürülən Azərbaycana muxtariyyət şüarını qızğın müdafiə edib. O, 1917-ci ilin dekabrında yaranan Zaqafqaziya seyminin üzvü və müstəqil Zaqafqaziya Federativ Respublikası hökumətinin ədliyyə naziri olub.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Təkcə türkdilli xalqlar arasına deyil, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoyan Azərbaycan xalqının ilk müstəqil hökumətini təşkil etmək bitərəf Fətəli xan Xoyskiyə tapşırıldı. O, hökumətdə həm nazirlər şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini tuturdu. 1918-ci il iyunun 17-də Azərbaycan Milli Şurasının göstərişinə əsasən Fətəli xan Xoyskinin başçılığı ilə ikinci hökumət kabinəsi təşkil olundu.
1918-ci il sentyabrın 15-də Bakının oyuncaq Sentrokaspi qüvvələrindən təmizlənməsi münasibətilə Fətəli xan Xoyski çıxış edərək detyib: "Bizim də həyatda yaşamağa, bizim də azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır." (Azərbaycan qəzeti, 19. IX. 1918. № 2)
Professor V. İ. Razumoskinin 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı məqaləsində məlum olur ki, Azərbaycan Dövlət Universitetinin yaranması təşəbbüsü Fətəli xan Xoyskiyə məxsusdur.
F. Xoyski 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinəsində də Nazirlər Şurasının sədri və Xarici İşlər naziri vəzifəsini tuturdu. Məhz onun dövründə Azərbaycan dövlət orqanlarının özülü qoyulmuşdu.
Müstəmləkə siyasətinin rəmzi olan Yelizavetpol şəhəri və quberniyasının yenidən Gəncə və Gəncə quberniyası adlandırılması, Qaryagin qəzasının Cəbrail qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlər Xoyskinin rəhbərlik etdiyi hökumət kabinələri dövründə həyata keçirilməyə başlanıb.
1919-cu ilin mart ayında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət istefaya çıxdı.
Fətəli xan Xoyski Nazirlər Şurasının sədri N. Yusifbəylinin təşkil etdiyi ikinci hökumət kabinəsində Xarici İşlər naziri vəzifəsinə icra edib. Azərbaycan Demokratik Respublikasının beynəlxalq aləmdə və xarici dövlətlər tərəfindən tanınmasında Fətəli xan Xoyskinin müəyyən xidmətləri olub.
1920-ci il yanvarın 2-də RSFSR-in Xarici İşlər üzrə Xalq Komissarı G. V. Çiçerin ağqvardiyaçı general Denikinə qarşı vahid cəbhə yaratmaq üçün Xoyskiyə nota ilə müraciət etdi. Ayın 19-da Xoyskinin verdiyi cavabda göstərilirdi ki, Azərbaycan Respublikası Sovet Rusiyasının daxili işlərinə qarışmır və bu məsələdə bitərəfdir.
G.V. Çiçerin 23 yanvar tarixli ikinci notasında yenə həmin məsələyə qayıdaraq, Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı ki, biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq. Xoyski fevralın 1-də Çiçerinə öz hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib.
1920-ci il fevralın 20-də Çiçerinin üçüncü notası və martın 7-də Xoyskinin cavabı eyni məsələyə həsr olunub.
Martın axırında Çiçerin sonuncu notasını göndərib, aprelin 27-də Xoyski Azərbaycan parlamentində cavab notasını oxuyarkən XI Qızıl Ordunun Bakıya yaxınlaşdığı xəbəri alınıb. Bu hadisələrdən sonra Fətəli xan öz ailəsi ilə birlikdə Tiflisə gedib. 1920-ci ilin iyunun 19-da erməni milliyətçisi, qatil Aram Yerganian (Ermənistan Milli Qəhrəmanı) tərəfindən arxadan güllə ilə vurulub.
M. F. Axundovun yanında dəfn edilib.
Karabakhmedia.az
↧
December 7, 2018, 3:28 am
Firidun Köçərli M.F.Axundovun sosial-siyasi idealından danışarkən, onun mütləqiyyət quruluşuna, despotizmə, zülmə, ədalətsizliyə nifrət etdiyini, konstitusiyalı parlament üsuli-idarəsini bəyəndiyini, hüquq bərabərliyini və şəxsiyyət azadlığını müdafiə etdiyini göstərir və doğru olaraq qeyd edir ki, Mirzə Fətəli Axundov özünün “ Kəmalüddövlə məktubları”nda ilk dəfə olaraq inqüilab anlayışının sosial-fəlsəfi mənasını açsa da, öz idealının həyata keçirilməsində elmə, maarifə böyük ümid bəsləyirdi. Hətta bir sıra hallarda o, ictimai tərəqqini elmin, maarifin inkişafı ilə eyniləşdirir, maarifçilik xəyallarına qapılır və belə güman edirdi ki, cəmiyyətdəki bərabərsizliyə, zülmə, istismara, haqsızlıqlara son qoymaq üçün xalqın şüurunu inkişaf etdirmək kifayətdir.
Əvvəli burada
Müəllif M.F.Axundovun sosial-siyasi idealı haqqında geniş və dərin məlumat verir. “ Mirzə Fətəli Axundov və yeni dövr Azərbaycan fəlsəfəsi” fəslində Axundov fəlsəfəsinə xas olan cəhətləri aydınlaşdırmağa çalışır ki, bu fəlsəfədə başlıca olaraq dövrün mürəkkəb, ziddiyyətli problemləri, doğma xalqının ən ümdə arzu və istəkləri, sosial-siyasi və mədəni-mənəvi tələbatları əks edilmişdir. Bu fəlsəfə Azərbaycanda materializmin inkiıafında yeni mərhələdir.
Firidun müəllim göstərir ki, bu fəlsəfə ümumdünya fəlsəfi fikrindən kənarda deyil, onun tərkib hissəsi kimi formalaşmışdır. Köçərli M.F.Axundovun hind fəlsəfəsinə , xüsusən çarvakların münasibətini maraqlı cəhət kimi qələmə verir: “Axundov çarvakların görüşlərini hörmətə layiq hesab edir, xüsusilə onların “axirət dünyası” haqqında dini təsəvvürlərə qarşı çıxmalarını, xalqı mövcud, həqiqi dünya nemətlərindən faydalanmağa çağırışlarını yüksək qiymətləndirir və yazırdı ki, planetimizdə mövcud olan qanuna görə, gözlə görünməyən, hiss edilməyən, dərk edilməyən heç bir şey mövcud deyildir.
Firidun Köçərli M.F.Axundovun, demək olar ki, bütün yaradıcılığını tədqiq etmişdir. Nəticədə onun haqqında öz fikirlərini belə ümumiləşdirmişdir:” Axundov öz dövrünün, öz xalqının oğludur. Dövr, zaman onun fəlsəfi konsepsiyasına, seçdiyi fəlsəfi problemlərə, eyni zamanda, bu problemlərin həlli məsələlərinə öz möhürünü basmıəşdır. Milli inkişafın o dövrdə elə bir mühüm əhəmiyyətli hadisəsi yoxdur ki, Axundov ona öz münasibətini bildirməmiş olsun, həm də bu fəlsəfə Azərbaycan həyatının “keçid” dövrünün mürəkkəb və ziddiyyətli problemlərini, xalqın sosial-siyasi və mənəvi tələbatlarını əks etdirməklə kifayətlənməmiş, eyni zamanda, cəmiyyətin əsas inkişaf meylini göstərməyə, bu inkişafa kömək etməyə çalışmışdır. Axundovun fəlsəfi görüşləri, birinci növbədə, xalqın mənlik şüurunu özündə cəmləşdirmiş, uzun əsrlik tarixi olan milli fəlsəfə zəminində təşəkkül tapmışdır. Axundovun materialist fəlsəfəsi Azərbaycanda X1X əsr ictimai-fəlsəfi fikrin zirvəsidir.”
Firidun Köçərli Mirzə Fətəli Axundovu Azərbaycan fəlsəfəsi tarixində bütöv bir dövr, mərhələ adlandırır. Xalqın milli şüurunun təşəkkülündə, milli fəlsəfənin sonrakı inkişşafında onun misilsiz rol oynadığını, cəmiyyətin mənəvi həyatına güclü təsir göstərdiyini qeyd edir.
Mirzə Fətəli Axundovu hərtərəfli öyrənmək üçün onun yaradıcılığını araşdırmaq lazım deyil, elə Firidun Köçərlinin bu əsərini nəzərdən keçirmək kifayətdir. M.F.Axundovun ateist görüşlərindən danışan Firidun Köçərli dövrün, sosial-siyasi quruluşun tələblərinə uyğun olaraq, onu az qala ateistlərin ilham mənbəyi kimi, onların rəhbəri, müəllimi kimi göstərsin. Firidun müəllim yazır: “Axundov belə bir həqiqətlə hesablaşmalı olurdu ki, din və onun mübəlliğləri əsrlər boyu istibdad üsuli-idarəsini ilahiləşdirmiş, mövcud quruluşa, feodal qayda-qanunlarına qarşı yönəldilmiş hər bir təşəbbüsü, sağlam fikri amansızcasına boğmuş, insanlara mütilik, köləlik, acizlik şüuru aşılanmasında zərərli rol oynamışdır. Din istibdad quruluşunu müdafiə edir, elmə, maarifə, sağlam düşüncəyə ziddir”.
Firidun Köçərli M.FəAxundovun etik görüşlərindən bəhs edərkən göstərir ki, Axundov “kamil” insan probleminə toxunmuş və bu zirvəyə yüksəlmək istəyənlərin qarşısında yeddi vəzifə qoymuişdur: birinci vəzifə ondan ibarətdir ki, insan pis əməllərdən çəkinməlidir. İkinci vəzifə budur ki, insan yaxşılıq etməyə çalışmalıdır. Üçüncü vəzifə bundan ibarətdir ki, insan zülmü dəf etməyə çalışmalıdır. Dörüüncü vəzifə bundan ibarətdir ki, insan öz həmvətənləri ilə cəmiyyətdə müttəfiq yaşamalıdır. Beşinci vəzifə bundan ibarətdir ki, insan elm ardınca getməlidir. Altıncı vəzifə bundan ibarətdir ki, insan hər yerdə elmi yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi və öz imkanları daxilində özünə müttəfiq olan cəmiyyət, öz həmvətənləri və öz həmfikirliləri içərisində qayda və qanunları mühafizə etmək uğrunda mübarizə aparmalıdır.
Firidun Köçərli M.F.Axundovun ədəbi-tənqidi və estetik görüşlərini də ətraflı təhlil etmişdir. Ədəbiyyatın gerçəkliklə əlaqəsi, sənətin təbiəti, ictimai-tərbiyəvi rolu, estetik təsiri, sənətdə məzmun və forma, xəlqilik və ideyalılıq, bədii yaradıcılığın digər mühüm məsələləri və sair haqqında M.F.Axundovun fikir və mülahizələrini vermişdir.
Mirzə Fətəli Axundovun vətənpərvərlik haqqında olan fikirlərini müəllif belə təqdim edir:” Patriot ibarətdir o kimsədən ki, vətən təəssübü üçün və millətə məhəbbəti üçün can və malını müzayiqə etməyə və öz vətəninin və millətin mənfəəti-azadiyyəsi üçün cəfakeş ola. Bu halət və keyfiyyət həmişə qeyrətmənd şəxslərdə biruz edər. Filosofun fikrincə, “vətən və el təəssübü” çəkmək qeyrətlilik əlamətidir, şərəf və şöhrət qazanmaq yoludur”
Firidun Köçərli Mirzə Fətəli Axundovun “İnsan tələbatları haqqında” yazısını təhlil edərək göstərir ki, Mirzə Fətəli insan tələbatlarını üç qismə ayırır: cismani, əqli və mənəvi tələbat. Cismani tələbat geyimə, qidaya, mənzilə tələbatdır, Əqli tələbat elmləri öyrənməyə, təbiətin qanunlarını və sirlərini dərk etməyə olan tələbatlardır. Mənəvi tələbat isə insanın ailəyə, qohumlara, öz vətəninə məhəbbət hissidir.
Mirzə Fətəli Axundovun “ Həyatın mənası” probleminə aid mülahizələri haqqında danışan müəllif göstərir ki, Axundova görə, dünyada heç bir nemət həyatın əvəzi deyildir. İnsan xeyirxahlığı, gözəl əxlaqı ilə fərqlənməli, özünün vətənlə bağlılığını dərk etməli, ictimai ədalətsizliyə qarşı barışmaz mövqe tutmalıdır.
Müəllif ictimai və şəxsi mənafe haqqında Axundovun fikirlərini belə verir: “Axundov yazırdı ki, indi də gəlin, bir qədər şəxsi mənfəət güdmədən vətənimizin azadlığı, xalqımızın səadəti və tərəqqisi yolunda yaxşı işlərə iqdam edək.Biz ümumun mənfəətini istəyirik, bizim bütün səylərimizin faydası ancaq xalqa aiddir”.
Firidun Köçərli 1965-ci ildə qələmə aldığı Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” adlı monoqrafiyasında Üzeyirin sosial-fəlsəfi görüşlərini işıqlandırmağa səy göstərir. Qeyd edir ki, Üzeyir Hacıbəyovun dünyagörüşünün formalaşmasında 1905-ci il inqilabı və bolşevik mətbuatının meydana gəlməsi xüsusi rol oynamışdır. Üzeyir Hacıbəyov öz publisist məqalələrində dövlət, cəmiyyət, siyasət, dövlətin formaları, demokratik hakimiyyət məsələsi, xalqların azadlığı, vətənpərvərlik, dostluq,beynəlmiləlçilik və sair bu kimi dövrü üçün aktuallıq kəsb edən problrmlərə toxunur.
Müəllif daha sonra qeyd edir ki, Üzeyir Hacıbəyov “Molla Nəsrəddin” jurnalı ilə sıx əməkdaşlıq edir və vu jurnalda onu maraqlandıran və düşündürən məsələlər haqqında yazılarını çap etdirirdi. Onun 1907-ci ildə tərtib etdiyi lüğəti Firidun Köçərli “qabaqcıl ictimai fikrimizin görkəmli xidmətlərindən biri kimi qiyməıtləndirir. “Lüğətdə “sosializm”, “demokratizm”, “inqilab”, “internasionalizm”, “ intibahnamə”, “ağrariya hərəkəti”, “idareyi-məşrutə”, “agitasiya”, “irtica”, “absolyutizm”, “istibdad”, “anarxizm”, “opportunizm” və digər bir çox ictimai-siyasi anlayışlara verilən izah göstərir ki, Hacıbəyovun dünyagörüşü marksizm nəzəriyyəsinin təsiri altında inkişaf etmişdir”.
Firidun Köçərli Üzeyir Hacıbəyovun inqilabi ideyalarından danışarkən, qeyd edir ki, Hacıbəyov Azərbaycan kəndindəki sinfi ziddiyyətləri, kəndlilərin həyatının dəhşətli mənzərələrini, onlara edilən iqtisadi və mənəvi əsarətin acı nəticələrini bütün çılpaqlığı ilə göstərmişdir. O, zəhmətkeşləri başa salırdı ki, onları acınacaqlı vəziyyətə qoyan “mənhus tərzi-idarədir”, mövcud mütləqiyyət quruluşudur, hakim
siniflərdir.Hakim siniflər var qüvvəsi ilə çalışırlar ki, zəhmətkeşlər əbədi cəhalət və nadanlıq içərisində qalıb”qəflət yuxusundan” ayılmasınlar, öz hüquqları uğrunda mübarizə aparmasınlar”.
Müəllif Üzeyir Hacıbəyovun azadlıq haqqındakı fikirlərə münasibətini aydınlaşdıraraq yazır:”O, zəhmətkeşlərin azadlıq mübarizəsini təbii hüquq qanununa əsasən izah edir və deyirdi ki, insan öz təbiəti etibarilə azad yaranmışdır və azad da yaşamalıdır. Lakin “hakimi-müstəbid dəxi təbiətində hürr və azad yaradılmış olan insanı əbd və qulluq üçün tərbiyət edir...hökuməti-müstəbidənin ümdə əsası ağalıq və qulluqdur.Hərçənd Hacıbəyov inqilabın iqtisadi əsasını , obyektiv və subyektiv amillərini elmi şəkildə izah edə bilmirdi”.
Firidun Köçərli Üzeyir Hacıbəyovun 1905-ci il inqilabına münasibətini və bu inqilaba dərin inam bəslədiyini belə verir: “ Hacıbəyov xüsusi qryd edirdi ki, inqilab Azərbaycan xalqı üçün daha böyük əhəmiyyətə malikdir. İnqilab bizə özümüzü dərk etməyə , “gözümüzün örtüyünü açmağa” və tərəqqi yoluna çıxmağa imkan verir. O, xalqı başa salırdı ki, ümumi tərəqqi yoluna çıxmaq üçün Rusiyanı bürüyən azadlıq hərəkatından istifadə etmək lazımdır. Rusiyanın “əsarətin yamanlığını və azadəliyin yaxşılığını” anlayan “millətləri boyunlarına keçmiş zənciri-əsarəti” məhv etmək üçün bütün qüvvələrini sərf edirlər. Azərbaycan xalqı bu mübarizədən geridə qalmamalıdır”.
Müəllif Üzeyir Hacıbəyovun müxtəlif partiyalara olan münasibətini də açıqlayır, sosislaizmin mahiyyəti barədə onun düşüncələrini aydınlaşdırır. “ Sosializm siyasi bir əqidədir ki, ona görə, dünya malını hamı adamlar arasında bərabərcə bölmək üçün indiki məişət və həyati-bəşəriyyəni dəyişdirmək lazımdır.Yəni bu əqidəyə görə, dünyada dövlətliliyi və kasıblılığı aradan götürüb, hamını iqtisadi cəhətcə bərabər etmək olar. Bunun üçün xüsusi və şəxsi mənafeyi aradan götürüb, əmək və zəhməti hamı arasında bərabər bölmək lazımdır ki, bunların məhsulatı da hamıya bərabər çatsın”.
Bu əsərin bölmələrindən biri də “ Şərq xalqlarının azadlıq hərəkatına münasibət” adlanır. Müəllif qeyd edir ki, Şərq xalqlarının ictimai və milli zülmə qarşı azadlıq mübarizəsi məsələsi Üzeyir Hacıbəyovun da dünyagörüşündə mühüm yer tutur. O, belə bir həqiqəti aydın görürdü ki, Rusiya xalqlarının inqilabi azadlıq mübarizəsi bütün dünya xalqlarına, birinci növbədə, Rusiyaya qonşu olan məzlum xalqlara təsir edib əks-səda doğuracaq, Şərq xalqlarını oyadıb hərəkətə gətirəcək, V.İ.Leninin dediyi kimi, “ yüz milyonlarla məzlum əhali ayılıb yeni həyat və insan üçün ən ibtidai hüquqlar uğrunda mübarizəyə, demokratiya uğrunda mübarizəyə qoşulacaqlar”.
Monoqrafiyanın “ Demokratik hakimiyyət uğrunda”adlanan bölməsində Firidun Köçərli Üzeyir Hacıbəyovun dövlətin mənşəyi və mahiyyəti məsələsinə dair bir sıra məqalələr yazdığını və bu məqalələrdə dövlətin ilahi mənşəyi haqqında dini-idealist baxışların rədd edildiyi, dövlətin sinfi mahiyyəti konkret faktlarla inandırıcı şəkildə göstərildiyini bildirir.
Müəllif yazır ki, dövlətin mənşəyi məsələsində Hacıbəyov başlıca diqqətini əhali arasında hakim siniflər və ruhanilər tərəfindən uydurulmuş, geniş yayılmış və siyasi cəhətdən zərərli olan dövlətin allah tərəfindən yaradılması haqqındakı baxışları ifşa etməyə yönəldir və göstərirdi ki, dövlətin allah tərəfindən yaradılması onun əbədiliyini qəbul etmək, ictimai ədalətsizliyə, hər cür zülm və istismara bəraət qazandırmaq deməkdir.
Üzeyir Hacıbəyov yazır: “ Biz hökuməti, hökumət ərbablarını göydən enmiş bir şey hesab etdiyimizə görə və bu zənnimiz sayəsində öz hökumətimizdən öz başımıza gələn bəlaları görmədiyimiz surətdə təbiidir ki, İran və Osmanlı hökumətlərinin də müsəlman qardaşlarımızın başlarına gətirdikləri cövr və zülmü və bundan naşı hər iki məmləkətin getdikcə inqiraza yanaşdığını görməyiriz”.
Firidun Köçərli qeyd edir ki, Üzeyir Hacıbəyov məqalələrindən birində dövlətin sütunu kimdir? Sualını aydınlaşdırır. Hakim sinfin nümayəndələri bu suala müxtəlif cavablar verir və hər biri özünü sütun adlandırır, sonra isə onlar kəndlini, fəhləni görüb soruşurlar ki, “sütuni-dövlət kimdir?” Kəndli cavabında deyir: “ Ey ağalar, istəsəniz biləsiniz bunun həqiqətini ki, kimdir sütuni-dövlət, biliniz, biri mənəm və o biri—bu bədbəxt yoldaşlarımdır. Cəmi işlər bizim zəhmətimizlə bağlıdır, hərgah biz işləməsək, nə karxanalar olar, nə alış-veriş olar, nə çörək olar, nə pul olar. Xülasə, heç dirilik olmaz, nəinki padşahlıq”.
Firidun Köçərli yazır ki, Üzeyir Hacıbəyov dövləti idarə üsullarına görə üç qismə bölürdü: idareyi-müstəqillə(mütləq monarxiya dövləti), idareyi-məşrutə(konstitusiyalı dövlət) və idareyi-amiyyə(demokratik respublika). İdareyi-müstəqillədə camaat üçün qanun və nizam tərtib etmək padşahla vüzəranın əlində olub, camaat bu işə qarışmır. Padşah dəxi külli-ixtiyar sahibidir. Bu cür dövlətlərin məqsədi heç də xalqın rifahı və səadəti, ”camaat mənafeyini gözlətmək deyilldir. Əksinə, mütləqiyyət quruluşu şəraitində “camaat həmişə miskin və zəlil bir halda olar. Konstitusiyalı dövlətlərdə isə “ümumi məmləkət üçün qanun qoymaq və nizamlar tərtib etmək camaat və vəkillərdən ibarət olan məclisi-məbusanın həll və müzakirəsi ilə olub, padşah dəxi təsdiq edir. Vəzirlərdən ibarət olan hökumət isə bu qanun və nizamnamələri icra edirlər və özləri də məclisi-məbusan qabağında məsul və cavabdehdirlər”.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi
işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi
↧
↧
December 7, 2018, 2:05 pm
12 may 1913-cü ildə Qazaxda doğulub, ibtidai və orta təhsilini bu şəhərdə alıb.
1929-cu ildə Qazax Müəllimlər Seminariyasını bitirib.
Bir il Balakəndə müəllim işləyib, 1931-ci ildə Bakı Dövlət Universitetinin Tibb Fakültəsinə daxil olub.
Bu şəxs ömrünün böyük hissəsini Almaniyada keçirən azərbaycanlı mühacir şair, həkim Alazan Baycandır.
Əsl ad-soyadı Hacı Həsənzadə olan Alazan Baycan dəmir pərdənin endiyi 1930-cu illərdə ölkəni tərk edib.
1933-cü ildə oxuduğu fakültədən ayrılaraq Güney Azərbaycana, oradan da Türkiyəyə keçib.
1934-cü ildə İstanbul Universitetinin Tibb Fakültəsinə daxil olub, 1939-cu ildə buranı bitirib.
Həkimlik fəaliyyətinə başlayan Baycan İstanbulda bir il Gülhanə Tətbiqi Məktəb və Klinikasında, daha sonra Gemlik Hərbi Xəstəxanasında çalışıb.
Baycan 1942-ci ildə digər mühacir Fuad Əmircanla birlikdə Almaniyaya gedib, bir il Berlin Universitetində çalışıb. 1943-cü ildən etibarən Freyburq Universitetində fəaliyyətə başlayıb. 1948-ci ildə daxili xəstəliklər üzrə mütəxəssis adını qazanan Baycan həmin ildən etibarən özəl müayinəxana açaraq fəaliyyət göstərib.
Baycan xeyirxahlığına görə Almaniyadakı türk işçilər arasında “Baba” ünvanını qazanıb.
O, Azərbaycanın yenidən müstəqillik əldə etməsinə iki il qalmış, 1989-cu il noyabrın 8-də Freyburqda vəfat edib.
Azərbaycan Kültür Dərnəyi şairin “Könül sazından” (1983) və “Dağ çiçəkləri” (1987) adlı şeir kitablarını çap edib.
Freyburqda Höte küçəsində yaşayan Baycan Hötedən və Nitşedən türk dilinə tərcümələr edib.
“Dağ çiçəkləri” şeir kitabına ön sözü Əhməd Qaraca yazıb. Kitaba şairin Hötedən tərcümə etdiyi 8, Nitşedən isə 5 əsər daxil edilib.
***
Axundov adına milli kitabxanada “Ədəbiyyat” qəzetinin 1990-cı il saylarını tədqiq edərkən mərhum professor Abbas Zamanovun Alazan Baycan haqqında kiçik bir yazısına rast gəldik. Hələ sovet dönəmində Azərbaycan mühacirləri ilə əlaqə qurmağa çalışan, bəzi hallarda buna nail olan Abbas bəy mühacir şairlə də məktublaşıb.
4 may 1990-cı ildə “Ədəbiyyat” qəzetində (2411-ci say) dərc edilən məqaləsində professor yazırdı:
“Doktor A.Baycan qürbətdə didərgin həyatı sürsə də, vətənlə əlaqələrini kəsməmişdir. Həmişə doğma Azərbaycandan müxtəlif yollarla qəzet, jurnal, kitab əldə etmiş, Azərbaycanla birgə yaşamış, birgə nəfəs almışdır. Mühacirətdə yaşayan bir çoxları onun kitabxanasından istifadə edirdilər. Mən şəxsən iyirmi ilə yaxın onunla məktublaşmış, kitab mübadiləsi etmişəm. A.Baycanın şeirlərinin yeganə leytmotivi Vətən həsrətidir.
O, mənə göndərdiyi məktubların birində yazırdı: “Dünyada yeganə arzum ana vətəni ziyarət etməkdir. Heç bilmirəm bu istək mənə qismət olacaqdırmı?”
Çox təəssüf ki, Vətənin vətənindən didərgin düşən qərib oğlunun arzusu həqiqətə çevrilmədi. O, bütün ömrü boyu Vətən həsrətiylə yaşadı,Vətən həsrətiylə öldü. Qərbi Almaniyanın Freyburq şəhərində 1989-cu il noyabrın 9-da gözlərini həyata yumdu. Doktor A.Baycanın həyat yoldaşı İnqa xanım mənə göndərdiyi kədərli məktubda yazmışdı: Alazan ömrünün son dəqiqələrində bu sözləri dedi: Azərbaycan...Qazax...Səməd. O, bu sözləri deyəndən sonra keçindi”.
Qaynaqlar:
1. Alazan Baycan – “Könül sazından”, Ankara, 1983
2. Alazan Baycan – “Dağ çiçəkləri”, Ankara, 1987
3. “Azərbaycan” dərgisi, Ankara, 270-ci say
4. “Ədəbiyyat” qəzeti, N 16 (2411), 1990
Müəllif: Dilqəm Əhməd
Mənbə: teleqaraf.com
↧
December 12, 2018, 4:44 am
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Cabir Novruzun ölümündən 16 il ötür.
Cabir Novruz 1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil alıb və 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilib və 1957-ci ildə oranın məzunu olub.
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olub.
O, Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülüb. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilib.
2002-ci il dekabrın 12-də vəfat edib.
Karabakhmedia.az
↧
December 12, 2018, 10:44 am
SEYİDLİ KƏNDİNDƏ ÜNAS MƏKTƏBİNİN YARADICISI
Tanınmış maarif xadimi Mənzər xanım Şərifova (Mirzəyeva) 1898-ci ildə Şuşa şəhərində anadan olmuşdur. O, polkovnik Rüstəm bəy Mirzə Pənahəli oğlu Mirzəyevin qızıdır.
Mənzər xanım Şərifova (Mirzəyeva) 1916-cı ildə Şuşada qadın gimnaziyasını bitirmişdir. 1922-ci ildə Şuşa qəzasının Seyidli (indiki Ağdam rayonunun Seyidli kəndi) kəndində ilk qız məktəbinin (Ünas məktəbi) açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, Seyidli kəndində Ünas məktəbini açanda 24 yaşında olmuşdur.
Mənzər xanım Şərifova (Mirzəyeva) Seyidli kəndində pedaqoji fəaliyyətlə yanaşı, Əbdürrəhim bəy Haqverdiyevin, Süleyman Sani Axundovun əsərlərini tamaşaya hazırlamış, qadın rollarını özü oynamışdır.
Mənzər xanım Şərifova (Mirzəyeva) ilk vaxtlar dərsi qız şagirdlərinə öz evində keçmişdir. Bir müddət sonra dərsi Dadaş Astan oğlu Kazımovun, Abdulla bəyin Seyidli kəndindəki mülklərində davam etdirmişdir.
Mənzər xanım Şərifova (Mirzəyeva) sonralar Ağdam şəhər 2 nömrəli beynəlmiləl orta məktəbin ibtidai sinif müəllimi işləmişdir. Şəhər 2 nömrəli beynəlmiləl orta məktəbdə dərs dediyi illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin fevral 1949-cu il tarixli fərmanı ilə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edilmişdir.
Mənzər xanım Şərifova (Mirzəyeva) Çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyətiı dövründə Ağdam şəhərinin pristavı vəzifəsində işləmiş, eyni zamanda İranda Səttarxan hərəkatında iştirak etdiyi üçün xan tituluna layiq görülmüş İldırım xan Qasım bəy oğlu Şərifovla (...-1925) ailə həyatı qurmuş, bu nigahdan övladı olmamışdır.
Mənzər xanım Şərifova (Mirzəyeva) 1958-ci ildə, 60 yaşında təqaüdə çıxmış, bir müddətdən sonra Bakı şəhərinə köçmüşdür.
Bu il Mənzər xanım Şərifovanın (Mirzəyeva) anadan olmasının 120 illik yubileyi tamam olur. Seyidli kəndində Ünas məktəbininin yaradıcısı tanınmış maarif xadiminin həyatı, fəaliyyəti tədqiq edildikcə zamanla layiqli qiymətini alacaqdır.
Məqalə “Qarabağın Seyidli oymağı” (I kitab, Bakı, 2017), “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyalarım əsasında hazırlanmış, Karabakmedia.az saytında çap olunur. Müəllifin icazəsi olmadan bu məqalə başqa Kütləvi İnformasiya Vasitələrində çap edilə bilməz.
Orxan Zakiroğlu (Baharlı)
________________________________________________________________________________________________
↧
December 15, 2018, 3:20 am
Bu gün tanınmış azərbaycanlı şair, yazıçı, esseist, kino-dramaturq, tərcüməçi Ramiz Rövşənin (Rövşən Ramiz Məmmədəli oğlu) doğum günüdür.
1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.
Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən 1997-ci ildə qəbul olunmuş Müsavat partiyasının himninin sözlərinin müəllifidir.
Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.
Karabakhmedia.az saytı olaraq şairimizə uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır, oxucalara isə şairdən bir şeir parçası təqdim edirik:
Kim deyir yuxuda ölmək asandı
Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən
Səhər tezdən eşidirsən əzandı,
Yuxuda kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi.
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?!
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
* * *
Boşaldı dünyanın sən olan yeri…
Dünyanın
sən olan yerindən indi
Tozlana-tozlana maşınlar keçir,
Nazlana-nazlana xanımlar keçir,
Cavanlar keçir
tüpürüb siqaret kötüklərini.
Dünyanın sən olan yerindən ancaq
mən keçə bilmərəm.
Baş alıb qaçaram gecələr ilə,
Uzun yollar ilə, küçələr ilə,
Dünyanın sən olan yerindən elə
baş alıb qaçaram, qaça bilmərəm.
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
Dünyanın sən olan yerinə bir gün
yağış yağacaq.
Gecə köynəyində, ürkək-utancaq,
çıxarsan eşiyə, gözlərsən məni,
üşüyə-üşüyə gözlərsən məni.
Qoşulub ağlarsan
yağan yağışa,
Əlimdən nə gələr?..
Məni bağışla!..
…Nə sən kiriyirsən, nə yağış kəsir,
yağışa qarışıb axarsan, kiri.
Ağlaya-ağlaya bu yaz gecəsi
əriyib yağışa çıxarsan, kiri.
Baxdıqca qorxuram
yağan yağışa,
Ağlaya bilmirəm…
Məni bağışla!..
Mən küsüb gedirəm...
Qoy hamı qalsın,
Mən küsüb gedirəm bu yer üzündən.
Oğulam – qoy dərdim anama qalsın,
Atayam – qoy balam küssün özündən.
Dünya ucuz saydı, ya baha bildi?!
Nə satan tapıldı, nə alan məni.
Nə Allah dünyaya bağlaya bildi,
Nə atam, nə anam, nə balam məni.
İlahi, səndən də sındı ürəyim,
Məni küsdürənin yekəsi sənsən.
Dünyanın ən uzaq… ələ gəlməyən,
Boğazdan keçməyən tikəsi sənsən.
Mən sənin yanına uça bilərdim.
Uçmuram, beləcə küsüb gedirəm.
Mən sənin sirrini aça bilərdim,
Açmıram, beləcə susub gedirəm.
Yandırıb gedirəm bu varağı da,
Bu şeirin külünü kim oxuyacaq?
Söndürüb gedirəm bu çırağı da,
Məni qaranlıqda itirmə ancaq.
İlahi, küssəm də səninəm yenə,
Gözün axıracan üstümdə olsun.
Bu sonsuz dünyanın son nöqtəsinə,
Gedib çıxanacan üstümdə olsun...
Orda, bu dünyanın lap qırağında,
Bir nəhəng boşluğun lap qabağında.
Oturub dincimi alaram bir az,
Boşluğa salaram ayaqlarımı.
Uşaqtək yellərəm ayaqlarımı,
Uşaqtək sevincək olaram bir az.
Bir ölüm işığı gəzər üstümdə,
Boşluqdan səs gələr: “Yubanma tez gəl!...
Sənə çoxdandır ki, bu yer üzündə
Hər şey maraqsızdı ölümdən özğə”.
İlahi, gəlirəm, eşit səsimi,
Kimsəyə ümid yox, sən ovut məni...
Bu nəhəng boşluğa atdım özümü,
Sənə arxayınam, özün tut məni!
* * *
Başı kəsik gözəl kötük,
bu dağı sənə kim çəkdi?
Baltanı sənə kim vurdu,
bıçağı sənə kim çəkdi?
İpək-ipək yarpaqların
Küləklərlə talandımı?
Bilək-bilək budaqların
ocaqlarda qalandımı?
Küsdünmü taleyin acılığından?
Zalımlar keçmədi qocalığından
Yıxılmış ucalığından,
başı kəsik gözəl kötük…
Gözəl kötük, sızıldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Dünyanın küləyi keçər,
Qarı yağışı keçər.
Qatar-qatar quşu keçər,
daş atarlar, daşı keçər
sən yıxılan ucalıqdan.
Ümidli gözlər dikilər,
Körpə ağaclar yekələr,
Yekələr, qalxar, dikələr
sən yıxalan ucalığa...
Məndən sənə salam olsun,
başı kəsik gözəl kötük!
Balam olsa, balan olsun,
başı kəsik gözəl kötük.
Əyilim, köksünə başımı qoyum,
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim.
Gözəl kötük,
yaraların köz bağlasın, sağalsın,
Bu dünyada nə baltalar,
Nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun,
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...
Yağış yuyur,gün qurudur
Bu yerləri bu göyləri
Yağış yuyur ,gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur ,gün qurudur.
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.
Gələn nədi ,gedən nədi?
Bələk nədi,kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur ,gün qurudur.
***
Bir ötən sevgini unuda bilsəm,
Könlümü sevginlə ovuda bilsəm,
Bir axşam yanına, qayıda bilsəm
Bağışla, bağışla, məni bağışla…
Bağışla qapını döyə bilmirəm,
Bağışla sevirəm, deyə bilmirəm.
Özüm də bilmirəm, ah niyə bilmirəm,
Bağışla, bağışla, məni bağışla…
Bir sönən ocağın külünə yanma
Ömrümün ayına, ilinə yanma
Desəm ki sevmirəm gəl mənə inanma ,
Bağışla, bağışla, məni bağışla…
Bağışla məni…
Karabakhmedia.az
↧
↧
December 23, 2018, 2:27 am
Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən olan Mirzə Əsədullayev məşhur Bakı milyonçusu Şəmsi Əsədullayevin oğludur. M.Əsədullayev 1875-ci ildə Bakı şəhərində anadan olmuş və təhsilini Bakı Gimnaziyasında almışdır.
Qeyd edək ki, onun atası Ş.Əsədullayev dövrünün maarif məsələlərinin inkişafına diqqət yetirən şəxslərdən olub və Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutunun himayəçisi idi.
Ş.Əsədullayev ilk öncə az kapitalı ilə neft çıxaran və emal edən kiçik bir idarə açmış, 1893-cü ildə isə həmin müəssisəni “Şəmsi Əsədullayev və Ko” adlı böyük şirkətə çevirmişdir. Ş.Əsədullayevin Bakıda bir neçə neftayırma zavodu, mexanika emalatxanası, Suraxanı, Sabunçu və Ramanada 37 neft buruğu, Xəzər dənizində neft və neft məhsulları daşıyan gəmiləri var idi. Ş.Əsədullayev 1903-cü ildə Moskvaya köçmüş, Moskvada, Peterburqda da mülklər tikdirmişdir. Ş.Əsədullayev Moskvanın Kiçik Tatar döngəsində böyük ev tikdirmiş və onu Tatar Mədəniyyət Cəmiyyətinə bağışlamışdır. 1917-ci ilin mayında Ümumrusiya müsəlmanları qurultayı burada keçirilmişdir.
Ş.Əsədullayev 1903-cü ildə Moskvaya köçdükdən sonra onun Bakıdakı neft şirkəti ilə bağlı bütün işlərini oğlu M.Əsədullayev həll etmişdir.
M.Əsədullayev onlara aid olan neft ixracı məsələləri ilə əlaqədar tez-tez Rusiyaya getmiş, Moskva, Sankt-Peterburq şəhərlərində yaşamış, bu da ona rus mədəniyyəti ilə tanışlıq imkanı vermişdir. O, rus dilində təhsil aldığına görə , ana dilini öyrənmək üçün Ü.Hacıbəylidən dərs almışdır. Ü.Hacıbəyli Parisin Sorbonna Universitetində təhsil alan kiçik qardaşı Ceyhun Hacıbəyliyə 1912-ci ildə yazdığı məktubda bu haqda məlumat verir.
M.Əsədullayev məşhur milyonçu Musa Nağıyevin qızı Ümmülbanu ilə ailə həyatı qurmuş, 1905-ci ildə onun dördüncü övladı doğularkən həyat yoldaşı vəfat etmişdir. Həyat yoldaşının xatirəsinə yeni doğulmuş uşağa anasının adını qoymuşdur. O, isə sonradan Fransada yaşamış məşhur yazıçı Ümmülbanudur (Banin).
M.Əsədullayevin Xeyriyyə cəmiyyətlərində fəallığını təsdiq edən sənədlər çoxdur. 1905-ci ildə Bakıda ilk qeydə alınan Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti yaradılır. Bu, əsasən, Bakı varlılarının və ziyalılarının cəmiyyəti idi. Cəmiyyətin qurucuları arasında H.Z.Tağıyev, H.Zərdabi, Ə.M.Topçubaşov, Ə.Ağayev (Ağaoğlu), Ə.Hüseynzadə, İ.Hacınski ilə yanaşı M.Əsədullayev də vardı.
M.Əsədullayevin yardımı ilə 1915-ci ilin martın 11-də “Qardaş köməyi” adlı qəzet çap edilmiş və onun təşəbbüsü sayəsində həmin qəzetdən yığılacaq gəlir müharibədən zərər çəkən müsəlmanların faydalanmasına, çar ordusundakı müsəlmanlardan ibarət (“Dikaya diviziya” adlanan) süvari qoşun hissələrindəki döyüşçülərə sərf olunacaqdı.
M.Əsədullayev 1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra martın 27-də Bakıda yaranmış Milli Müsəlman Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçildi. O, 1918-ci ildən Bakı Neft Sənayeçiləri Qurultayı Şurasının da sədri oldu. O, elə həmin ilin noyabrında Azərbaycan Milli Şurasının hazırladığı Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun əsasında Neft Sənayeçiləri Qurultayı Şurasından parlamentə üzv seçildi.
Qeyd edək ki, 1918-ci ildə Azərbaycan Parlamentinin yaranması ərəfəsində Müttəfiq qoşunların komandanı general Tomsonun M.Əsədullayevlə görüşü olmuşdur. Bu haqda Azərbaycan Milli Şurasının 1918-ci ilin dekabrın 3-də axşam saat 8-də Hökumət üzvlərinin iştirakı və M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilən iclasda məlumat verilib.
Tomsonun F.X.Xoyskiyə açıqlamasından aydın olur ki, ona Hökumət təşkil edəcək iki adamın adı təqdim olunub: M.Əsədullayev və M.Hacınski. O, qeyd edib ki, ermənilər onların namizədliyi haqqında da təklif irəli sürüblər.
Bu söhbətin davamında F.X.Xoyski general Tomsona belə yaranacaq hakimiyyətə xalqın münasibətinin necə olacağı barədə onun özünün də düşünməsini vacib sayıb.
Daxili İşlər naziri B.Cavanşirin verdiyi məlumatdan aydın olur ki, general Tomson dekabrın 2-də M.Əsədullayevi yanına çağırıb və onunla aparılan iki saatlıq söhbətdə Nazirlər Şurasının sədri vəzifəsinə qeyri-müsəlman namizədin olmasını təklif edib. Lakin, M.Əsədullayevə Tomsonun Hökumət təşkili ilə bağlı təklifinin olunması məlumatı B.Cavanşirə bildirilməyib. Həmin iclasda iştirak edən İttihad, Müsavat, Hümmət və Sosialistlər blokunun nümayəndələri Tomsonun parlamentin öz işinə başlamazdan əvvəl koalisiyalı hökumət təşkili barədə təklifini yazılı şəkildə geri götürməsini təklif edirlər.
M.Hacınski bildirir ki, Tomson mənim və M.Əsədullayevin Hökuməti təşkil etməyimizə inanır. M.Hacınski bu söhbətdə iştirakının olmadığını və bunu M.Əsədullayevin söylədiyini qeyd edir.
M.Hacınski bildirir ki, X.Sultanov, B.Cavanşir mənimlə yemək vaxtı bu təklifimə rədd cavabı aldıqda M.Əsədullayev onlara Tomsona verdiyi cavabı xatırladıb: “Fətəli xan Hökumət sədrliyinə birinci namizəddir” və sonra təkidlə deyib: “Fətəli xan Hökumətin sədri olsun!”.
M.Əsədullayev parlamentdə M.Ə.Rəsulzadənin başçılıq etdiyi Müsavat fraksiyasının (bitərəflərlə birgə) üzvü idi və o, bitərəf sayılırdı.
M.Əsədullayev 1918-ci ilin dekabrın 26-da F.X.Xoyskinin təşkil etdiyi Hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir. O, bu vəzifəni 1919-cu martın 14-nə − N.Yusifbəylinin formalaşdırdığı yeni Hökumət kabinəsinin fəaliyyətinə qədər davam etdirmişdir.
M.Əsədullayev bu vəzifədə çalışarkən Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasında və yerli sənayenin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xarici-iqtisadi sahədə müəyyən inkişaf başlamış, xarici dövlətlərlə əmtəə mübadiləsi üçün 20 milyon manatlıq fond yaradılmış, 1919-cu ilin 12 fevralında hökumətin qərarı ilə bu fonddan ilkin ehtiyaclar üçün 10 milyon manat həcmində kreditin buraxılması qərara alınmışdır.
M.Əsədullayevin çıxışlarında və nazir olaraq fəaliyyətində əhalinin zəruri mallara olan ehtiyacının təminində xəzinə gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarmağı və bundan ötrü gömrük gəlirlərini formalaşdırmağı, hər hansı məhsulun xaricə satılıb, yaxud qadağan edilməsi zamanı onun nə dərəcə gərəkli olması, Hökumətə nə qədər gəlir gətirməsi əsas götürülürdü.
M.Əsədullayev Ticarət və Sənaye naziri olarkən Hökumətin hazırladığı qanun layihəsi əsasında xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilmişdi. Bu da əhaliyə öz təsərrüfat malları olan üzümü və tutu istehsal etməklə şərab zavodlarına qazanc götürmək imkanı verirdi.
M.Əsədullayevin başçılıq etdiyi Ticarət və Sənaye Nazirliyi nəzdində xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi ki, bu komitənin də başlıca vəzifəsi ölkənin iqtisadi və maliyyə vəziyyəti ilə bağlı əsas sayılan neftin ixracını və satışını təşkil etməkdən ibarət idi.
M. Əsədullayev Azərbaycan Parlamentinin iclaslarında iştirakına baxmayaraq, çox az çıxışlar edib. Onun yalnız 1919-cu ilin dekabrın 1-də Parlamentin 102-ci iclasındakı çıxışına rast gəlmək mümkündür.
Saat 11:45-də açılan iclasa sədrliyi H.Ağayev edirdi. O, bildirdi ki, növbədə “Altı yüz milyon manatlıq emissiya müzakirəsi”nin davamıdır. H.Ağayev ilk olaraq sözü Q.Qarabəyliyə verdi. Onun geniş çıxışından sonra, M.Əsədullayev çıxış etdi.
M.Əsədullayev dedi: “Tənqid gözəl şeydir. Yaxşı olardı ki, tənqid olunduqda bir yol da göstərilsin. Keçən natiqlərdən birisi pək doğru olaraq söylədi ki, burada tənqid olunur. Lakin heç bir yol göstərilmir. Qara əfəndi dedi ki, yol göstərmək bizim vəzifəmiz deyildir. Necə yəni, vəzifəmiz deyildir? Burada sağ sola, sol sağa bir çox sözlər dedi. Lakin mən o qədər deyə bilərəm ki, bir kərə ona yaxın düşsək, o vaxt məlum olar ki, gərək biz burada söylənilən sözlərin çoxunu danışmayaq. Sol firqələr burada sənayeçilərdən çox danışdılar. Deyirlər ki, sənayeçilər də çox pul qazanırlar. Bir sənayeçi var, bir də var alverçi. Bunlar bir-birinə qarışdırılmamalıdır.
Sosialistlər sosializmin Fransadan başladığına görə ən çox oradan danışırlar. Bizim halımızı Fransa ilə müqayisə etmək doğru deyildir. Fransa həmin Fransadır ki, beş milyardı rus müharibəsindən sonra bir il müddətində verə bildi. Burada deyirlər ki, bizim emissiyamız üç milyon idi, indi altı yüz milyon istənilir, sabah da doqquz yüz milyon olacaq. Görək bunu təmin edə bilirik, ya yox? Diqqətlə baxanda sol firqələrin hər zaman məbuslarının milliləşdirilməsini istəyirlər, bir kərə statistikaya nəzər salsanız, o zaman anlaşılar ki, mədən işləri nə haldadır. Əgər müsaidə buyursanız, mən sizə burada bir çox dəlillər göstərə bilərəm. Mən götürürəm 10-cu ildən. 10-cu ildə 474 milyon pud, 12-ci ildə 474 milyon pud, 13-cü ildə 460 milyon pud, 16-cı ildə 434 milyon pud neft hasil olduğu halda, 19-cu ildə 6 ay müddətində 127 milyon pud hasil olmuşdur. 10-cu ildə 2840 dənə buruq var idi. 12-ci ildə 3142, 13-cü ildə 3445, 16-cı ildə 3573, 19-cu ildə 2027 buruq işləmişdir. 10-cu ildə 518 quyu qazılmışdır. 12-ci ildə 487, 13-cü ildə 708, 19-cu ildə 77 quyu qazılmışdır.
Sonra biz buradan 1910-cu ildə 280 milyondan 300 milyona qədər neft çıxarırdıq, amma indi çıxır 30 milyon pud. Sol firqələr bizə deyirlər ki, siz fəhlələri boğursunuz. 13-cü ildə bizim 45 min əmələmiz var idi. Amma bu il 34 min olmuşdur. Demək, 12 min az olubdur. Halbuki, neft istehsalı görürsünüz ki, nə qədər azalmışdır. Sənayeçini güclə artıq adam saxlamağa vadar etmək olmaz”.
M.Əsədullayev çıxışında ciddi təkliflər irəli sürür və onun dedikləri iclas zalından “doğrudur, doğrudur” sözləri ilə təsdiqlənir.
1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra, Azərbaycan Cümhuriyyətinin naziri olmuş şəxs kimi M.Əsədullayevin ağır günləri başladı.
M.Əsədullayevin qızı Ümmülbanu (Banin) “Qafqaz günləri” əsərində Azərbaycan Xalq Cümhuriyyətindən sonrakı ilk günlərdə, bolşeviklərin işğalı dövründə atasının vəziyyətini, hadisələrin ona təsirini belə yazırdı: “Atam dərin depressiyada idi. O, bütün vaxtı kədərli halda susurdu. O, qısa müddətli respublikanın nazir vəzifəsinə aldanaraq, vaxtında Bakıdan gedib pullarını xarici banka köçürməmişdi. Onun sarı rəngli nazir qovluğu boşalmış, qapımızdakı gözətçilər götürülmüş, vəzifəsi əhəmiyyətini itirmişdi. Atamı uzaqgörən olmaması fikri üzürdü. Bir müddət ciddi bir dəyişiklik olmadı. Sonra atamı həbs etdilər. Onun nazir, varlı müxalifət partiyanın rəhbərlərindən olması yeni hakimiyyətin diqqətindən kənarda qala bilməzdi”.
M.Əsədullayev həbsdə olarkən, bacısı Sara xanım Həsənovanın və digər iki bacısının imzalayıb, Fövqəladə Komissiyaya göndərdiyi məktubda yazılmışdı: “Əksinqilabi ilə mübarizə üzrə FK-ya. “Qoqol” küçəsi, 9 saylı binada yaşayan Sara xanım Həsənova, qızlıq soyadı Əsədullayeva tərəfindən ərizə: “Cari ilin may ayının 27-də mənim qardaşım Mirzə Əsədullayev həbs edilib. Onun müntəzəm surətdə həkim köməyi tələb edən xəstə vəziyyəti həbs altında saxlandığı üçün onu bu imkandan məhrum edir və ona güclü fiziki əzablar verir. Buna görə, mən Fövqəladə Komissiyadan xahiş edirəm, onu həbsdən azad edərək, mənim və mənim bacılarımın himayəsinə versin. Bakı şəhəri, 27 may, 1920-ci il”.
M.Əsədullayevin qızı Banin (Ümmülbanu) xatirələrində atasının həbsdən azad olunmasına Cəmil adlı şəxsin vasitəsi ilə onun dostu olan bir komissarın xüsusi köməyini qeyd edir.
M.Əsədullayev həbsdən azad edildikdən sonra, Azərbaycan SSR Hökumətindən rəsmi icazə alaraq, 1921-ci ilin noyabrında Fransaya getdi və ömrünün sonuna qədər orada yaşadı.
M.Əsədullayev Fransada olduğu dövrdə Ə.M.Topçubaşovun tövsiyyəsi ilə 1920-ci illərin ortalarında yaradılmış Azərbaycan Neft Sənayeçiləri Cəmiyyətinin Sədri oldu. Cəmiyyətin İdarə Heyətinə Azərbaycan milyonçularının övladları, qohumları və digər neft sənayeçiləri də üzv idilər.
1927-ci ildə M.Əsədullayev “Royal Doyç” Deterding kampaniyası ilə gələcəkdə neft çıxarılması barədə 16 min funt sterlinq məbləğində müqavilə bağladı (9, s. 117). Bu müqavilə öz növbəsində “Royal Doyç”la rəqabət aparan “Standart Oyl” kampaniyasını bərk narahat etdi.
1927-ci ilin fevralın 21-də Azərbaycan neft sənayeçiləri qrupu, Azərbaycan Neft Sənayeçiləri Cəmiyyətinin Fransada sədri vəzifəsini icra edən M.Əsədullayevə fransız sahibkarı R.Dammanla müqavilə bağlamaq üçün mandat verdilər. Həmin müqavilədə Azərbaycan Respublikasının Nümayəndə Heyətinin Bakının Sabunçu rayonunda 25 desyatin neft olan sahəni R.Dammana icarəyə verilməsi qeyd olunurdu.
Bunun müqabilində Azərbaycan Nümayəndə Heyətinə bir milyon frank məbləğində pul ayrılır və cəmiyyətin adından M.Əsədullayev təminatçı olurdu.
Ə.M.Topçubaşovun fransız sahibkarı R.Dammana 1927-ci il 21 fevral tarixli məktubunda 100 000 (yüz min) frank vəsaitin onların hesabına köçürüldüyü məlumatı vardır.
Aydın olur ki, Ə.M.Topçubaşov X.Sultanov vasitəsi ilə həmin puldan 5000 (beş min) frank məbləğində İstanbula − M.Ə.Rəsulzadəyə göndərmiş, o, isə həmin vəsaiti Milli Mərkəzin büdcəsinə təqdim etdiyini yazmışdır.
M.Əsədullayev 1936-cı ildə Parisdə vəfat etmişdir.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru
Moderator.az
↧
January 2, 2019, 12:45 pm
Firidun Köçərlinin həcmcə böyük olan monoqrafiyalarından biri “ Nəriman Nərimanov (həyatı, fəaliyyəti vıə dünyagörüşü)” adlanır. Müəllif bu əsəri 1965-ci ildə yazmışdır. Düzdür, son dövrlərdə sovet alimləri; ədbiyyatşünaslar, tarixçilər, sənətşünaslar, filosoflar Nəriman Nərimanov haqqında xeyli tədqiqatlar aparmış, maraqlı elmi əsərlər yazmışlar. Lakin Firidun Köçərli onu daha çox fəlsəfi yöndən araşdırmağa səy göstərmişdir.
Əsər 5 fəsil, 14 paraqrafdan ibarətdir. Birinci fəsildə N.Nərimanovun dünyagörüşünün formalaşdığı tarixi şərait, ictimai-siyasi mühit, dünyagörüşünün ideya mənbələri, əsas mərhələləri açıqlanır. Müəllif N.Nərimanovun yaşayıb-yaratdığı dövrün mənzərəsini çox geniş şəkildə konkret faktlar və sənədlər əsasında yaradaraq oxuculara çatdırır.Əsəri diqqətlə mütaliə edən hər bir oxucu özünü Nərimanovun yanında olduğunu, ədalətsizliyi, haqsızlığı, zülmü, əsarəti, hüquqsuzluğu və s.bunlar kimi eybəcərlikləri öz gözləri ilə gördüyünü hiss edir, Nərimanov kimi şəxsiyyətlərin hansı zərurətdən, hansı tələbatdan meydana gəlmələrini anlamağa başlayır.
N.Nərimanovun dünyagörüşünün ideya mənbələrindən danışarkən, müəllif aşağıdakıları göstərir:1.Nərimanovun dünyagörüşü , hər şeydən əvvəl, Azərbaycan xalqının uzunəsrlik zəngin mədəniyyətinə əsaslanmış, ondan qida almışdır. Doğma xalqının mədəni irsində olan demokratik meyillər Nərimanovun yaradıcılığında yeni tarixi şəraitə uyğun olaraq daha da inkişaf etdirilmişdir. 2. Nərimanovun dünyagörüşünün mühüm ideya mənbələrindən biri Azərbaycan xalq yaradıcılığı olmuşdur. O, xalqın istək və arzularının, istismara qarşı dərin nifrət və eytirazının bədii ifadəsi olan atalar sözü və məsəlləri, nağılları, bayatıları, dastanları, bir sözlə, şifahi xalq ədəbiyyatını məhəbbətlə öyrənir, demokratik və inqilabi ideyaların təbliğində bundan məharətlə istifadı edirdi.
3.Nərimanovun dünyagörüşünün formalaşması və onun görkəmli bir inqilabçı kimi yetişməsində rus ictimai fikrinin və rus ədəbiyyatının böyük rolu olmuşdur. 4.Nərimanovun dünyagörüşünün formalaşıb inkişaf etməsində proletar məfkurəsinin, marksizm ideyalarının rolu xüsusi qeyd edilməlidir. Əsərin 2, 3 və 4-cü fəsillərində Nərimanovun 1905-1907-ci illər inqilaqbı haqqında, dövlət haqqında, sosializm quruculuğu məsələləri haqqında fikirləri açıqlanır. Bu məsələlər F.Köçərlinin yaradıcılığında başlıca yer tutur.
5-ci fəsil Nərimanovun fəlsəfi görüşlərinin təhlilinə həsr olunmuşduir. Birinci paraqraf “ Ateist ideyaları” adlanır. Burada Nərimanovun din və din təbliğatçılarının yalançı və ikiüzlü olduqları, insanları cəhalət və nadanlıqda saxlamağa səy göstərmələri, hakim istismarçı sinfə xidmət etmələri, xalqın, əsasən yoxsul təbəqələrin halına laqeyd olmaları və s.haqqında tənqidi fikirləri açıqlanır.
Məlumdur ki, Nəriman Nərimanov İslam dininin qatı əleyhdarı olmamış, bu dinin mənfi cəhətləri ilə yanaşı, bəzi mütərəqqi cəhətlərini də qeyd etmişdir. Əsas tənqid hədəfi nadan və elmsiz, biliksiz, cəhalətpərəst ruhanilər, mənlik və vicdanlarını pula, rütnəyə və çinə satan din xadimləri olmuşlar.
Firidun Köçərli özü də zamanın, mövcud ictimai-siyasi sistemin, kommunist ideologiyasının tələblərinə uyğun olaraq din əleyhinə bir sıra məqalələr yazmış,.. məruzələr oxumuş, çıxışlar etmişdir. Bina görə də Nərimanovun din əleyhinə olan yazılarını daha qabarıq şəkildə vermişdir. Dinin mahiyyətini allah ideyası təşkil etdiyi üçün fəlsəfədə də əsas məqsəd dinin puçluğunu, onun bütün iddia və mülahizələrinin, irəli sürdüyü bütün fikirlərin əfasanə və uydurma olduğunu sübut etməyə çalışmışdır.
Firidun Köçərli də Nərimanovun görkəmli ateist-təbliğatçı olduğunu göstərərək fikrini bu sözlərlə tamamlayır: “ Böyük Oktyabr sosialist inqilabından sonrakı dövrdə görkəmli marksist-ateist Nəriman Nərimanov üzvü olduğu şanlı Kommunist partiyasının dinə qarşı mübarizə xəttini həyata keçirmək uğrunda böyük səy və enerji ilə çalışmışdır. Onun din haqqında yazıları , çıxış və nitqləri ateizm ideyalarının əhali arasında yayılmasında mühüm rol oynamışdır. O, habelə, inqilabdan sonrakı dövrdə zəhmərkeşlərin ateizm tərbiyəsi üçün ciddi əhəmiyyəti olan bir sıra nəzəri müddəalar da irəli sürmüşdür. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində dinlə mübarizənin metod və üsullarının işlənib hazırlanmasında Nərimanovun bu nəzəri müddəalarının əhəmiyyəti xüsusilə böyük olmuşdur.
Nəriman Nərimanovun ateist irsi təkcə hazırkı şəraitdə respublikamızda islam dini qalıqlarına qarşı mübarizə üçün deyil, ümumiyyətlə, islamın yayıldığı Şərq ölkələrində ateizm fikrinin inkişafı üçün də qiymətlidir.”
Firidun Köçərli sonrakı paraqraflarda Nərimanovun əxlaq və tərbiyə haqqında yazılarını, habelə, ədəbi-tənqidi və estetik fikirlərini geniş şəkildə təhlil edir, onun Azərbaycanın sosial-siyasi və fəlsəfi fikir tarixində özünüəməxsus yer tutduğunu qeyd edir. Firidun Köçərli həmişə öz istedad, bilik və bacarığını, bütün gücünü cəmiyyətimizdə ideya-siyasi tərbiyə işinin təkmilləşdirilməsinə, Müstəqil Azərbaycan respublikasının sosial-iqtisadi inkişafının gücləndirilməsinə, xalqımızın siyasi mədəniyyətinin inkişafına, beynəlmiləlçilik, vətənpərvərlik hissinin təbliğinə sərf etmiş, fəlsəfə elmimizin, cəmiyyətimizin tarixinə, inkişaf problemlərinə aid yaradıcı axtarışlar aparan əməkdar elm xadimi idi.
Azərbaycanda fəlsəfə elminin tədqiqi, inkişafı, fəlsəfə kadrlarının hazırlanması naminə yorulmaq bilmədən əzmlə çalışan Firidun Köçərlinin elmi-tədqiqat fəaliyyəti, əsasən, Azərbaycanda fəlsəfə və ictimai fikir tarixinin , dialektik və tarixi materializmin, etika və estetika problemləırinin tədqiqi ilə bağlı olmuşdur. Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərindən A.A.Bakıxanovun, Mirzə Kazım bəyin, M.F.Axundovun, N.Zərdabinin, N.Nərimanovun, Y.V.Çəmənzəminlinin, Əli bəy Hüseynzadənin, Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin, M.İbrahimovun, S.Vurğunun və digər mütəfəkkirlərin həyat və fəaliyyəti, Azərbaycan ictimai fikrində onların yeri və rolunun araşdırılması onun elmi yaradıcılığında mühüm yer tutmuşdur.
Akademik Firidun Köçərli X1X əsrin sonu və XX əsrin əvvəlləri Azərbaycan fəlsəfi və ictimai-siyasi fikir tarixinin nüfuzlu tədqiqatçılarından idi. Geniş diapazonlu yaradıcılığa malik olan F.Köçərlinin Azərbaycan fəlsəfə elminin inkişafına, xalqın mənəvi mədəniyyətinin tədqiqinə həsr olunmuş 300-ə yaxın əsəri çap olunmuşdur. Onlardan 22-si iri həcmli monoqrafiya, kitab və kitabçadır. O, 42 elmi əsərin redaktoru olmuşdur.Firidun müəllimin həyatı, elmi-pedaqoji,ictimai fəaliyyəti və əsərləri haqqında onlarca rəy və elmi məqalələr yazılmışdır.
Firidun Köçərli dahi mütəfəkkir M.F.Axundovun fəlsəfi förüşlərini uzun illərdən bəri tədqiq etmiş və bununla əlaqədar çoxlu məqalələr yazmışdır. Bu əsərdə böyük mütəfəkkirin dövrü, ictimai-siyasi dörüşləri, etik və estetik baxışları, ateizmi ətraflı təhlil edilir, ictimai fikir tarixində Axundovun yeri açıqlanır.
Firidun müəllim XX əsrin əvvəllərində Azərbaycanda demokratik fikrin görkəmli nümayəndələrindən olan Ömər Faiq Nemanzadənin elmi – fəlsəfi görüşlərini tədqiq edən ilk filosoflardandır. 1996-cı ildə nəşr olunmuş “ Molla Nəsrəddinçi Ömər Faiq” adlı kitabında Ömər Faiqin dünyagörüşü təhlil oliunur, bu dünyagörüşün təkamülü və ziddiyyətləri izlənilir.
Akademik Firidun Köçərli çoxillik elmi fəaliyyətində fəlsəfə və hüquq elmləri üzrə kadrların hazırlanmasına daİM DİQQƏT YETİRMİŞDİR. Onun rəhbərliyi və təşkilatçılığı ilə elmi adlar alan filosof və hüquqşünqslar hazırda respublikanın və digər dövlətlərin müvafiq elm və təhsil ocaqlarında və başqa sahələrdə uğurla fəaliyyət göstərirlər.
Görkəmli ziyalı, xeyirxah insan, el ağsaqqalı akademik Firidun Köçərli 2005-ci il iyun ayının 3-də əbədiyyətə qovuşdu. Elmi axtarışlardan mənəvi zövq alan görkəmli alim keçmiş illərə nəzər salmalı olsa idi, başını vüqarla uca tuta bilərdi.Çünki o, mənalı, sosial qayəli bir ömür, həm də çoxları üçün nümunə, örnək ola biləcək bir ömür sürmüşdür. Allah rəhmət eləsin!
Firidun Köçərli bir alim və şəxsiyyət kimi xırda və cılız hisslərdən yüsəkdə durmaqla, özünə və həmkarlarına ciddi tələbkarlığı iıə seçilmiş, başqalarının ləyaqəttinə, şəxsiyyətinə hörmətlə yanaşmışdır.
Firidun Köçərli Ü.Hacıbəyovun publisist irsi əsasında böyük bəstəkarın ictimai-siyasi görüşlərini araşdıran ilk tədqiqatçı filosofdur..O, haqlı olaraq göstərir ki, Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycanın ən tanınmış publisisti olmaqla milli mədəniyyətin, inqilabi demokratik fikrin inkişafında görkəmli rol oynamışdır.
Cəlil Məmmədquluzadənin, onun yaratdığı “ Molla Nəsrəddin” jurnalının mədəniyyət tarixindəki rolunun düzgün qiymətləndirilməsində Firiduun Köçərlinin tədqiqatları böyük əhəmiyyət kəsb edir. Azərbaycan mədəniyyətinin, ictimai-fəlsəfi fikrinin inkişafında xüsusi xidmətləri olan digər müəlliflərimizin tədqiqinə də Firidun Köçərli öz əsərlərində müəyyən yer vermiş, həmin irsin başqa xalqların dillərinə tərcümə edilməsinə xüsusi diqqət yetirmişdir.
Firidun Köçərlinin dövrün tələblərinə uyğun olaraq yazdığı bir sıra əsərlər siyasi və ideoloji yönümlərinə görə müasir şəraitlə səslənməsəs də, elmi mahiyyətini və məna dərinliyini heç də itirməmişdir. Onun yeni insan tərbiyəsinə, keçmiş mənəvi irsə, dinə və ateizmə münasibəti , ailə və məişət, adət və ənənələr haqqında, insan və təbiət, elm və gənclik, vətənpərvərlik və beynəlmiləlçilik, mənəvi tərəqqiyə və sair mövzulara həsr olunmuş elmi məqalələri öz aktuallığını saxlayır və daim diqqəti cəlb edir.
Akademik Firidun Köçərlinin dərin tədqiqatların nəticəsi olan elmi əsərləri öz aydınlığı, səlisliyi və güclü məntiqliliyi ilə fərqlənir. Onun yaradıcılıq fəaliyyətində ictimai elmlərin, eləcə də digər sahələrin görkəmli alimləri ilə elmi əməkdaşlığa daim böyük əhəmiyyət vermişdir. Firidun Köçərli elm aləmində böyük nüfuz sahibi olan akademiklər: H.Hüseynov, A.O.Makovelski, H.B.Abdullayev, M.A Dadaşzadə, Ə.S.Sumbatzadə, Z.M.Bünyadov, A.M.Aslanov, C.B.Quliyev, A.Q.Yeqorov, M.T.Lovçuq, A.F.Daşdəmirov və sair çoxlu alimlərlə elmi əməkdaşlıq etmiş, müştərək əsərlər yazmışdır.
Firidun Köçərlinin elmi fəaliyyətində Azərbaycan fəlsəfə tarixinin tədqiqi və təbliği xüsusi yer tutur. Onun zəngin tədqiqat materialları əsasında yazılmış əsərlərində Bəhmənyarın və Nəsirəddin Tusinin, A.A.Bakıxanovun, M.F.Axundovun, C.Məmmədquluzadənin, Ö.Faiqin, Əli bəy Hüseynzadənin və Ü.Hacıbəyovun, eləcə də başqa mütəfəkkirlərin yaradıcılığı, dünyagörüşü, elmi, ictimai və siyasi fəaliyyəti hərtərəfli və dərindən təhlil edilir, cəmiyyətin mənəvi tərəqqisində onların rolu geniş işıqlandırılır.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi
fəlsəfə üzrə fəlsəfə doktoru Qabaqcıl
Maarif Xadimi.
↧
![Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ - III YAZI Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: HƏSƏN BƏY ZƏRDABİ - III YAZI]()
Bizə elə gəlir ki, Həsən bəy Zərdabinin milli birliklə dini birlik məsələsinə bu cür yanaşmasının nəticəsi olaraq, həmin dövrdə onun çağdaşı olan erməni başbilənləri təşvişə düşmüşlər. 1870-ci illərdə Tiflis¬də çıxan “Mşak” adlı erməni qəzeti Zərdabinin yuxarıdakı məqaləsini, ermənicə öz səhifəsində çap edərək, yazır ki, zəmanəmiz elm zəmanəsi olsa da, müsəlmanların ziyalıları da birlik iddiasına düşüb, Məkkəyə getmək adı ilə bütün islam xalqlarını «ittihadi-islam» ilə birləşdirmək istəyirlər.
“Mşak” yazır: “Verin bizə bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmisiniz və ondan sonra gedib ittihadi-islamı səhralarda eləyin ki, orada islam bina olub və monqol tayfasını (bu tayfanı Avropa əhli biqabiliyyət hesab edir) birləşdirməyə səy edin”. Deməli, erməniləri islam birliyindən daha çox, “monqol” adlandırdıqları türklərin oyanışı, milli özünüdərki, eyni zamanda, “islam birliyi” adı altında bir türk-islam birliyinin yarana bilməsi təşvişə salmışdır. Zərdabi də yaxşı anlayırdı ki, bu dövrdə Qafqaz-Azərbaycan müsəlmanları ilə müqayisədə, elm, təhsil və başqa sahələrdə daha çox inkişaf etmiş ermənilərin məqsədi nədir. Bu baxımdan Zərdabi ermənilərin bu təlaşına cavab olaraq yazır: “Ey cənab, Arsruni (zikr olunan qəzetin münşisinin adıdır) əgərçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma, neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırısınz…”. Zərdabi bundan başqa, bir neçə dəfə də müsəlmanların, o cümlədən müsəlman türklərin birləşməsinin, milli cəmiyyət-təşkilat yaratmasının vacibliyini vurğulamışdır. Zərdabiyə görə, Qərb xalqlarında olan birliyin müsəlmanlar arasında olmama¬sı¬nın başlıca səbəbkarı xalq özüdür: “Bəs tavana və kasıbların hər biri üçün lazımdır ki, insan elm öyrənib malik dünya olmağa səy etsin. Və bizim Məşriq-zəminin Avropa əhlindən geri qalmağına bir ümdə səbəb budur ki, tavana və kasıbların arasında bu barədə ittifaq yoxdur”. Zərdabi böyük uzaqgörənliklə Qafqaz-Azərbaycan müsəlmanlarını, yəni türkləri vaxtında birləşməyə çağırırdı. Türklərin qonşuları olan ermənilərin, gürcülərin bu istiqamətdə atdığı addımları vaxtında anlayan Zərdabi, eyni ideyaları öz milləti arasında yaymağa çalışırdı: «Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur». Deməli, Zərdabi «Əkinçi»nin ilk saylarındaca ehtiyatla milli-dini birlik ideyalarını yaymağa başlamış, əsas diqqəti müsəlmanların-türklərin maariflənməsinə və birləşməsinə yönəltmişdir. Zərdabiyə görə, artıq zəmanə dəyişir və dünyanın ağıllı xalqları tərəqqi edirlər, müsəlmanların da arasında inkişafa meyil edənlər var ki, onların qarşısını almaq əvəzinə, kömək etmək lazımdır. Zərdabi müsəlmanların-türklərin (Azərbaycan) anlayan, qabaqcıl şəxslərindən xahiş edir ki, qəzet oxumağa əngəl olmasınlar, əksinə səy göstərsinlər ki, qəzet oxuyanların sayı çox olsun, xalq tərəqqiyə qədəm qoysun: «Onların belə irəli getməyinə mane olmaq, yəni onların keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, bu yolu onlar bizsiz də gedəcəklər. Bəs bizim anlayan və qabaqcıl kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar». Zərdabinin başlıca məqsədi Qafqaz müsəlmanlarını savadlandırmaq yolu ilə qədim bir millət olduqlarını, ancaq son əsrlərdə böhranlar yaşamaqla inkişaf etmiş millətlərin sırasından geri qaldıqlarını anlatmaq idi. Bunun üçün, müsəlman türklər maariflənməli, elm öyrənməli, təhsil almalı və məktəblərə getməli, qəzet oxumalı, milli cəmiyyətlər yaratmalı və bu kimi işlərlə məşğul olmalı idilər. Bu baxmdan Zərdabi həmişə zəmanədən şikayətlənərək köhnə bayatını oxuyan gerilikçi müsəlmanlara üzünü tutub, onlara zəmanədən şikayət etmək əvəzinə iş görməyi, tərəqqi etməyi məsləhət görür. O, qeyd edir ki, bunun əsası isə ancaq ağıldır və ağıl elə bir şeydir işləndikcə tərəqqi edər, yəni insanın elmi atdıqca ağlı da artar: «Bizim zəmanəmiz dəyişilib, biz elm sahiblərinə rast gəlmişik. Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona görə gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da, onların bərabərində dayanıb duraq, yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürür ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq». Zərdabi onu da qeyd edir ki, son illərdə (1870-ci illərdə) Rusiyanın hər yerində, o cümlədən Qafqazda da məktəblər açılır və oxuyanların sayı çoxalır. Qafqazın məktəblərinin çoxunda, o cümlədən yeganə Bakı gimnaziyasında oxuyanların sayı 500 nəfərdir ki, onlardan 250-si rus, 150-si erməni və 100-ü isə müsəlmandır. Halbuki 100 min nəfər əhalisi olan Bakıda yaşayanların böyük əksəriyyətini müsəlmanlar təşkil edir. Lakin müsəlmanlar təhsilə, elmə ciddi fikir vermirlər: «Bəs bizim məktəbxanalarımızda oxuyanlar rus, erməni və qeyri-millətlərdir. Biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq, hətta padşahlıq xərci ilə də oxumaq istəmirik… Belə olan surətdə biz müsəlmanlar elm təshil etməkdən, yəni zindəganlıq cənginin əsasını ələ gətirməkdən qaçmaqlığa görə o cəngdə məğlub olub mürür ilə tələf olacayıq». Zərdabinin müsəlmanların təhsil almayacaqları təqdirdə məhv olacaqları haqqında söylədiyi fikir heç də təsadüfi deyildi. O başa düşürdü ki, əgər Qafqaz, o cümlədən Quzey Azərbaycan türkləri elm, maarif yolunu tutmasalar inkişaf etməkdə olan qeyri-millətlər türklərin mədəniyyətinə də, tarixinə də və ən əsası torpaqlarına da gələcəkdə sahib çıxacaqlar. Bu baxımdan türklərdə milli hissləri oyatmağa çalışan Zərdabi qeyd edirdi ki, biz necə tələf olmayaq ki, bizim qonşular bizlərdən birə əlli artıq elm, təhsil almağa səy göstərirlər. Ona görə də, elmi səviyyə baxımından onların biri əlli müsəlmana bərabərdir. O yazır: «Ey müsəlmanlar, heç mürvvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq (üstün) gəlsinlər, amma bizlər Allahdan buyruq, ağzımıza quyruq deyib duraq? Ey müsəlmanların millət təəssübü çəkən kəsləri, bir açın gözünüzü, dünyaya tamaşa edin». Bununla da “din təəssübü” ilə yanaşı “millət təəssübü” uğrunda da mübarizə aparan Zərdabi qeyd edir ki, bu yazıları yazmaqda məqsədi nə Qafqaz, nə də bir qanda və məzhəbdə olduqları Qacarlar və Osmanlı müsəlmanlarını pisləmək, onlarla düşmən olmaq deyildir. Burada başlıca məqsəd bütün müsəlmanların inkişafına, birliyinə nail olmaqdır, ancaq bu işdə isə ona ikiüzlü ruhanilər, hacılar əngəl olurlar: «Müsəlmanların düşməni mən deyiləm, məzkur hacı kimi adamlardır ki, bizi millətlər arasında gülüş yeri edib elmdən və dünyadan bixəbər qoyub sərgərdan və payimal ediblər». Ümumiyyətlə, Zərdabi də, Axundzadə kimi xalqda «millət təəssübünün» unudulmasının başlıca günahkarını İslam dini adından çıxış edən riyakar ruhanilərdə görürdü.
Ancaq Axundzadədən fərqli olaraq Zərdabi bu problemin kökünü islamın əsaslarında deyil, ruhanilərin ikiüzlü əməllərində və onların islam qanunlarına olduğu kimi əməl etməmələrində axtarırdı. Bu məsələdə islamın deyil, bu dinin təmsilçilərinin və təbliğatçılarının daha çox günahkar olmasını sübut etmək üçün Zərdabi dini və dünyəvi elmlərlə bağlı müzakirənin başlanmasına özü qəsdən şərait yaratmışdır. Belə ki, Heydəri adlı bir müəllif Dağıstandan-Petrovskidən “Əkinçi”yə yazırdı ki, şəhər əhlindən bilikli bir adam ondan bir məsələyə aydınlıq gətirməsini istəyib: “..sizin peyğəmbər Məhəmmədü Mustafa buyurmuş: elmlər iki növdür: bədənlərə aid olan elm və dinlərə aid olan elm. Ağıl da iki növdür: məişətə aid olan ağıl və axirətə aid olan ağıl. Mənə bəyan elə görüm ki, o həzrətin mənzuru bu kəlamda nə imiş. Mən öz qüvvəm qədər əqli və nəqli sözlərdən o qədər ki, bilirdim o şəxsin cavabında dedim. O şəxs mötəbər dəlillər ilə mənim sözlərimi rədd edib dedi ki, müsəlman din və məad elmi behşt və huri qılman ümudi ilə yaxşı bilirlər, amma məaşi-əqli və bədən elmi ki, onlardan ləfzən və mənən sibqəti var, bilmərrə əllərindən verib və heç bir şey. Bu iki lazım olan zaddan bilmirlər. Çün mən maleysə ləkə bihi elmün (sənin ondan xəbərin yoxdur) babətindən məəttəl qalıb və mülzəm oldum buna görə “Əkinçi” qəzetinin inşa edəndən iltimas edirəm ki, öz qəzetində isteanət üçün bizim milləti qardaşlarmızdan xahişi-cavab eləsin ki, elmi-əbdan və əqli-məaş şərhində bir müəyyən cavab yazsınlar ki, mən o şəxsi sakit edib cavabını verim”. Əslində Zərdabinin burada başlıca məqsədi həmin dövr¬də dini elmlərlə yanaşı, dünyəvi elmlərin də öyrənilməsinin vacibliyini göstərmək və millətini cəhalət yuxusundan oyatmaq olmuşdur. Zərdabi bu məsələni gündəmə gətirmək üçün özü də müsəlman alimlərinə sual edirdi ki, bəs, bu dünyəvi və dini elmləri kimdən və necə öyrənmək lazımdır: «Çünki bizim peyğəmbərimiz müsəlmanlara elmül-əbdanı (dünyəvi elmlər – F.Ə.) təhsil etməyə hökm edib və ona görə də bizlərə vacibdir ki, o elmləri təhsil edək, onları kimdən öyrənək? Və əgər bir xaricə elmül-əbdandan xəbərdar ola, ondan o elmləri öyrənmək olurmu ya elmül-ədyan (dini elmlər – F.Ə.) oxudan gərək bizlərə elmül-əbdanı da oxutsun?». Təkcə «Əkinçi» qəzetində başlayan dünyəvi elmlər və dini elmlər problemi, öz miqyasına görə milli fəlsəfəmizin yenidən təşəkkülü prosesində çox mühüm bir hadisə idi. Qafqaz müsəlmanları ilk dəfə millət və onun inkişafı ilə bağlı olan bir məsələnin açıq müzakirəsinə başlamışdı, bir-birinə həcv, nəzirə, mədhiyyə yazanlar şeir-qəzəl məclislərindən kənara çıxmışdılar. Bu baxımdan «Əkinçi»də millətin oyanışı və inkişafı naminə dini və dünyəvi elmlərdən hansının vacibliyi məsələsini meydana çıxması təsadüfi deyil, əksinə zərurətdən irəli gəlmişdi. Bu mübahisədə iştirak edən ziyalılar – H.Zərdabi, Əhməd Hüseynzadə, Ə.Heydəri, M.F.Axundzadə, S.Ə.Şirvani, M.M.Nəvvab və başqaları millətin inkişafında daha çox dünyəvi elmlərin vacibliyini irəli sürsələr də, müəyyən qədər dini elmlərin rolunu qeyd edənlər də az deyildi.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
↧
February 2, 2019, 1:53 am
QORİ MÜƏLLİMLƏR SEMİNARİYASININ MƏZUNU
Xalqımız tarixin müxtəlif dövrlərində görkəmli şəxsiyyətləri, müdrik ziyalıları, elm, maarif xadimləri ilə tanınmışdır. Ölkəmizin ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış bu tarixi şəxsiyyətlərin, ziyalıların ömür yolu bugünki nəsil üçün örnək sayıla bilər. Azərbaycan xalq təhsilinin inkişafında qırx il əvəzsiz xidmətlər göstərmiş Haqqı Abdulla oğlu Əfəndiyevin adı dəyərli ziyalılar sırasında çəkilir.
Haqqı Əfəndiyev 1894-cü ildə Şuşa qəzasının Ətyeməzli (indiki Ağdam rayonunun Ətyeməzli kəndi) kəndində anadan olmuşdur. Atası Molla Abdulla, babası Molla Məhəmməd Qarabağın tanınmış din xadimlərindən sayılmışlar.
Haqqı Əfəndiyev 1919-cu ildə Zaqafqaziyada Qori Müəllimlər Seminariyasını bitirmişdir.
Haqqı Əfəndiyev pedaqoji fəaliyyətə 1919-cu ilin payızında Cavanşir qəzasının Xanqaraqoyunlu (indiki Bərdə rayonunun Xanqaraqoyunlu kəndi) kəndində başlamışdır. Tanınmış maarif xadiminin xatirələrinə istinadən kənddə dərs keçmək üçün müvafiq otaq, oxumaq üçün dərslik yox idi. 15 nəfər şagirddən ibarət bu təhsil ocağında dərslər qamışdan hörülüb suvanmış daxmada keçirilmişdir. Xanqaraqoyunlu kəndində 1919-cu ildə açılmış yeni tipli məktəbdə dərslərin keçirilməsi, təşkilatçılıq Haqqı Əfəndiyevin adı ilə bağlıdır.
Haqqı Əfəndiyev Şuşa qəzasının Xındırıstan (indiki Ağdam rayonunun Xındırıstan kəndi) kəndində 1920-ci ilin yazında yeni açılmış məktəbdə dərs deyəndə 80 nəfər şagirddən 15 nəfəri qız olmuşdur. Xındırıstan kəndində 1920-cu ildə ilk dəfə açılmış yeni tipli məktəbdə dərslərin keçirilməsi, təşkilatçılıq Haqqı Əfəndiyevin adı ilə bağlıdır.
Haqqı Əfəndiyev Ağdam rayonunun Ətyeməzli, Sarıcalı və bir neçə kəndində yeni tipli məktəblərin açılmasında yaxından iştirak etmişdir. Boyəhmədli kənd orta məktəbinin direktoru, Şıxavənd kənd orta məktəbinin direktoru vəzifəsində işləmişdir.
Haqqı Əfəndiyev Sarıcalı, Xındırıstan, Çəmənli, Ətyeməzli, Boyəhmədli kəndlərində yaşlılar üçün açılmış savad kurslarında da dərs demişdir.
Haqqı Əfəndiyev “Qırmızı Əmək Bayrağı” ordeni, “Lenin ordeni” və “Almaniya üzərində qələbə” medalı ilə təltif edilmişdir.
Haqqı Əfəndiyev 1960-cı ildə Azərbaycan SSR Maarif Nazirliyi və MAMEİİHİ Azərbaycan respublika komitəsinin Fəxri fərmanına layiq görülmüşdür.
Haqqı Əfəndiyev ömrünün 40 ilini gənc nəslin təlim-tərbiyəsinə, maariflənməsinə həsr etmiş, 65 yaşında təqaüdə çıxmışdır.
Haqqı Əfəndiyev 1967-ci ildə, 73 yaşında dünyasını dəyişmişdir.
Bu il xalq təhsilinin inkişafında əvəzsiz xidmətlər göstərmiş Haqqı Əfəndiyevin anadan olmasının 125 illik yubileyi tamam olur. Tanınmış maarif xadiminin həyatı, pedaqoji fəaliyyəti tədqiq edildikcə onun xidmətləri haqqında daha aydın, daha dolğun təsəv¬vür yaranacaqdır.
Orxan Zakiroğlu (Baharlı)
Məqalə “Ağdamda təhsil (1883-1993)” (I kitab, Bakı, 2018) adlı monoqrafiyam əsasında hazırlanmışdır.____________________________________________________________________________________________________________
↧
↧
February 2, 2019, 12:41 pm
Zərdabinin fəlsəfi görüşlərinə gəlincə, bu daha çox öz əksini təfəkkürün varlığa, ruhun təbiətə münasibətində tapmışdır. O, kainatın yaranışı, Günəş və Ayın tutulması ilə bağlı formalaşımış dini mövhumat və dini xurafatı tənqid edərkən özünəməxsus şərhlər də vermişdir.
Məsələn, Zərdabi də hesab edir ki, Günəş birdən-birə deyil təkamül yolu ilə materiyanı əhatə edən dumanlıqdan ortaya çıxmışdır. O, Günəş sisteminin ortaya çıxması ilə bağlı “Yeni ulduzlar” məqaləsində yazırdı: “Ehtimal ki, elə bir il, hətta elə bir gün olmur ki, ucsuz-bucaqsız kainatın hər hansı bir nöqtəsində günəşlər öz aralarında toqquşaraq, planetləri ilə birlikdə közərmiş kütlələrə çevrilməsin. Bu zaman onların yerində son dərəcə böyük dumanlıq əmələ gəlir ki, Laplasın məşhur fərziyyəsinə görə, bu dumanlıqdan yeni planet sistemi inkişaf edəcəkdir”. O, Günəş sistemi kimi, Yer kürəsinin yaranmasını da təkamül əsasında izah etmiş və onun öz qanunları ilə idarə olunduğuna inanmışdır. Ona görə, Yer kürəsi milyon illər nəticəsində indiki halına gəlib çıxmışdır: “Elmə və hükəmanın əqidəsinə görə Küreyi-ərz əmələ gələndə artıq istidən ərimiş şeylərdən mürəkkəb imiş. Çünki belə su kimi havada olanda kürə olub və kürə fəzada, yəni dünyaları əhatə edən boşluqda dövr edən zaman bu boşluğun mürur ilə soyuyub üzü qabıq bağlamış... Küreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə də 10-20 milyon ildən də ziyadədir. Ona görə bu zamanda qoca Yerin üzündə xeyli təğyir və təbəddülat vaqe olmuşdur... Yer üzündə olan hər bir qatın ömrünü, yəni o qat əmələ gələn zəmanənin uzunluğunu mülahizə edəndə məlum olur ki, bizim Küreyi-ərz çox qədimdir”. Eyni zamanda, o, materiyanı vahid vücud kimi görmüş, yəni maddi və mənəvi olanların bütünlüyündən çıxış etmişdir. Zərdabiyə görə, materiyada baş verən bütün hadisələr bir-birilə bağlıdır. Ancaq bu bağlılıq Günəş sistemi ilə əlaqədardır, ulduzların düzülüşünə görə deyil. Bir sözlə, bütün kainat vəhdətdədir, ancaq bu vəhdət Ay və ulduzların Yer kürəsinə təsirindən çox Günəş sisteminin tərkib hissəsi olmağına aiddir. Zərdabi yazır: “Bir vaxt insanlar inanmışlar ki, səma cisimləri Yer üzündə həyatın gedişinə bilavasitə təsir edir. Göy cisimlərinin bu təsirilə məşğul olan ayrıca bir elm-astrologiya mövcud idi. Şahzadə nisbət ailələrin bu və ya başqa üzvü dünyaya gələrkən bu elmin xadimləri çağırılardı ki, onlar da göy cisimlərinin bir-birinə nisbətən düzülüşlərini müşahidə edərək yeni doğulmuş uşağın taleyi haqqında nəticə çıxarardılar. Buradan da belə bir məsəl meydana gəlmişdir: filankəs xoşbəxt ulduz altında doğulmuşdur. Lakin dəqiq elmlər astrologiyanı puça çıxartdı: elm Yer üzərində həyati hadisələrin Günəş yaydığı istidən və işıqdan asılılığını sübut edib, digər səma cisimlərinin təsirini kənar etdi və beləliklə, astrologiyanı dəfn edərək bütün Yer üzərində yaşayanlar üçün ümumi qanun olduğunu müəyyən etdi”. Ancaq Zərdabi onu da istisna etmir ki, Günəş, Ay və Yerdə baş verən hadisələr arasında bağlılıq vardır. Belə ki, Günəş və Ayın təsirindən Yer kürəsində dənizlər qalxır, sel daşqınları olur. O yazır: “Küreyi-ərz, Ay, Gün və qeyr ulduzların bir-birlərini ahənrüba kimi çəkib dövr etməgi məlumdur. Ulduzlar Küreyi-ərzdən çoz uzaq olduqlarına onların Küreyi-ərzə gücü də azdır. Amma Ay və Gün Küreyi-ərzə yaxındır və gücləri də artıqdır. Onların gücündən Yer üzündə olan hava və su qismi şeylər qalxıb hündür olur. Ay və Gün Yerin üzdəki şeyləri hərə bir tərəfə çəkdiyi vəqtdə o şeylər az qalxır, amma ikisi də bir tərəfə çəkəndə artıq qalxır”. Zərdabi “Ayın fazalarının Yer üzərində üzvi həyata təsiri” məqaləsində isə yazır ki, Yer kürəsi və Ay arasında xüsusilə əlaqə vardır: “Budur 20-ci əsrin ərəfəsində yenidən belə bir sual meydana gəlir: axı, bəlkə də yer üzərində həyat həqiqətən göy cisimlərinin təsirindən tamam azad deyildir. Amma belə şübhə ancaq Ayın üzvi həyata təsiri haqqında yaranmışdır, yəni Ayın öz orbiti üzrə hərəkətinin bioloji əhəmiyyəti bütün elm xadimlərinin diqqətini özünə cəlb etmişdir”. İ.Rüstəmov hesab edir ki, Zərdabi Günəş sisteminin müxtəlif planetləri arasındakı əlaqə və asılılıqdan mühüm materialist nəticələr çıxarmışdır: “Zərdabi Günəş və Ayın tutulması hadisəsinin Günəş, Ay və Yerin bir-biri ilə qarşılıqlı əlaqəsi və hərəkət qanunları ilə izah edir. O, Günəş sisteminin bu üç böyük üzvünün hərəkət və inkişaf qanunauyğunluqları haqda elmi nəticələrə əsaslanaraq, mövhumatın güclü olduğu bir şəraitdə Ay və Gün tutulmasının ilahi mahiyyəti haqqında uzun müddət şüurlarda kök salmış yanlış təsəvvürlərə zərbə endirir və bu barədə maraqlı mülahizələr söyləyir”. Şüuru materiyanın məhsulu kimi, materiyadan sonra yaranmasına inanan Zərdabinin fikrincə, “şüur, hər cür üzvi materiyanın deyil, yüksək dərəcədə təkmilləşmiş canlı materiyanın, insan beyninin məhsuludur”. O, yazır: “İnsanın hər bir hərəkəti və fikir dərəcatı beyin ilədir və beyin başda və beldə olur və oradan bədənin hər tərəfinə damarları gedir. Necə ki bir maşının hər bir puçi və digircəyi o maşın üçün lazımdır və onsuz maşın işləməz, habelə bədənin hər bir əzası ona lazımdır, onsuz bədən iş görməz, yəni tələf olur”. Zərdabiyə görə, insan təbiətin məhsulu olduğu üçün, ona məxsus olan şüur ya da beyin onunla birlikdə təkamül prosesi nəticəsində meydana çıxmışdır. Bir sözlə, bu məsələni də daha çox materialistcəsinə izah edən Zərdabinin fikrincə, əvvəlcə cansız materiya, daha sonra şüursuz olan canlı materiya və sonunda da şüurlu canlı materiya təşəkkül tapmışdır. Zərdabi yazır: “Yer üzərində əvvəl nəbatat və heyvanat əmələ gəlmiş... və axırda insan dünyaya gəlmiş, çünki axırıncı qatın üstə insan və onun kəmiklərinin, ya bir qeyri hissənin şəkli tapılır, ondan irəli əmələ gələn qatların içində insandan heç bir əsər yoxdur”. “Elmi-heyvanatdan” adlı məqaləsində isə o, yazır ki, bitkilər, heyvanlar və insanlar bir mənşədən törəmişlər. Xüsusilə, heyvanlarla insanlar arasında ümumi oxşarlıqlar vardır. Zərdabi yazır: “İnsanın bədəninin üzvlərindən danışan vəqtdə arabir deyirik ki, filan heyvanın filan üzvünə bax. Həqiqət, insan da qeyr heyvanların birisidir... İnsan yemək-içməkdə, nəfəs almaqda, doğub-törəməkdə və qeyridə heyvandır və heyvanlar zümrəsinə daxildir”. Ancaq ümumi mənşə etibarilə insanlar heyvanlar aləminə daxil olsalar da, şüur sahibi olmaqlarına və əmək alətlərindən istifadə etmək bacarıqlarına görə, digər canlılardan fərqlənirlər. Xüsusilə, insanın şüurunun meydana gəlməsi nəticəsində, yəni əqlinə görə digər canlılardan fərqli duruma düşmüşlər. Bunu, hələ qədim filosoflar təsdiq edərək yazıblar ki, insan da heyvandır, yalnız əqli olduğuna görə heyvanların padşahıdır. Zərdabi yazır: “İnsan və heyvanların padşahı olmağı xüsusunda deyirmişlər ki, insanın bədəni çılpaq olduğuna heyvanın bədənindən zəifdir, amma insan ağıl ilə parça toxuyub, öz üryan bədəninə paltar tikmək ilə və təmirat bina edib özünü havanın dəyişilməyindən mühafizə etmək ilə öz zəif bədənini heyvandan yaxşı saxlayır. İnsanın iti dişi, dırnağı, buynuzu yoxdur, amma ağıl ilə insan ox, bıçaq və qeyr alət qayırıb, heyvanatın diş və dırnağından özünü mhafizə edir. İnsanın bədəni düz durmaq səbəbinə onun üçün çabuqluq, yəni yeyin yürümək mümkün deyil, amma at, eşşək və qeyr heyvanları tutub, öyrədib handa bir yeyin heyvana faiq gəlir. Xülasə, insan ağlı artıq olmaq səbəbinə hər bir heyvanata faiq gəlir. Pəs insan heyvanların padşahıdır”. Zərdabi belə bir qənaətə gəlir ki, insanda təkamül nəticə¬sində ortaya çıxan şüur materiyanın inkişafının ən ali mərhələsidir. Zərdabiyə həsr etdiyi moqrafiyasında onun şüura olan münasibətini şərh edən prof. İzzət Rüstəmova görə, o, nə idealist¬lər kimi şüuru qeyri-maddi substansiya olan “ruhun” məhsulu hesab etmiş, nə də şüuru materiyanın forması, üzvi materiyanın məhsulu kimi görmüşdür: “Zərdabi hər iki nöqteyi-nəzərin əsassız olduğunu göstərərək, konkret surətdə sübut edir ki, şüur nə materiyanın bir formasıdır, nə də hər cür üzvi materiyanın məh¬su¬lu¬dur. Şüur psixi fəaliyyətin yüksək forması olmaq etibarilə üzvi materiyanın inkişafının çox yüksək məhsulu kimi meydana gəl¬midşir. Şüur materiyanın bir forması deyil, onun inikasıdır”. Şüurun əmələ gəlməsi, beyin və şüura aid məsələləri izah edərkən Zərdabi yazırdı ki, beyinlə şüurun qarşılıqlı əlaqədə olması şübhəsizdir. Çünki insan beynində baş verən xəstəliklər insanın şüurunda öz təsirini göstərir. Deməli, insanın şüuru xarici aləmlə birbaşa bağlıdır. Məsələn, bədən tələf olanda, şüur da yox olur, yaxud da bədən hansısa maddələr qəbul edəndə şüur da dumanlanır. Zərdabi yazır: “Pəs bizim müsəlmanların tiryək atan, bəng yeyən, şərab içən kəsləri, siz adət elədiyiniz şeylər zəhər imişlər, onlar sizin beyninizi tələf edib, sizi fota verir”. Deməli, insan beyninin ən yüksək forması olan şüur daha çox üzvi materiya ilə bağlı olub onun ən ali səviyyəsini təşkil edir ki, burada əməyin də müəyyən rolu olmuşdur. İnsan idrakının ya da təfəkkürünün xarici aləmi hansı şəkildə dərk etməsi ya da dərk edə bilməməsi məsələsinə gəlincə, Zərdabi hesab edirdi ki, insan şüuru dünyanın dərk olunmasına qadirdir. Çünki ən ali şüura malik olan dünyanı dərk etdiyi üçündür ki, insan müxtəlif elmlər bina edib hər cür kəşflərə nail olurlar. O yazır: “Hərgah diqqət ilə mülahizə edəsən, aşkar olur ki, insan nə ki heyvanata, tamam dünyaya malikdir. Ağıl ilə hər bir şeyin səbəbini axtarıb və bu tövr ilə elmlər bina edib. Su ilə maşınlar, külək ilə dəyirman, su buğu ilə atəş ərradəsi, gəmisi və qeyrə işlədib, hətta göydə olan günün istisi ilə maşınlar bina edir. Pəs ağıl və elm ilə insan tamam dünyanı təsərrüf edə bilir”. Zərdabi hesab edirdi ki, ətraf aləmə aid predmet və hadisələr olmasa idi, o zaman insan idrakı da bir işə yaramazdı. Deməli, isan idrakının əsas obyekti ətraf aləmdir ki, məhz onun sayəsində insan şüurunda müxtəlif hislər, yəni duyğu, təsəvvür, qavrayış, mühakimə, anlayış yaranır. O, “Həvasi-xəmsə” məqaləsində yazır: “İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi-xəmsə (5 duyğu orqanı) vasitəsilə dərk edir. Həvasi-xəmsənin əvvəlincisi qüvveyi-bəsirədir ki, gözlərin vasitəsilə, ikimincisi, qüvveyi-samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü, qüvveyi-şammədir ki, burun vasitəsilə, dördüncüsü, qüvveyi-zaiqədir ki, dil vasitəsilə və beşincisi, qüvveyi-lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olunurlar”. Zərdabiyə görə, ətraf aləmin dərki məsələsində nəzəri təfəkkürlə faktlar bir-birini tamamlamalıdır. Yəni insan gözü ilə arzuladğı bir şeyin müqabilində, yalnız konkret bir əşyanı görür və digər əşyalara diqqət etmir. Zərdabi yazır: “Göz onun qabağında olan şeylərin hamısını görməyir. Məhz o şeyi görür, hansını ki, görmək istəyir... baxan adam bircə baxdığı şeyi, yəni o şeyi ki, onun surəti beyin pərdəsinin üstə açıq düşübdür, görür. Məsələn, bir adam üzündə rübənd bir şeyə baxanda, tək o şeyi görür, rubəndin saplarını görməyir və əgər rubəndin saplarını görmək istəsə və ona baxsa, o qeyr şeyləri görməyir”. Zərdabi başqa bir məqaləsində də göstərir ki, bədənin bir yerinə bir iynə batanda insanda hər hansı reaksiya baş verir. Yəni insan bədəninə batmış iynə nəticəsində beynində ona reaksiya verərək, buna qarşı bir vəziyyət alır. Çünki bədənlə baş beyin arasında əlaqə vardır ki, bunun da nəticəsində insan duyğulanır, ağrı hiss edir, iyiləri seçir.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
↧
February 5, 2019, 1:12 pm
Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Müsavat Partiyasının qurucularından Abbasqulu Kazımzadənin məzarı tapılıb.
Bu barədə Teleqraf.com-a Dilqəm Əhməd məlumat verib.
D.Əhməd bildirdi ki, məzar yerini internet üzərindən tapıb: “Professor Ədalət Tahirzadə bu məzarı tapmağımı istəmişdi. Mən də neçə müddətdir axtarırdım. Ankarada çap olunan “Azərbaycan” jurnalında məzarın bu şəhərdə olduğu qeyd olunmuşdu. Amma məzarlığın adı qeyd olunmamışdı. Mən indiyə qədər Abbasqulu Kazımzadə ad-soyadı ilə axtarırdım, amma daha sonra Türkiyədə qəbul etdiyi soyadla axtarmağın daha doğru olacağını başa düşdüm. Ankara bələdiyyəsinin saytında məzarlıqlarla bağlı bölüm var, orada Abbas İldeniz yazdıqda bu adda məzarın olduğu çıxdı. Ölüm tarixi və ata adı da uyğun gəldiyinə görə əmin oldum ki, məzar Abbasqulu Kazımzadəyə aiddir. Bu məqsədlə Ankaraya yola düşdüm. Bugün Əsri məzarlığına gedərək məzarı tapdım”.
D.Əhməd bildirib ki, məzar baxımsız haldadır: “Mən Bakıda Abbasqulu Kazımzadənin nəvəsi Nərminə xanımla da görüşmüşdüm. O, mənə demişdi ki, anamın ən böyük arzusu atasının məzarını ziyarət etmək olub. Təəssüf ki, qismət olmayıb. Məzarlıq uzun zamandır ziyarət olunmadığına görə baxımsız halda qalıb. Üzərindəki yazılar çətinliklə oxunur. Biz bu bu şəkildə oxuya bildik: Abbasqulu Kazımzadə İldəniz. Milli Azərbaycan Cümhuriyyəti məbuslarından”.
Abbasqulu Kazımzadənin fəaliyyətinə gəldikdə isə D.Əhməd bunları söylədi: “Abbasqulu Kazımzadə 1882-ci ildə Bakının Maştağa kəndində doğulub. İlk təhsilini mollaxanada alıb, sonralar üçüncü rus-türk məktəbində oxuyub. 1904-cü ildə çar hökuməti tərəfindən həbs edilib. Bu dövrlərdə onun indiki İstiqlaliyyət küçəsində, Sabirin heykəlinin qarşı tərəfində kitab-dəftər mağazası vardı. Bu mağaza həm də gizli yığıncaq yeri idi. 1911-ci il mayın 15-də Abbasqulu bəy pantürkist ideyaları yaymaqda təqsirləndirilərək yenidən tutulub, həmin ilin iyulun 14-də azad edilib. 1911-ci ilin oktyabrında isə Bakıda Məhəmmədəli Rəsulzadə, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə Müsavatı Partiyasını yaradıblar. Cümhuriyyət dönəmində, 1918-ci il oktyabrın 7-də Bakı qubernatoru müavininin icazəsi ilə Kazımzadənin rəhbərliyi altında “Türk ocağı” adlı mədəni-maarif cəmiyyəti yaradılıb. 1918-ci il dekabrın 7-də Azərbaycan Parlamenti formalaşdıqdan sonra o, Bakıdan millət vəkili seçilib. Cümhuriyyətin işğalından sonra mühacirətə gedib, İstanbulda dolanışıq üçün yenidən dəftərxana mağazası açıb. Bir müddət Polşada yaşayıb. Ölənədək Məhəmmədəmin Rəsulzadənin ən sadiq silahdaşı olub. 1947-ci ildə Ankarada vəfat edib”.
Abbasqulu Kazımzadənin Rəsulzadə ilə birlikdə çəkilən fotoşəkillərini və məzarının görüntülərini təqdim edirik: ![Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO]()
![Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO]()
![Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO Cümhuriyyət deputatının məzarı tapıldı – FOTO]()
Karabakhmedia.az_________________________________________________________________________________________________________
↧
III YAZIProfessor İzzət Rüstəmov müasiri olduğu bir neçə görkəmli filosoflar haqqında da məqalələr yazmışdır. “Cəmil Əhmədli haqqında düşünərkən” adlı məqaləsində Cəmil müəllimin həyatı və yaradıcılığı haqqında qısa məlumat verərək yazır: “Bir filosof kimi Cəmil haqqında təəssüratlarım o qədər geniş və zəngindir ki, bütün bunları qısa bir yazıda əhatə etməyə çətinlik çəkirəm. Ona görə də Cəmili görkəmli filosof kimi səciyyələndirən məqamların bəzilərini nəzərə çatdırmaq istərdim.
Cəmil çox mükəmməl bir fəlsəfi məktəb keçmiş, Moskvada aspiranturada oxumuş, sonralar böyük oxusu kütləsi tərəfindən maraqla qarşılanan əsərlər yazmış, kitablar nəşr etdirmişdir. Onun “ Materialist dialektikanın qanun kateqoriyası” adlı iri monoqrafik əsəri, “ Materialist dialektikanın əsas qanunları” kitabı xeyli əvvəl çap olunmasına baxmayaraq, indinin özündə də qiymətli məxəz olaraq qalır və sevilə-sevilə oxunur.
Cəmil çox güclü məntiqi təfəkkürə, dərin fəlsəfi təhlil qabiliyyətilə aşılanmış düşüncə tərzinə malikdir. Bir çox hallarda çox geniş şərh tələb edən problemləri olduqca yığcam təhlil etmək aydın şəkildə Cəmil təfəkkürünü atributu hesab oluna bilər. Cəmil Əhmədli uzun illər dialektika problemlərinin tədqiqi ilə məşğul olmuşdur. Lakin onun fəlsəfi yaradıcılığının son dövrə qədər gəlib çatan mərhələsini də nəzərə alsaq, görərik ki, Cəmilin yaradıcılıq palitrası olduqca geniş və zəngindir.
Cəmilin elmi rəhbərliyi ilə çoxlu sayda fəlsəfi kadrlar yetişmişdir. Cəmil çox istedadlı elm təşkilatçısıdır. Cəmil yaxşı pedaqoq və məharətli natiqdir, elmi diskussiyalarda çox prinsipial və kəskindir. O, mənalı bir ömür sürmüşdür, cəmiyyətimizə, xalqımıza şərəflə xidmət etmiş və indi də etməkdədir”.
“Görkəmli filosof, mahir elm təşkilatçısı, nəcib insan” adlı məqaləsi görkəmli alim-filosof, akademik Firidun Köçərlinin yaradıcılıq bioqrafiyasının bəzi məqamlarının şərhinə həsr edilmişdir. İftixar hissilə qeyd edir ki, XX əsrdə Azərbaycan mənəvi mədəniyyətinin , xalqımızın ictimai-siyasi , fəlsəfi fikrinin inkişafında misilsiz xidmətləri olan böyük bir şəxsiyyətdir.
Firidun Köçərli elə nadir, işıqlı şəxsiyyətlərdən idi ki, əli qələm tutandan ta ömrünün sonunacan yorulmaq bilmədən Azərbaycanda fəlsəfənin , ictimai-siyasi fikrin inkişafı, həmçinin fəlsəfə üzrə kadrlar yetişdirilməsi sahəsində fədakarlıqla çalışmışdır. Bu zəhmət bəhərsiz qalmadı. İndi respublikamızda adlı-sanlı filosofların, elmlər namizədləri, elmlər doktorları və professorların böyük bir nəsli yetişmişdir ki, onlar da Firidun müəllimi xüsusi səmimiyyətlə, iftixar hissi ilə yad edirlər.
İzzət müəllim Firidun Köçərlinin şəxsiyyətindən, ictimai-siyasi fəaliyyətindən, xüsusən fəlsəfi yaradıcılığından geniş söhbət açır. Yeri gəldikcə, oxucular üçün daha maraqlı görünən məqamları qeyd edərək göstərir ki, Firidun Köçərli gprkəmli alim kimi fəlsəfənin bir çox sahələrində dərin biliyə malik idi. Lakin onun elmi axtarışlarının mərkəzində Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixinin aktual problemlərinin tədqiqi dururdu.
Onun M.F Axundov, N.Nərimanov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə haqqında yazdığı sanballı əsərlər bu gün də dəyərli elmi nümunələr kimi qiymətləndirilir. Bu əsərlərdə onun irəli sürdüyü elmi müddəalar və konseptual prinsiplər Azərbaycan ictimai-siyasi və fəlsəfi fikir tarixinin tədqiqatçıları üçün elmi-nəzəri bazadır, örnəkdir.
İzzət müəllim bu məqalələrdə həm də özü ilə Firidun müəllim arasındakı münasibətlərə, qohumluq əlaqələrinə, bir sıra ailə-məişət məsələlərinə də geniş yer verir. Lakin əsas diqqəti Firidun Köçərlinin fəlsəfə sahəsindəki fədakarlığına və bu fədakarlığın dövlət tərəfindən üyksək qiymətləndirilməsinə yönəldir. Firidun müəllimin “ Üzeyir Hacıbəyovun ictimai-siyasi görüşləri” adlı əsəri haqqında məlumat verərək bildirir ki, bu əsər Üzeyir bəyi təkcə bir musiqiçi, bəstəkar kimi anlayanların fikirlərində ciddi dəyişikliklərə səbəb oldu.
Əsərin leytmotivi bundan ibarət idi ki, Üzeyir Hacıbəyov həm böyük bəstəkar, həm mahir publisist, görkəmli ictimai-siyasi dövlət xadimi , həm də dərin biliyə malik mütəfəkkir alimdir. Həm də bu əsər Üzeyir Hacıbəyov haqqında ilk qiymətli elmi axtarışlardan biri idi.
İzzət müəllim həmkarları olan fəlsəfə elmləri doktoru, professor Həsən Şirəliyev və fəlsəfə elmləri doktoru , professor, Əməkdar Elm Xadimi Çamal Mustafayev haqqında da məqalələr yazmışdır. Həmin məqalələrdə İzzət müəllim bu filosofların fəlsəfi yaradıcılıqlarından, fəlsəfə fənninin tədrisi və təbliği sahəsindəki fəaliyyətlərindən söhbət açır.
Professor İzzət Rüstəmovun 18 dekabr 2010-cu ildə “Fəlsəfə günü” ilə əlaqədar “Dəyirmi masa”da müasir dövrümüzdə qloballaşan dünyada fəlsəfəyə münasibətdə soyuqluğun yaranmasına, onun seçmə kurslar sırasına daxil edilməsinə, fəlsəfənin tədrisinə ayrılmış saatların azaldılmasına və sairəy qarşı etirazını bildirən çıxışı çox maraqlıdır. O, çıxışına bu sözlərlə başlayır: “Hörmətli həmkarlarımızın fikirlərinə qoşularaq deməliyəm ki, həqiqətən də müasir zəmanə ciddi surətdə dəyişmişdir. Qloballaşmanın günün prosesinə çevrildiyi, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, elektron cəmiyyətinin yaradılması zərurətinin irəli sürüldüyü bir vaxtda fəlsəfənin başa düşülməsini köhnə ənənələr çərçivəsində saxlamaq olmaz.
Buna görə də fəlsəfə, fəlsəfi təfəkkür əvvəlki təsəvvürlərimiz çərçivəsində donub qala bilməz. Müxtəlif dövrlərin fəlsəfi biliklər xəzinəsini zənginləşdirmiş bu və ya digər görkəmli filosofun əsərlərini əzbərləyib, onlardan sitatlar gətirməklə kifayətlənmək olmaz. Müasir elmin inkişafı konteksində fəlsəfi postulat və paradiqmaların ciddi təkamülə uğradığını , fəlsəfi anlayış və kateqoriyalara metodoloji yanaşmalarda dövrlə həmahəng səslənən yeni məqamların və təhlillərin meydana gəldiyini nəzərə almamaq olmaz. Maddi ilə mənəvinin münasibəti barədə dönə-dönə təkrar edib əzbərlədiyimiz ümumi müddəaları təkrar etmək necə də bəsit səslənir! Hazırda hər bir qabiliyyəli filosof yaxşı bilir və ya yaxşı bilməyə borcludur ki, məsələ indi heç də belə deyil” .
Bu çıxışında İzzət müəllim bir çox vacib məsələlərə toxunur O, indiki dövrdə materializm və idealizm , materialistlər və idealistlər haqqında təsəvvürlərin ciddi dəyişikliyə uğradığını, vaxtilə tənqid atəşinə tutulan idealist sistemlərdə çoxlu qiymətli ideyaların , fikirlərin də olduğunu etiraf edir və göstərir ki, kommunist rejimində bu filosoflara “burjua filosofu”, “burjua sosioloqu” damğası vuraraq, bir çox dəyərli mütəfəkkirlərin fəlsəfi təlimlərini diqqətdən kənarda saxlayırdıq. Qloballaşan, ciddi dəyişikliklərə məruz qalan müasir dünyada sosial inkişafın başlıca meyillərinin müəyyən edilməsində fəlsəfə, fəlsəfi təfəkkür çox mühüm amilə çevrilmişdir.
Bütün elm sahələri üzrə “fəlsəfə doktoru” anlayışının irəli sürülməsini və bu sahədə “elmi dərəcənin” təsis edilməsini professor İzzət Rüstəmov ürəkdən alqışlayır və bununla qeyri-fəlsəfi elmlər sahəsində fəlsəfəyə olan soyuq münasibətə son qoyulacağına ümidvar olduğunu bildirir. İzzət müəllim çıxışını davam etdirərək, akademik Ramiz Mehdiyevin yaxın günlərdə işıq üzü görmüş “Fəlsəfə”adlı dərs vəsaitinin məziyyətlərindən və istər bu sahənin mütəxəssisləri, istərsə də qeyri-elm sahələrində çalışan mütəxəssislər , habelə geniş oxucu kütləsi üçün olduqca böyük əhəmiyyətindən və faydasından danışır.
Zzət müəllim bu barədə öz fikrini belə verir: “Hörmətli akademik filosoflarımızı haqlı olaraq məzəmmət edir və nəzərə çatdırır: “Ölkəmizdə fəlsəfi fikir bu gün müəyyən böhran keçirir ki, bu böhran vəziyyətinin də əsas səbəbi fəlsəfə sahəsində tədqiqatların sosial praktikadan, bütövlükdə həyatın aktual problemlərindən və tələbatlardan uzaq olmasıdır”.
İzzət Rüstəmov akademik Ramiz Mehdiyevin dərs vəsaitinin respublikamızda fəlsəfə elminin inkişafında, geniş oxucu kütlələrinin bu fənnə maraqlarının artmasında, alimlərin öz işlərini müasir dünyanın tələblərinə uyğun şəkildə quracaqlarında , fəlsəfəyə biganə yanaşma hallarının aradan qalxmasında əvəzsiz rol oynaya biləcəyinə heç bir şübhə etmir. Sonra professor bu dərs vəsaitinin bölmələrini ayrı-ayrılıqda geniş şəkildə təhlil etməyə çalışır.
İzzət müəllim akademik Ramiz Mehdiyevin “Fəlsəfə” dərs vəsaiti haqqında fikrini, rəyini ümumiləşdirərək yazır: “Belə desək yanılmarıq ki, “fəlsəfə nəyimizə lazımdır?” deyən digər konkret elm sahələrinin mütəxəssisləri üçün daha faydalı ola biləcək müddəalar bu bölmədə öz əksini tapmışdır. Çünki müəllif daim bunun qayğısına qalır ki, bütün digər elm sahələri ilə fəlsəfənin münasibətini şərh edərkən, onun ümumnəzəri-metodoloji prinsiplərini önə çəksin.
Haqqında bəhs etdiyimiz bölmədə insan fəlsəfəsi, təbiət fəlsəfəsi, cəmiyyət fəlsəfəsi, tarix fəlsəfəsi kimi yarımfəsillər çox maraqla oxunmaqla yanaşı, istər fəlsəfənin, istərsə də bütövlükdə ictimai və humanitar elmlərin son dövrlərdə əldə etdikləri inkişaf nailiyyətlərinin ümumiləşdirilməsi əsasında yazılmışdır. Kitabda idrak nəzəriyyəsinin, dil, şüur problemlərinin şərhi də diqqətdən kənarda qalmamışdır”.
Professor İzzət Rüstəmov akademik Ramiz Mehdiyevin “Fəlsəfə” dərs vəsaitinin bu günümüz üçün nə qədər əhəmiyyətli olduğunu qeyd edərək göstərir ki, müasir sosial praktikanın dərki baxımından “Mülkiyyət fəlsəfəsi”, “XX əsrin sonu, XX1 əsrin əvvəllərində siyasi proseslərin fəlsəfi mənası “, “Bazar iqtisadiyyatı”, “Bəşər informasiya-texnologiya aləmində” kimi başlıqlar da hadisələrə istər sosial-fəlsəfi, istərsə də sosioloji və politoloji yanaşmaq baxımından şərhin yeniliyi ilə seçilir.
Fəlsəfədə mühüm və böyük mübahisələrə səbəb olan məsələlər içərisində şüur və idrak problemləri xüsusi yer tutur. Təbiətin şah əsəri və bütün canlılar aləminin əşrəfi olan insanla bağlı olan problemlər həmişə ciddi maraq doğurmuşdur. İzzət Rüstəmovun “İdrakda bioloji və sosial amillərin qarşılıqlı əlaqəsi” adlı məqaləsi məhz bu problemə həsr edilmişdir.İzzət müəllim bu məqalədə qeyd edir ki, insanla, onun müxtəlif baxımlardan tədqiqi ilə əlaqədar problemlər həmişə diqqət mərkəzində olmuşdur. Bu problemlər içərisində insanda, onun idrakında bioloji və sosial cəhətlərin qarşılıqlı əlaqəsi məsələsi xüsusilə əhmiyyətli yer tutur. Son dövrlərdə təbiət və cəmiyyətin , insan və təbiətin qarşılıqlı əlaqəsi, təsiri məsələsi istər nəzəri,istərsə də əməli cəhətdən düzgün mübahisə obyektinə çevrilmişdir.
Professor yazır:” Mübahisələrdə daha çox diqqət yetirilən məsələlərdən biri insanın bioloji, sosial və yaxud biososial varlıq olması məsələsidir. İnsan elə bir varlıq, maddi törəmədir ki, onsuz və ondan kənarda cəmiyyətin mövcudluğu mümkün deyildir. Cəmiyyətin varlığı və həyatı insanın varlığı və həyatı ilə bağlıdır. Təbiətin uzun sürən inkişafının məhsulu kimi meydana gələn cəmiyyət isə elə bir spesifiklik qazanır ki, insanın özünün mövcudluğu , yaşaması bu spesifiklikdən kənarda mümkün olmur. Deməli, insan da öz həyatı və varlığı ilə cəmiyyətə bağlıdır, ona borcludur. İnsan ictimai münasibətlərin məcmusudur.”
İctimai varlıq olan insan təbiətdən, özünün bioloji quruluşundan kənarda mövcud ola bilməz, deməli, oun idrakı da bioloji-fizioloji zəmindən kənarda mümkün deyildir. İzzət müəllim göstərir ki, insan idrakında bioloji və sosial cəhətlərin əlaqəsi barədə söhbət açarkən, hər şeydən əvvəl, idrak, dərketmə barədə danışmaq lazımdır. Dərketmə qabiliyyəti təkcə insana məxsus xüsusiyyət deyildir. Demək olar ki, bütün heyvanlar xarici aləmi “dərk edir”, ətraf mühitin dəyişməsinə uyğun olaraq öz hərəkət və yaşayış tərzlərini”tənzimləyir”, bunun sayəsində də mühitə uyğunlaşır., həyatlarını qoruyurlar. Heyvanlarda dərketmə instinktlərlə idarə olunur, kortəbii surətdə baş verir. İnsan idrakı öz mahiyyəti etibarilə nadir, yüksək keyfiyyətli ictimai hadisədir, xarici aləmin, təbii və ictimai mühitin insan beynində fəal, məqsədyönlü, şüurlu inikasıdır.
İdrakın əsasında inikas prosesi durur. İnikas materiyanın bütün formalarına xas olan cəhətdir. Qeyri-üzvi və üzvi təbiətdə , habelə ictimai hadisələrdə inikas özünün müəyyən xüsusiyyətləri ilə fərqlənir. İnsan idrakı xarici aləmin insan beynində heç də sadə, müxaniki inikası, güzgüdə olan inikası deyildir.Burada inikas canlı, subyektiv bir prosesdir. İnikas üçün inikas edən orqanın , “cihazın olması lazımdır. Belə bir cihaz isə insan beynidir, bütövlükdə canlı bir sistem olan insanın özüdür. Professor qeyd edir ki, idrak prosesi hissi idrakdan başlayır. Hissi idrak idrakın çox mühüm və zəruri pilləsidir. İnsan ictimai varlıq olduğundan onun hissi idrakı da ictimai xarakter daşıyır.. Lakin hissi idrakın mexanizmi elədir ki, onu bioloji-fizioloji amillərin təsirindən kənarda götürmək mümkün deyildir.
Müstəqil Ağayev
AMEA Fəlsəfə İnstitutu, Azərbaycan
fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl
Maarif Xadimi
↧